|
|
|
|
Martın 4-də Azərbaycan Dillər Universitetində DAAD-nin (Almaniya Akademik Mübadilə Xidməti) lektoru Mara Liza Gezer və OeAD-nin (Avstriya Akademik Mübadilə Xidməti) lektoru Ştefani Matzerin təşkilatçılığı ilə almanların məşhur Karnavalı təşkil olunub.
Bu karnaval qədim tarixi ənənələrə malik olub Almaniyanın müxtəlif şəhərlərində keçirilir. Qışı qovmaq, təravətli baharın tez gəlməsi arzusuyla qeyd olunan bayramın ən vacib cəhətlərindən biri hər kəsin maraqlı bir obraz, personaj yaratmasıdır. Bu mərasim insanlar tərəfindən “beşinci fəsil” kimi qəbul olunur. Karnaval zamanı fərqli, rəngarəng geyimlər, ənənəvi kostyumlar geyinib, gülməli masqalar taxan adamlar küçələrdə yürüşlər edərək öz obrazlarını hamıya nümayiş etdirirlər. Karnaval günlərlə silsilə şəklində keçirilir, yeddi gün davam edir və hər bir günün özünəməxsus bir adəti olur. Yerinə yetirilən adətlər olduqca maraqlı və əyləncəlidir.
Bunlardan biri də bayramın ilk günü qadınlar tərəfindən kişilərin qalstuklarını kəsmələridir. Əslində bu ənənə simvolik bir mahiyyət daşıyır. Belə ki, qadınlar bununla kişilərin güclərinin onlara keçdiyinə inanırlar. Bir həftə müddətində davam edən bayramda insanlar əylənmək üçün əllərindən gələn “dəliliyi” edirlər. Elə buna görə də bu günlər Almaniyada “Dəlilik günləri” adlanır.
ADU-da bayramın beşinci gününə həsr olunmuş “Rosenmontag”( güllü bazar ertəsi) adlı karnavalda iştirakçılar qədim bayramın ənənələrinə uyğun olaraq müxtəlif kostyum və maskalardan istifadə etmiş, maraqlı personajlar yaratmışdılar. Almandilli müəllim və tələbələrlə yanaşı, məktəblilərin iştirakı karnavala xüsusi bir rəng qatmışdı. Onların hər biri fərqli nağıl və cizgi film qəhrəmanına çevrilmişdi. Üzlərini, saçlarını boyamış şagirdlərə baxdıqca onların məhz həmin nağıl qəhrəmanı olduğuna inanmamaq mümkün deyildi. Karnaval təşkilatçıları bu yaradıcı personajlar arasında “ən maraqlı personajlar” adlı kiçik bir yarış keçirdi və qaliblər mükafatlandırıldı. Təşkilatçılar - Mara Lisa Gezer və Ştefani Matzer olduqca şən əhval-ruhiyyədə əsl karnaval abu-havası yaratmağa nail oldular. Onlar iştirakçılara qoşulub əylənir, zarafatlaşır, müxtəlif milli rəqs hərəkətlərini iştirakçılara öyrədərək rəqslər etdilər. Karnaval boyu şən musiqi və rəqslər də nümayiş olundu. Bir sözlə, iştirakçılara karnavalın əsas məqsədi və mahiyyəti düzgün şəkildə çatdırıldı.
NİGAR