Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Sevdiyinin sevdasına da qurban olmaq... Mikayıl Müşfiqin eşqə verdiyi tərif necə də gözəldir.
Bu dəfə Müşfiqin sevdasının sorağına düşmüşdüm.
Suallarımın cavabı nə yazılanlarda, nə də deyilənlərdə var idi. Bu eşqi xəbər alacağımız ən dəqiq ünvan Dilbər xanım ola bilərdi - Dilbər Axundzadə.
Fəqət nə Cəlal var, nə də ki Humay...
Bu gün Dilbər xanım həyatda yoxdur, ancaq yadigarı Leyla xanım var. Dilbəri ondan yaxşı kim tanıya bilər ki?
Müsahibimiz Dilbər xanımın qızı Leyla Axundzadədir.
- Xeyli sualla gəlmişəm yanınıza. Ancaq nə yalan deyim, bir sual məni lap çox düşündürür. Siz Mikayıl Müşfiqin doğma qızı deyilsiniz, ona həm çox yaxınsınız, həm də çox uzaq. Müşfiq sizin üçün kimdir?
- Dilbərin bir sevgisi vardı, o da Müşfiq idi. Uşaqlıqdan ancaq Müşfiq adını eşitmişəm. Elə bilirəm, o, mənim doğma adamımdır. Sanki onun ailəsinin bir üzvüyəm, baxmayaraq ki, atam başqa adamdır.
Mən atamı görməmişəm, hələ bir yaşım olanda rəhmətə gedib. Atama qarşı içimdə iki sevgi var. Birincisi, atam, sonra isə bir Azərbaycan kişisi kimi. Dilbər xanım ağır vəziyyətdə olanda doğmaları belə ona yaxınlaşmağa qorxurdu, ancaq atam hər şeyə rəğmən, anamın yanında oldu. Buna görə atamı tamam başqa cür sevirəm.
O illərdə Dilbər xanım çox dəyişmişdi. Həmin dövrdəki şəkillərində əlli yaşındakı kimi görünür. O qədər çətinliklər keçmişdi ki. Həbsdən çıxandan sonra o, heç bir saat da Bakıda qalmayıb, dərhal Gəncəyə gedib. Bakıya bir də Müşfiq bəraət alandan sonra qayıdıb. Atam ona rast gəlməsəydi, anamın həyatı necə olardı, bilmirəm. Qardaşımla mən olmasaydıq, Dilbər xanım yaşaya bilməzdi. Baxmayaraq ki, bizi çox əziyyətlə, aldığı əlillik pensiyası ilə böyüdüb.
- Çox güman, sizin də uşaqlığınız çətin keçib.
- Oyuncağım da olmayıb. Bir gəlinciyim vardı, onun da qolu yox idi. Ancaq Müşfiqin bacısı Balacaxanım bizə gələndə nəsə gətirərdi, bizi təkcə o sevindirərdi. Anama da həmişə hədiyyə alardı. Çox istəyirdi ki, anam yaxşı geyinsin, yaxşı olsun. Anama da, mənə də paltar tikərdi.
Əslində, biz onun heç nəyi idik. Amma bizə qarşı o qədər yaxşı idi ki. Ona görə də Balacaxanıma həmişə böyük sevgim olub. Bilirsiniz, ölüm ayağında ikən Dilbər xanımı arzulayıb, onu görəndən sonra canını tapşırıb.
- Dilbər xanımı ikinci dəfə ailə qurduğu üçün qınayanlar...
- Bu, mənə çox toxunur. Belə danışanlar Dilbərin həyatını bilsəydilər... Hər qadın ana olmaq istəyir. O da bunu istəyirdi, buna görə də adamı qınayarlar heç?
Müşfiqin qohumları deyir ki, Dilbər düz edib ailə qurub.
Mən bilirəm ki, anam nə əziyyətlər çəkib. Həbsxana yoldaşları çox şeyi sonralar mənə danışmışdılar. O şeylər ki, anamın sağlığında mövzusu da açılmamışdı. Bunları eşidəndə əlbəttə ki, mənə çox pis təsir edirdi. Dilbər xanım çox fəal adam idi, ancaq nə müəllimlik edə bildi, nə də həkimlik (fikrə gedir).
Məktəbə məni aparmağa gələndə həmişə fikirləşirdim ki, axı niyə mənim anam belə geyinir? Niyə mənim anam bahalı paltar geyinməsin? Onda elə imkanımız yox idi, özünə baxa bilmirdi. Mən işə girəndə birinci ona əyin-baş aldım...
