|
|
|
|
Rəsul Rzaya çəp baxanlara
İstəsəniz,
sarı, qırmızı qələm tapıb,
Günəş şəkli çəkə bilərsiz,
bağça uşaqları kimi.
Sonra o Günəş
xoşunuza gəlməsə,
qara qələmlə xətləyib,
tikə- tikə edə bilərsiz.
Ancaq dan yerindən
doğan Günəş başqadır-
hələ heç kim
onu qaralaya bilməyib.
Uşaq olmayın-
ağlınız kağız Günəşə getməsin.
17.12.2008
ADİL MİRSEYİDƏ
Bilirəm, səhər- axşam,
qəlbinin dərinliyində,
rahat olmağa
bir yer axtarırsan.
Bəzən sənə elə gəlir ki,
o yeri tapmısan artıq.
Amma hər dəfə də
ruhdan düşürsən-
görürsən ki, bu, sən deyən
o yer deyil.
Yenə təzədən başlayırsan
bu zülmlü işə.
Biləsən: o yeri
tapmayacaqsan heç vaxt.
Çünki rahat olacağın o yer,
hər dəfə tapdığın yerdən
o tərəfdə olacaq.
24.04.2013
Sən Allah, o tərəfə dur,
nə olar, dinmə- danışma,
məndən heç nə soruşma.
Sus, mən eləcə,
bu daşın üstündə sakitcə oturub,
düşünmək istəyirəm.
Sən Allah, mənə söz demə-
ömrümü əlimdən alma!
Nə olar, çıx get,
mən ölmək istəyirəm...
Yox, yox, yalvarıram sənə,
burda yox, get, o tərəflərdə öl!
12.06.13
Heç vaxt olmadığım yerlərin
həsrəti çəkir məni hərdən,
kənddəki doğma evimiz kimi.
Cavanlığımda rast gəlmədiyim,
könül verə bilmədiyim
bir qızın məhəbbəti közərir,
ara-sıra qəlbimin dərinliyində.
Hərdən qulağıma yüz il sonrakı
yağışların, küləklərin səsi gəlir.
Bəzən mənə elə gəlir ki,
ürəyimin uzaq bir küncündən
balaca bir oğlan baxır mənə,
üzü-gözü, elə bil, uşaqlıq şəklimdir.
29.05.2013
Hər Bakıdan gələndə,
xəstə anasına söz verər:
“Gələn dəfə səni mütləq
özümlə aparacam,
yaxşı bir həkimə göstərəcəm”.
Anası da gözlərində gizli kədər,
baxar onun nimdaş paltarına,
rəngi getmiş ayaqqabısına,
ürəyi sıxılar.
Hər dəfə də şəhərə,
anasını yox, onun verdiyi
dolu zənbili aparar.
01.05.2013
Bizim mətbəx ola... gecəyarısı,
Durub çox ehmalca girişəm çaya.
Sonra da, küçədən düşən işıqda,
Göz atam axşamdan qalan yazıya.
Bir də görəm, sanki dünəndən acam...
Pendiri çıxaram soyuducudan.
Sonra da, balaca qızım demişkən,
Pendirlə çörəyi rahatca udam.
Yaxşı bir siqaret yandırıb həmən,
Durub pəncərəni yavaşca açam.
Ürəyim atlanıb coşa sevincdən,
Az qala, ulduzlu göyləri qucam.
Baxam-həyətdəki yaşıl qovaq da,
Elə mənim kimi xoş ovqatdadır.
Pəncələr üstündə keçəm otağa,
Görəm – balalarım sakitcə yatır.
Bir az qulaq verəm nəfəslərinə,
Qəlbimə bir dünya rahatlıq dola.
Düşünəm: “İlahi, min şükr Sənə,
Daha bundan böyük xoşbəxtlik olar?!”
29.06.2013
Yox, bu isti təkcə avqustluq deyil.
İndi mən deyim, siz də bilin:
Avqustu iyulun gözü götürmür;
iyul keçib-getsə də,
həmişə bürküsündən saxlayır avqusta.
Ona görə, nəfəs almaq olmur
bu ayda.
İyul min illərdir bu yolla,
avqustdan yaxşı görünmək istəyir
insanların gözündə.
Min illərdir iyulun ucbatından
zülm çəkir insanlar.
Hamı da elə bilir ki,
avqustdu günahkar.
04.08.2012
“A dağlar, uca dağlar!”
Bu mahnını hər eşidəndə, bir vaxtlar tez-tez getdiyim Şuşa yadıma düşür.
Şuşanın daşı ağlar,
A dağlar, uca dağlar!
Gözümün yaşı ağlar,
A dağlar, uca dağlar!
Xarıbülbül xar oldu,
İşi ahu-zar oldu.
Bayquşlara yar oldu,
A dağlar, uca dağlar!
Dağda dağsız qalmışam,
Bağda bağsız qalmışam,
Mən var- yoxsuz qalmışam,
A dağlar, uca dağlar!
Mən bir ömür sürmürəm,
Heyf, ölə bilmirəm,
Hanı Allah, görmürəm,
A dağlar, uca dağlar?
Sarı bülbülüm susub,
Neynəsin, nə oxusun? –
Oxuyanda qan qusur,
A dağlar, uca dağlar!
İtib dünyanın rəngi,
Səsimizin ahəngi.
Niyə çalınmır “Cəngi”
A dağlar, uca dağlar?
Dərddən şişib ürəyim,
Zəhər olub çörəyim,
Söz qurtarıb, nə deyim?
A dağlar, uca dağlar!
05.07.2013
Acı zəhər qatar şirin yuxuma,
Pəncərəmi döyən küləyin səsi.
