Gəncədə 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Yığıncaqda ötən ilin göstəriciləri və cari ildəki inkişaf perspektivlərinə dair məruzə ilə çıxışında Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, həmçinin, onun Gəncəyə olan diqqət və qayğısı sayəsində son illər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası 2018-ci ildə də qorunub saxlanılıb və inkişaf etdirilib. Şəhər rəhbərinin məruzəsində bu yöndə ətraflı göstəricilər öz əksini tapıb.
Belə ki, 2018-ci ildə Gəncə şəhərində istehsal edilmiş ümumi məhsul özündən əvvəlki illə müqayisədə 3,2 faiz artıb - ümumən 1 milyard 19 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının xüsusi çəkisi şəhərin iqtisadiyyatın dövlət bölməsində 28,5 faiz, qeyri-dövlət bölməsində isə 71,5 faiz təşkil edib. Əhalinin hər bir nəfərinə düşən ümumi daxili məhsulun həcmi 3 min 80 manata bərabər olub ki, bu da, özündən əvvəlki ilə nisbətən 3,7 faiz çoxdur.
2018-ci ilin yanvar-dekabr aylarında ümumi məhsulun 39 faizi sənayedə, 0,3 faizi kənd təsərrüfatında, 23,3 faizi tikintidə, 6,0 faizi nəqliyyatda, 0,5 faizi informasiya və rabitə, 30,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sektorlarında istehsal olunub.
Ümumi daxili məhsulun 62,6 faizi iqtisadiyyatın istehsal, 37,4 faizi isə xidmət sahəsində əldə olunub.
2018-ci ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 376 manat təşkil etməklə 2017-ci illə müqayisədə 9,9 faiz artıb.
2018-ci ildə şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə fəaliyyət göstərən fiziki və hüquqi təsərrüfat subyektləri tərəfindən 399 milyon 912 min manatlıq və özündən əvvəlki illə müqayisədə 14,8 faiz və ya 48 milyon 635 min manat çox sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ötən il 2017-ci illə müqayisədə qida məhsulları istehsalında 15,8 faiz, toxuculuq sənayesində 21,6 faiz, geyim istehsalında 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı fəaliyyətində 17,9 faiz, maşın və avadanlıqlardan başqa, hazır metal məmulatların istehsalında 15,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalında 27,4 dəfə artım müşahidə olunub.
2018-ci ildə istehsal olunan sənaye məhsulunun 386 milyon 291 min manatı və ya 96,6 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2019-cu il tarixə 29 milyon manatdan çox hazır məhsul olmuşdur.
İstehsal olunan sənaye məhsulunun 54 faizi respublika daxilində, 46 faizi Rusiya, Türkiyə, Polşa, Çexiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac olunub.
2018-ci ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 259 milyon 905 min manat vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 92,1 faizi bilavasitə tikinti-quraşdırma işlərində istifadə edilib.
Həmçinin, 2018-ci ildə Gəncə şəhərində vətəndaşların 3 milyon 967 min manat şəxsi vəsaiti hesabına ümumi sahəsi 15 min kvadratmetr, 161 fərdi yaşayış evi tikilib istifadəyə verilib.
O da vurğulanıb ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına dair 2004-2018-ci illəri əhatə edən Dövlət Proqramlarının icrası nəticəsində Gəncə şəhərində 58 min 87 yeni iş yeri, o cümlədən, 2014-2018-ci illərdə 26 min 42 yeni iş yeri yaradılıb ki, onların da 84,1 faizi daimi iş yeridir.
Zakir Muradov
Gəncə