- Ananızın da uşaqlığı asan olmayıb.
- Bəli. Dilbər xanımın anası ilə atası o, hələ uşaq olanda ayrılmışdı. Anam atasının yanında qalmışdı. Bir dəfə tərcüməçi-dilçi alim İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, ögey ana qardaşı qızını incidir. İdris müəllim bu hadisədən sonra onu özü ilə Bakıya gətirir.
Dilbər xanım həbsdən sonra Gəncəyə qayıdanda analığı onu ata evinə qoymadı. O qadın anamı çox incitmişdi. Bütün bunlara baxmayaraq, biz Bakıya köçəndən sonra həmin qadın bizim yanımıza gəldi, anam göz əməliyyatı üçün ona kömək də etdi.
- Bakıya qayıdandan sonra burda necə dolanırdınız? Sizə kömək edənlər vardımı?
- Dostlarından bizi axtaranlar vardı. Çox vaxt Süleyman Rüstəm haqqında başqa cür danışırlar, ancaq o, Ali Sovetdə olanda həmişə anama köməklik edib. Lidiya Rəsulova da bizə dəstək olub. Deməli, Lidiya xanım İdris Axundzadənin oğlu Sabutayla işləyib. Bir dəfə Sabutay söhbət zamanı deyir ki, Dilbərə evi Ruhi Əsəb Dispanserinin yanında veriblər, o da hər dəfə xəstələri görəndə köhnə illəri xatırlayır. Lidiya xanım bu söhbətdən sonra anama Hökumət Evinin yanında ev vermişdi.
- Dilbər xanımın sürgünə göndərilməməsində psixi sağlamlığının rolu vardımı?
- Xəstə olmasaydı, göndərəcəkdilər. O, həbsxanadan çıxanda da xəstəydi. Dilbər xanıma rəy verən adamlar onu tanıyırdılar, Müşfiqin taleyini bilirdilər. Həkimlər akt tərtib etdi ki, artıq Dilbərin xəstəliyi qorxulu deyil. Əslində isə Dilbər xanım tam sağalmamışdı. Hələ neçə illər Gəncədə müalicə olundu.
- Dilbər xanımın oğlu Yalçını çimizdirərkən əlindən salması və uşağın buna görə öldüyü deyilir. Həqiqətənmi belə olub?
- Elə bir şey olmayıb. Bunu danışan adamlar belə deyiblər ki, daha təsirli olsun. Bunu şəxsən özləri mənə etiraf ediblər. Əslində isə uşaq soyuqdəymədən xəstələnib, sağalda bilməyiblər. Bu itkidən sonra da elə əzablar gəldi ki... Həm övlad itkisinə, həm repressiyaya Dilbər dözmədi, dözə bilmədi, ona görə də xəstəlik tapdı.
- Leyla xanım, siz özünüz də yazı-pozuya yaxın adamsınız. Nə əcəb Müşfiq haqqında nələrsə yazmamısınız?
- Bilirsiniz, vaxtilə Gülhüseyn Hüseynov bu işi layiqincə görüb. Həm də Gülhüseyn müəllim Müşfiqdən yazanları bir qədər qısqanırdı. Gülhüseyn müəllimin araşdırmaları kifayət qədər yaxşı idi, ona görə də bu işlə məşğul olmağa ehtiyac duymamışam.
- Müşfiqin ölümü ilə bağlı sizə verilən sənəddə güllələnmədiyi, Şamaxının Mərəzə kəndində vəfat etdiyi yazılır. Ancaq bu sənədi saxta hesab edənlər də var. Siz bu haqda nə düşünürsünüz?
- Deyirlər ki, Dilbəri başdan eləmək üçün o sənədi veriblər. Niyə? Hamıya necə sənəd veriblərsə, Dilbərə də o cür verilib bu sənəd. Demişdilər ki, Əhməd Cavad güllələnib, elə ona da eyni şeyi deyərdilər də. Niyə Dilbərə başqa şey desinlər ki?
- Müşfiqin qalıqları ilə bağlı aparılan son araşdırmadan bir nəticə çıxmadı. Bəs Şamaxıda axtarışların aparılması ilə bağlı hər hansı bir təşəbbüslə çıxış etmisinizmi?
- Həmin sənəddə qeyd olunub ki, Müşfiq 1939-cu ildə rəhmətə gedib. O vaxt Gülhüseyn müəllim mənə dedi ki, Leyla, bacarırsansa, məsələni qaldır. Mən də cəhd etdim, hətta Şamaxının icra başçısına da yazdım, heç kimdən bir xəbər gəlmədi.
