|
|
|
|
"İncəsənət xalqa məxsusdur". Vaxtilə şüara çevrilən bu deyim bu gün unudulsa da, bir kəlam olaraq həqiqətə söykənir. Sosial şəbəkədə sırf incəsənət haqqında rast gəldiyim iki fikir mahiyyət etibarilə mənə daha maraqlı gəldi: "İncəsənət insan hisslərinin təsvir vasitəsidir" və "İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür". Eyni zamanda incəsənət gözəllikdir, insanı həm heyrətləndirən, həm özünə məftun edən gözəllik. Kimliyindən asılı olmayaraq isə gözəlliyi hər kəs duyur, ən azından gözlə görünənə biganə qala bilmir. Bəlkə də bu gözəllikdəndir ki, tarixi çox uzaq keçmişə söykənən nadir incəsənət nümunələri dünyanın hər yerində özləri qədər unikal muzeylərdə ciddi şəkildə mühafizə olunur. Və nə yaxşı ki, bunu biz də bacarmışıq. Çox xırdalıqlara varmadan yalnız bunu vurğulamaq istəyirəm ki, 1937-ci ildə açılan Azərbaycan İncəsənət Muzeyi 1951-ci ildə ona ayrılan binada fəaliyyətini bu gün də davam etdirir. İndi "De Burun sarayı" və onun yaxınlığındakı "Mariinski Qadın Gimnaziyası"nda yerləşən Azərbaycan Milli İncəsənət Muzeyini birləşdirən şüşəli tipli müasir sənət məkanı keçmişlə bu günün çox unikal və düşünülmüş vəhdətidir. Biz də bu gün bir neçə aydır, Azərbaycan Milli İncəsənət Muzeyinə rəhbərlik edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova ilə oxucularımızın görüşünə gəlmişik.
- Söhbətimizə sənətşünaslığa gələn yolun başlanğıcından başlayaq...
- Bu, öz seçimim olub. Hələ məktəb vaxtından bu yola üz tutacağımı bilirdim. Təbii ki, burda anamın ruhuna yaxın olmağım özünü göstərməyə bilməzdi, çünki o, pianoçu idi və mənəvi inkişafım zənnimcə, onunla bağlıdır. Kiçik yaşlarımdan bütün konsertlərə gedirdim. Evimiz alman kilsəsi ilə üzbəüz idi. Opera və Balet Teatrı, Bakı Musiqi Akademiyası yaxınlığımızda olduğundan bu məkanlar bir növ ikinci evim olub. Bir də muzeylər və sərgilər... Bakı İncəsənət Mərkəzi ən sevdiyim məkan idi və bu dünya mənim üçün həmişə qeyri-adi olub. Mənə elə gəlirdi ki, bu aləm əbədi gözəllik, istedadlı, güclü zəka sahiblərinin məkanıdır və həmişə o dünyanın bir parçası olmaq istəmişəm. Elə ona görə seçimim lap əvvəldən bəlli idi.
- İncəsənət Şirin Məlikovanın düşüncəsində...
- İncəsənət çox geniş anlayışdır, çünki o, bizi hərtərəfli əhatə edib. Sadəcə olaraq onu görmək lazımdır. Şəxsən mənim üçün incəsənət həyatımın mənasıdır. Məni ruhlandıran, özünə inamı yaradan, rahatlıq, həzz yaşadan, nə üçün bu dünyaya gəlmişik haqda insanı düşündürən bir dünyadır incəsənət. Yalnız gözəllik yaratmağa qadir bir dünyadır.
- Və keçək fəaliyyətinizin son on ilini əhatə edən muzeyə...
- Çox yaxşı sual oldu. İş orasındadır ki, son altı ilə qədər Beynəlxalq Muzeylər Şurası tərəfindən muzey nədir sualının cavabı araşdırılır və müəyyən bir qənaətə gəlinməyib. Son olaraq Beynəlxalq Muzeylər Şurasının 2022-ci ildə Praqada keçirilən Ali Konfransında bu suala aydınlıq gətirilib. Çünki muzeylər həqiqətən dəyişkəndir. Əvvəllər muzey keçmişin nümunələrini qoruyub saxlayan bir məkan olaraq, özündə bu nümunələri toplamaq, öyrənmək, araşdırmaq kimi funksiyalar daşıyırdı. Bu gün isə muzeyin interpretasiya və öyrədicilik funksiyaları da onun fəaliyyətinə daxil olub. Bu yanaşmalara muzey öz mövqeyini bildirəndə bir növ ictimai fəaliyyət müstəvisində görünməyə başlayır. Təsəvvür edin ki, muzey müxtəlif sosial qruplarla işləməyə başlayır, onlarla ünsiyyətə girir və beləliklə də, muzey adlı fəza hamı üçün əlçatan bir məkana çevrilir. Bu gün muzey öz iştirakçılarını qarşılıqlı ünsiyyətə dəvət etməlidir. Yəni muzeyə gəldim, baxdım və getdim kimi bir anlayışla deyil, ziyarətçi bu məkandan şəxsi təcrübəsilə ayrılmağı da bacara bilsin. Bu, çox vacibdir, çünki belə olan halda muzey yaddaşlarda qalacaq.
