Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuş şəxslərlə görüş keçirilib.
TÜRKSOY kafedrasında keçirilən görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov iştirak ediblər.
Rektor Cəfər Cəfərov yeni qəbul olunmuş doktorant və dissertantları təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, ADPU-da yeniliklər, islahatlar, innovativ layihələr uğurla həyata keçirilir: "Bu islahatlar bütövlükdə ölkəmizdə gedən yeniləşmə, müasirləşmə prosesinin tərkib hissəsidir. Təhsil xalqın, millətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edən sahədir. Təhsil ölkəmizin milli təhlükəsizlik məsələsidir. Təhsil sahəsində insan resursları böyük rol oynayır. Ölkə rəhbərliyi bizim qarşımıza mühüm vəzifələr qoyub. Bu vəzifələrin uğurla həyata keçirilməsində doktorantların və dissertantların qəbulu xüsusi əhəmiyyət kəsb edir. ADPU-nun göstəriciləri sağlam və ədalətli rəqabət mühiti şəraitində ildən-ilə yaxşılaşır. Əsas hədəfimiz ADPU-nun regionun ən güclü universitetlərindən birinə çevrilməsidir. Siz daim öz üzərinizdə ciddi işləməli, əzmlə çalışmalı, Azərbaycanın ümumi inkişaf prosesinə öz töhfələrinizi verməlisiniz".
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul uğurla başa çatıb. Qəbulun nəticələri barədə məlumat verən professor A.Zamanov qeyd edib ki, Planda nəzərdə tutulmuş ixtisaslar üzrə 46 nəfərin sənədi - fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 33 sənəd, dissertanturaya 8 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 sənəd qəbul edilib. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya sənəd təqdim etmiş 1 nəfər sənədlərini geri götürüb.
Sənəd Qəbulu Komissiyasının 28 dekabr 2018-ci il tarixli iclasının qərarına əsasən, 45 nəfər qəbul imtahanlarına və müsahibələrə buraxılıb. İmtahanların və müsahibələrin nəticələri əsasında 10 nəfər fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 5 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 1 nəfər elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.
S.QARAYEVA