- Bəs Müşfiqin Xızıdakı xatirə muzeyi ilə bağlı bir xəbər varmı?
- Bilirsiniz ki, Müşfiqin Xızıda yerləşən xatirə muzeyinə sel nəticəsində ziyan dəyib. Muzeyə gedən yol da çox pis vəziyyətdədir. Bununla bağlı bir qrup Müşfiqsevər müvafiq qurumlara müraciət etmişik. Ancaq hələ ki bir tədbir görən yoxdur. Nə olacaq, bilmirik.
- "Yenə o bağ olaydı" şeirinin Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazılması haqqında deyilənlərə sizin münasibətinizi öyrənmək istəyərdim.
- Bu suala cavab verməyim düzgün olmaz, çünki mən Dilbərin qızıyam. Bircə onu deyə bilərəm ki, ölüm ayağında deyilən sözün doğruluq payına inanmıram.
- Yaxşı, onda gəlin Dilbərə yazılan şeirlərdən danışaq.
- Müşfiqin otuzdan çox şeirini Dilbər xanım bizə çatdırıb. Ancaq bu barədə heç yerdə danışmırlar. Həmin şeirlərin əlyazmaları yox idi. O, xəstə olsa da, şeirləri xatırlayırdı, çünki hər şeir bir hadisə ilə, bir görüşlə bağlıydı. Ümumiyyətlə, hər şeyi xatırlayırdı, danışırdı. Bircə işgəncələr haqqında heç nə demirdi.
Anamı Müşfiqdən danışmaq yaşadırdı. Bütün gün ondan yazırdı, tədbirlərə gedib ondan danışırdı. Deyirdi, Gəncədə kitabxanada işlədiyi vaxt həmişə arzulayırmış ki, kaş bu rəflərdə Müşfiqin kitabları da olardı. Onda hələ bəraət verməmişdilər.
1988-ci ildə ara qarışanda anamın səhhətində narahatlıqlar hiss edirdim. Qorxurdu ki, yenə eyni şeylər təkrarlanar, repressiya illərində yaşadıqlarını yaşayar. Yenidən ona düşmən deyərlər, tutarlar. Sonuncu dəfə Müşfiqlə bağlı iştirak etdiyi tədbir Müşfiqin səksən illik yubileyi idi. O vaxt yeriyə bilmirdi, qoluna girib aparmışdıq. Sanki bilirdi ki, sonuncu çıxışıdır. Yerindən durub mikrofona sarı getdi. Mən gözlərimi yumub oturmuşdum ki, bu dəqiqə yıxılacaq. Bütün gücü ilə dayandı, xeyli danışdı, şeiri şeirin arxasınca dedi.
- Dilbər xanım nə danışırdı Müşfiqdən?
- Anam danışırdı ki, tələbə vaxtı imtahanlara hazırlaşanda onlara gələn rəfiqələrinə Müşfiq qulluq edirmiş. Çox qonaqpərvər olub. Maddi vəziyyətləri yaxşı idi. Nəşriyyatda işləyirdi, həm də müəllim idi. Müşfiq ona brilliant sırğa almışdı. Sırğanın bir tayını itirmişdi, həmişə gözü həmin sırğanı axtarırdı. Müşfiq istəyirdi ki, anam qəşəng görünsün. Anama çoxlu paltarlar alırdı. Müşfiq onu əl üstündə saxlayıb. Hər yerə aparırdı, hər şey alırdı. Bir dəfə söz-söhbətləri olmayıb.
Çox güman, onların tanışlıq hekayəsini bilirsiniz. Buraxılış gecəsində Dilbər xanım hörüklərini geriyə atanda onun üzünə toxunur və o, hörüklərə şeir yazır:
Hayır, hörüklərin deyildir ilan,
O əski şairlər söyləyir yalan,
Məni xəyal kimi ayağa salan -
O coşqun dalğalı telin işidir.
Dilbər xanımın gülüşü çox gözəl idi, "Sənin gülüşlərin" məhz o gülüşə yazılıb. Dilbər xanımın topuğunda xal var idi, Müşfiq o xala qədər şeir yazmışdı:
Gəlmiş hüzuruna bir qaradağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
Nə qədər ki, bu xalq var, Müşfiq də var olacaq, Müşfiq yaşadıqca Dilbər də yaşayacaq.
Aytac SAHƏD