Bakı Biznes Mərkəzində "Miqrasiya könüllüsü" layihəsinin təqdimat mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, 200-ə yaxın gəncin iştirak etdiyi tədbirdə çıxış edən xidmət rəisi Vüsal Hüseynov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, onların inkişafı üçün yaradılan şəraitdən bəhs edib: "Ölkə prezidentinin daim diqqətində olan bu sahədə görülən tədbirlərin başlıca amalı milli-mənəvi dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə düzgün istifadə edilməsidir".
V.Hüseynov qeyd edib ki, layihənin əsas məqsədi gənclərə yeni biliklər və təcrübə əldə etmək, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqdır.
"Miqrasiya Könüllüsü - Sən fərqlisən!" şüarı ilə fəaliyyətə başlayan layihənin ən üstün cəhəti gələcəkdə həmin gənclərin təkcə könüllü kimi yox, həm də layihələrdə idarəedici liderlər kimi formalaşmasına dəstək verməkdir.
Xidmət rəisi bildirib ki, gənclər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcək, əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq, miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək, gələcək karyera üçün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq, beynəlxalq tədbirlərdə iştirak etmək, eləcə də beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olmaq və bu prosesdə iştirak imkanı əldə edəcək, yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq və yeni dostlar qazanacaqlar.
Sonra xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib, "Miqrasiya Könüllüsü- Sən fərqlisən!" layihəsinin təqdimatı edilib, layihənin perspektivləri və qarşıdakı hədəflər barədə məlumat verilib.
Həmçinin, layihə çərçivəsində miqrasiya könüllülərinin "Facebook" səhifəsi istifadəyə verilib.
C.ABASOV