Hopar ürəyimə, çökər ruhuma,
Gecələr küləyin soyuq nəfəsi.
Külək xəbər verər, sanki ölümdən,
Dünyadan, taledən üzülər əlim.
Elə bilərəm ki, adım dilində,
Məni soraqlayır bayırda ölüm.
Külək uğuldayar, dam-daşı döyər,
Acıqdan gəmirər dodaqlarını.
Sanki mən əlinə keçmirəm deyə,
Qırar ağacların budaqlarını...
Bir vaxt arzularım çiçəkləyərdi,
Gecələr küləyin uzaq səsində...
Demə ki, yaş gəlib əllini ötdü,
Külək dəyişərmiş insan gözündə...
28.12.2012
Yazıçı dostum
Zakir Sadatlının xatirəsinə
Dumanlı, çiskinli bir gecə,
heç vaxt görmədiyim bir çöldə,
sahilləri yovşandolu bir gölə
bir durna dəstəsi tökülüşər.
Durna səsi suyun səsinə qarışar,
çat düşər nəhayətsiz çölü örtən
sükutun sinəsinə.
Yavaş-yavaş yovşan ətri hopar
durnaların şeh düşmüş belinə...
Zakir, indi gecədir, tək oturmuşam.
İstəyirəm sənə bir şeir yazam.
Otağımda gecənin nəfəsi,
yovşan ətri, durna səsi,
bir də, qaranlıqdakı suyun işartısı...
07.05.2013
Xalan qızının bibisi,
ya da bibinizin baldızı,
dünyasını dəyişə,
doxsanla yüz yaş arasında.
Qəzetlər sənə başsağlığı verə
bir həftə dalbadal.
Hamı görə ki,
nə qədər icra başçısı,
polis rəisi, prokuror dostun var.
Sonra o qəzetləri,
Mirzə Cəlilin təzə tapılan
əlyazmaları kimi dəstəçinləyib
yığasan bir yana.
Qoy gələcək nəsillər bilsin,
bilsin ki, sən, doğrudan da,
böyük adam olmusan.
10.10. 2012
Yolunda hər an ölərəm,
Lazım olsa, sənə görə,
üfüqlərə dəyib gələrəm,
Günəşin ətəyindən sallanıb,
qoymaram batmağa.
Sənə çatmaq üçün
bütün yolları ip kimi
dolayıb biləyimə,
çevirərəm yumağa...
Heç kim səni ala bilməz
əlimdən.
Sənə olan sevgimi görüb,
mənə baş əyər ölüm də.
12.08.2013
Qəribə səsi vardı
Barış Mançonun.
Elə bu səsinə görə
sevirdim onu.
Neçə il əvvəl
dünyadan köçsə də,
elə bilirəm, ölməyib o;
qəbrinin qırağında oturub,
ayaqlarını da aşağı sallayıb,
yenə qəribə səsiylə oxuyur
dərvişə oxşayan kişi.
22.02.2011
ADİL MİRSEYİDƏ
Bir gün Ağdaşda adamlar,
nar ağaclarının sırasında
bir zeytun ağacı görəcəklər.
Hamı təəccüblə baxacaq ona:
“Zeytun hara, Ağdaş hara?”
Heç kim bilməyəcək ki,
zeytun toxumu
sənin kitabından düşüb
bu nar bağına.
12.05. 2013
Hayıf deyil yay...
Səma büllur, günlər uzun,
hər yan dopdolu işıq-
ruhunda azadlıq,asudəlik...
yaşa ki, yaşayasan.
Yoxsa qış...tez- tələsik
çörək yeyən əsgərə oxşayır.
Qış, sanki adamı qovur, tələsdirir:
“Bəsdir daha, yaşamağı qurtar” deyir.
Hayıf deyil yay...
Ən çox sevdiyim qadınla
yayda görüşmək istəmişəm həmişə-
yayda qadın elə bil,
işıq olur başdan- başa.
Yoxsa qış...ya küləyini gördün,
ya da yonulmamış bir adam-
həmişə qaçmaq istəyirsən onlardan.
Qış, elə bil, paxıllıq edir-
dünyanın işığını
insanlardan gizlədir.
Hayıf deyil yay...
Yay- on yeddi yaşında
ağ köynəkdə çəkdirdiyim şəkildir,
əsgərliyimi başa vurub,
təyyarəyə bilet aldığım gündür...
Hələ “Ögey ana”dakı
İsmayılın mahnıları...
Kəndimizin avqustuyla
bəhsə girən anamın ağ samovarı...
Dostlar, yəqin, mən öləndə
gözlərimdə yayın əksi olacaq.
28.11.2012
Düz ol əməlində, düz ol sözündə,
Dünyada düzlükdən gözəl nə var ki?
Bir gün deyəcəksən, Vallah, özün də:
Dünyada düzlükdən gözəl nə var ki?
İnan, sərvət orda, dövlət ordadı,
İnsana ən böyük qiymət ordadı,
Axtarsan, lap belə, cənnət ordadı,
Dünyada düzlükdən gözəl nə var ki?
Düzlükdür ən böyük şöhrət də, şan da,
Səni bəlli edən ad da, nişan da,
İnsan gözəlləşir düz danışanda,
Dünyada düzlükdən gözəl nə var ki?
Əyrinin yolunda çəpərdi düzlük,
Yalan qabağında sipərdi düzlük,
Ürəyə işıqdı, təpərdi düzlük,
Dünyada düzlükdən gözəl nə var ki?
Düz adam gecələr rahat yatırsa,
Yuxusu şipşirin, şəkər dadırsa,
Allah da düzlərin yanındadırsa,
Dünyada düzlükdən gözəl nə var ki?
25.06.2013