- Bu istiqamətdəki təcrübənizdən danışaq...
- Bunu Azərbaycan Milli Xalça Muzeyində çox əsaslı şəkildə görmək olar. Ora rəhbərik etmiş biri kimi onu deyim ki, bizim xalça muzeyi dünyada unikal muzeylərdən biridir. Bura gələn təkcə müxtəlif illəri əhatə edən sənət kolleksiyası ilə tanış olmur. Seyrçi burada ən sadə toxuculuq nümunələrindən tutmuş çətin və hətta şedevr olan çoxsaylı ekzpozisiyaların xronologiyasını, tətbiqi incəsənətin müxtəlif növlərini də görə bilir. Bütün bunlardan savayı, xalça muzeyinin özəlliyi ondadır ki, burada ənənəvi texnologiyanı nümayiş etdirən şöbə fəaliyyət göstərir. Bu şöbədə 5 rəssam, 13 toxucu çalışır və muzeyə gələn ziyarətçi əyani olaraq xalçanın toxunmasını seyr edir, arzulayan adam özü ilmə vura bilir, bir texnologiyanın digərindən fərqini görür. Və gördüklərini yaddaşında özü ilə apara bilir. Bu isə ziyarətçinin muzeydə gözlə gördüyünün əbədi olaraq yaddaşında saxlamağı deməkdir. Məhz bu şəkildə muzeylərin fəaliyyəti çox vacibdir.
- Söhbət Xalça Muzeyindən düşmüşkən, fürsətdən istifadə edim. Dünya muzeylərində Azərbaycana məxsus xalçalar var, lakin elə qərib məkanlarda da yaşayırlar...
- Bunun mümkün olan başqa yolu yoxdur. Muzey kolleksiyaları formalaşır və artıq oradan nəyisə başqa muzeyə aparmaq mümkün deyil. Restitusiya məsələri olsa da, hələ ki, dünya praktikasında bu, kifayət qədər deyil. Lakin bununla belə, biz xaricdən unikal xalçalarımızı alıb Azərbaycana gətirməyə nail olmuşuq. Azərbaycan muzey təcrübəsində ilk olaraq bunu biz etmişik. Çox sevindirici haldır ki, hərraclar vasitəsilə əldə etdiyimiz xalçalar əsasən XVII-XVIII əsrlərə aid olan Qarabağ xalçalarıdır. Son aldığımız eksponat XVII əsrə aid və adı "Əjdahalı xalça" olan Qarabağın sənət nümunəsidir. Uzun illər idi onu Münhendə görürdük və çox çalışırdıq ki, xalçanı Azərbaycana gətirək. Nəhayət keçən il muzeyin öz vəsaiti hesabına xalçanı ölkəmizə qaytarıdıq və yüksək səviyyədə onun təqdimatını da keçirdik.
- Təəssüf ki, ən böyük Azərbaycan xalçası "Şeyx Səfi" bir əsrdən çoxdur Londondadır...
- Siz niyə buna təəssüf edirsiniz ki?
- Ona görə ki, bizim olan özümüzdə deyil...
- Bu, bir qədər yanlış fikirdir. Böyük kolleksiyalarda nəinki Azərbaycana, bütün dünyaya aid unikal eksponatlar var. Bu kolleksiyalara daxil olan sənət nümunələrinin hər birinin tarixçəsi mövcuddur. Yəni həmin eksponatın oğurlanmış və ya hansı yollarla aparılmış olduğu o tarixçədə əksini tapır. Hər bir xalq, o cümlədən, Azərbaycan üçün çox vacib haldır ki, bizim incəsənətimiz böyük muzeylərdə nümayiş etdirilsin. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında şah əsərləri ilə təbliğ olunur. Bununla yalnız öyünmək lazımdır. Dediyiniz həmin "Şeyx Səfi" xalçası bu gün tətbiqi-sənət baxımından dünyanın ən zəngin muzeyi olan "Viktoriya və Albert" muzeyindədir. Bu, artıq dünya səviyyəsndə Azərbaycanın tanınması deməkdir. Bütün bu eksponatlar bizim tariximizin, mədəniyyətimizin dünya miqyasında öyrənilməsinə təkan verir. Əksinə, biz görəndə ki, hansısa bir muzeydə bizim eksponatımız yoxdur, çalışırıq orada Azərbaycan mütləq təbliğ olunsun.
- Deməli ki, fikrimdə yanılmışam...
- Bu yaxınlarda Alma-atada YUNESKO-nun konfransında iştirak etdim. Qazaxıstanın Mərkəzi Muzeyi oranın ən böyük muzeyidir və Orta Asiyada ən böyük kolleksiyaya malikdir. Bu muzeydə həmin ölkədə yaşayan xalqlara aid vitrinlərdə onları təmsil edən ekspozisiyalar var. Təəssüf ki, orada gürcüyə də, erməniyə də aid vitrinlər var, lakin Azərbaycana aid heç nə yoxdur. İlk növbədə bir azərbaycanlı, daha sonra bir mədəniyyət xadimi, bir muzey rəhbəri kimi bu, mənə pis təsir etdi və biz bacardığımız qədər çalışmalıyıq ki, ölkəmizə aid sənət nümunələri dünyada təbliğ olunsun.
