|
|
|
|
Görkəmli ərəbşünas alim, Azərbaycanda ərəbşünaslığın və ərəb dili tədrisinin müəssisi, professor Ələsgər Məmmədovun elmi-pedaqoji fəaliyyəti yalnız ölkəmizdə deyil, vətənimizin sərhədlərindən kənarda da maraqla qarşılanıb.
Bu yaxınlarda ictimai və humanitar elmlər sahəsində nüfuzlu nəşriyyat olan "Routledge" tərəfindən nəşr olunmuş "Ərəb dili auditoriyasının konteksti, mətn və öyrənciləri" (The Arabic Classroom Context, Text and Learners) toplusunda mərhum professorumuza da yer ayrılıb, ayrıca bir fəsildə onun elmi-pedaqoji bioqrafiyası və dərslikləri barədə məlumat verilib.
Bakı Dövlət Univesitetinin professoru, Ələsgər Məmmədovun yetişdirməsi Aida Qasımovanın yazdığı fəsil belə adlanır: "Azərbaycanda ərəb dilinin xarici dil kimi öyrənilməsinin tarixi: Professor Ələsgər Məmmədovun dərslikləri. Xüsusi təhlil" (The History of Arabic asa Second Language in Azerbaijan: The Textbooks of Professor Ali Asgar Mammadov, A Case of Study). Burada ölkəmizdə ərəb dilinin öyrənilməi tarixinə qısa bir nəzər salındıqdan sonra Ələsgər Məmmədovun şərəfli həyat yolu və pedaqoji fəaliyyəti barədə məlumat verilir. Məqalədə Ələsgər Məmmədovun otuzdan artıq dərsliyinin elmi-nəzəri və metodik tərəfləri araşdırılır, bu dərsliklərin tələbələrə yalnız dil öyrətməyib, həm də onlara ərəb tarixi, mədəniyyət və ədəbiyyatı barədə məlumat verməsi vurğulanır. Toplunun elmi redaktoru Dyuk (Duke) Universitetinin professoru, Amerikada ərəb dilinin tədrisi sahəsində tanınmış mütəxəssis Mbaye Bəşir Lo-dur. Onu da qeyd edək ki, bu il Ələsgər Məmmədovun 100 illik yubileyi keçiriləcək.