- Artıq Azərbaycan Milli İncəsənət Muzeyinə rəhbərlik edirsiniz...
- Bəli, bir neçə aydır ki, ünvan dəyişsə də, mənə doğma olan muzey adı qalmaqda davam edir. Bilirsiniz, artıq elə bir dövrdür ki, muzeyləri yalnız keçmişi əks etdirənləri qoruyub saxlayan məkan anlamından çıxarmaq lazımdır. Bunun üçün kifayət qədər layihələr hazırlayıb maraqlı və böyük işlər görmək olar ki, bu da özlüyündə çox vacibdir. Heç uzağa getməyək, Azərbaycan Milli İncəsənət Muzeyinin iki tarixi binasını birləşdirən gördüyünüz müasir incəsənət məkanı bunu göstərir ki, dayanmadan inkişaf vacib amildir. Bu istiqamətdə planlarımız, layihələrimiz var və onları artıq həyata keçirməyə başlamışıq. Mən daha çox uşaqların kiçik yaşlarından muzeylərə cəlb olunması xəttini inkişaf etdirməyin tərəfdarıyam, çünki uşaqlar gələcək nəsil deməkdir və nə qədər onlar ruha rahatlıq gətirən, düşünməyə vadar edən, gözəlliyin dərk olunmasına xidmət göstərən məkanlara cəlb olunarsa, bir o qədər vurub dağıtmaq, vandalizm, insana xas olmayan bir xislətdən uzaq keyfiyyətlərlə böyümüş olarlar. Bu baxımdan muzeyimizdə onların diqqətini cəlb edə biləcək maraqlı və əhəmiyyətli işlərimiz davam edir. Ümumilikdə isə bizim üçün yaş kateqoriyası yoxdur. İstənilən kəs muzeyimizdə onu cəlb edə biləcək nəyisə tapa bilər. Hər həftənin 3-cü günü muzeydə konsert günüdür və uzadılmış iş rejimində çalışırıq. Muzeyimizdə iki möhtəşəm zal var. İtalyan zalında klassik musiqi həvəskarları üçün, Mariinski Gimnaziyasının binasında yerləşən Səttar zalında isə muğamı sevənlər üçün konsertlər təşkil edirik. Həftənin şənbə və bazar günlərində kinozal fəaliyyət göstərir və burada Azərbaycanın mədəniyyət, incəsənət xadimləri haqqında filmlər nümayiş etdirilir. Bir sözlə, muzey incəsət və mədəniyyətin bütün sahələrinə xidmət göstərir və nəticələrimiz də çox uğurludur.
- Bayaq vandalizm sözünü işlətdiniz. 30 il özündən sonra bizim üçün yalnız bu izləri qoya bildi...
- İnsanlığa sığmayan və adını qoymaqda çətinlik çəkdiyimiz bir dövrdür bu 30 il. Müharibə başlayandan qələbəmizə əminlik hissi qəti şəkildə idi, çünki bu, düşünülməmiş bir əmr ola bilməzdi. Müharibə qorxulu olsa da, gənclərimiz şəhid olsa da, qələbə göz yaşı qarışıq bir sevincdir. Arxa cəbhədə hərə öz üzərinə düşən işi bacardığından da artıq etməyə çalışırdı. Biz muzey olaraq sosial şəbəkə üzərindən Qarabağ mədəniyyətini, incəsənətini var gücümüzlə yayaraq təbliğ edirdik. Müxtəlif beynəlxalaq təşkilatların xətti ilə dağıdılmış, yerlə-yeksan edilmiş tarixi abidələrin, muzeylərin aqibətini dayanmadan dünyanın diqqətində saxlamağa çalışırdıq. Onlayn şəkildə digər ölkələrin muzeyləri ilə əlaqə saxlayıb onların diqqətinə həqiqəti çatdırmaqdan usanmaq bilmədik. Özümüz üçün Qarabağın intreaktiv bir xəritəsini hazırlamışdıq. Ölkə başçısının hər çıxışından sonra həmin xəritədə alınan ərazini onlara aid xalçaların elementlərinn rənginə boyayırdıq. Əvvəl ağ-qara rəngində olan xəritə 44 gün ərzində rəngarəng bir gözəlliyə çevrildi. Təbii ki, səbirsizliklə gözlədiyimiz Qarabağın tacı Şuşanın azad olunması idi. Və bu tarixi hadisəni bu günün özündə belə, təsirlənmədən xatırlaya bilmirəm. Bizim üçün böyük xoşbəxtlikdir ki, muzeyimizin Şuşa filialının fəaliyyəti neçə illərdən sonra bərpa edildi. Burada sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən, sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühitin abu-havasını təsəvvür etməyə imkan yaradır. Və bu tarixi zəfər uğruna canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə ehtiramımız sonsuzdur.
Tamilla M-zadə