"Sevilən biri olduğumun düşüncəsi mənə güclü özünəinam hissi verirdi. Tam əminəm ki, bir qadının əsl mənada özünü xoşbəxt hiss etməsi üçün sevilən olduğunu duymasıdır. Nə karyera, nə maddi rifah, nə rahat sərbəstliyin düşüncəsi heç zaman sevilən biri olduğuna əminlik hissini əvəz edə bilməz. Həmişə deyərdi ki, mən təkcə onun sevimli uşaqlarının anası deyiləm. Bizim rastlaşmağımız onun həyatının ən əsas xoşbəxtliyidir. Son ana qədər məni sevdiyini etiraf edirdi".
Bu, bir qadının çox vaxtsız itirdiyi ömür-gün yoldaşı haqqında söylədiklərindən bir parçadır. Düşündüm ki, bir yazı üçün bundan uğurlu bir başlanğıc ola bilməz. Müsahibədən sonra mənə hədiyyə etdiyi kitabı vərəqləyərkən, onun həyat yoldaşı haqqında böyük ehtiram, sevgi dolu kəlmələrilə rastlaşdıqca, yarımçıq bir ömrün kiçik həyat hekayəsini oxumuş kimi oldum. Onu isə tək bütün ölkə deyil, postsovet məkanının hər yerində, Vətəndən çox kənarda belə, bu günün özündə də tanıyır və adını hörmətlə anırlar. "Artıq ölümündən 13 il keçib, lakin indi də adı çəkilən zaman qazandığı hörməti mən və üç övladı həmişə hiss etmişik". Bunu da söhbət əsnasında müsahibim söylədi. Haqqında danışdığımız insan isə adı çəkilən kimi ilk növbədə kapitan kimi tanınan Anar Məmmədxanovdur. Ötən həftə doğmaları, dostları, yaxınları tərəfindən anım günü olan "Bakılı oğlanlar" Şən və Hazırcavablar Komandasının kapitanı, Azərbaycan Respublikası I, II, III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanov. Bizim isə bugünkü şənbə qonağımız kapitanın xanımı, Azərbaycan Tibb Universitetinin Dərizöhrəvi kafedrasının dosenti, həkim dermatoveneroloq İradə Məmmədxanovadır.
- Başlayaq elə sizdən...
- İlk növbədə mən anayam, üç övladına hədsiz bağlı olan bir ana. Sonra mən valideynlərini çox sevən bir övladam. Daha sonra iki şirin nəvəsi olan bir nənəyəm. Bu, o qədər gözəl bir hissdir ki, istəyində olan hər bir kəsə bu şirinliyi dadmağı arzu edirəm. Ailə hüdudundan kənarda həkiməm, 23 ildir, gələcək həkimlərin yetişməyində xidməti olan müəlliməm, özünün biznesi olan işgüzar xanımam, uşaqların inkişafına biganə qala bilmədiyim üçün yaratdığım "Şərq çırağı" Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəriyəm. Zamanında bu mərkəzi öz uşaqlarımın, çevrəmizdə olan yaxınlarımızın, ailə dostlarımızın övladlarının inkişafı üçün yaratmışdım. İndi isə artıq böyüyən o uşaqlar öz övladlarını həmin mərkəzə gətirirlər. Aktiv həyat tərzi bu günümüzün vacib tərəflərindən biridir. Dil bilgilərini inkişaf etdirən, idmanla məşğul olmağa hər zaman vaxt ayırmağı bacaran bir qadınam. Baxmayaraq ki, uşaqlar artıq böyüyüb, hərəsinin öz yolu, öz işi var, bununla belə, onlara diqqət və qayğım olduğu kimi də qalıb. Məncə, özüm haqqında bu qədər kifayət edər.
- Dediniz ki, valideynlərini çox sevən bir övladam. Böyüdüyünüz o ailədən danışaq...
- Böyüdüyüm ailə ilə həmişə qürur hissi keçirmişəm və bu gün də elədir. Ailə necə olmalıdır, valideyn məsuliyyəti nə deməkdir kimi anlayışları mən yetişdiyim o böyük ailənin içində böyüyə-böyüyə öyrənmişəm. Atam mühəndis, anam həkim olub. Qohumluq əlaqələrinə, mehriban münasibətlərə ailəmizdə həmişə xüsusi diqqət olub və bu gün artıq orta nəsil hesab olunan bizlər bu dəyərləri həm qoruyur, həm də davam etdiririk. Düşünürəm ki, bu, çox vacibdir.
- Onda həkim olmağınız övlad olaraq ananınız yolunun davamıdır...
- Evdə həkimlik ab-havasını daima görmüşəm, çünki tək anam deyil, nənəm Məryəm Rəsulova da çox tanınmış lor həkimi olub, uzun illər zamanında "Semaşko" adlanan xəstəxanada şöbə müdiri kimi çalışıb. Nənəm üçün vaxt ölçüsü yox idi. Ona günün istənilən saatında müraciətlər olunurdu və nənəm də həmişə xəstələrə xüsusi diqqət və qayğı ilə yanaşardı. Gözümün qabağında o qədər hadisələr olub ki... İndi də xatırlayıram, bir dəfə onun yanına üç yaşlı bir uşaq gətirdilər. Sancaq açılmış vəziyyətdə onun boğazında qalmışdı. Həmin sancağı nənəm uşağın boğazından çıxardı. Ətrafda anama deyilən: "Siz Məryəm Rəsulovanın qızısınız" sözlərini tez-tez eşidərdim və düşünürdüm ki, həkim olsam, məni də hamı tanıyacaq. Yəni bütün bu gördüklərimin peşə seçimimə təbii ki, təsiri olub. Etiraf edim ki, anam həkim olmağımı istəməyib, atam isə onun yolinu davam etdirməyimi arzu edib. Lakin mən öz seçimimin üstündə dayana bildim. Bir məqamı xüsusi olaraq vurğulamaq istərdim ki, həkimlik sənətinin əsasında birmənalı olaraq, insan faktoru və onun həyatı dayanıb. İnsan isə fərd olmaqdan savayı, cəm şəklində cəmiyyət deməkdir və bu cəmiyyətin də sağlam yetişməsinin əsas yükü müəllim və həkimlərin üzərinə düşüb.
- Müəllim İradə Məmmədxanova və gənclik...
- Şəxsən mən bü günün gəncliyindən çox razıyam, çünki hər zaman ətrafımda pozitivliyi görməyə çalışıram. Məni əhatə edən gənclərin dünyagörüşü, həyata baxışları, gələcək haqqında düşüncələri, arzu və istəkləri dövrün tələbləri ilə uyğundur və bu, çox sevindiricidir. Bu günün gəncinin inkişafı üçün hər şərait var və onlar məqsədlərinə çatmaqda çox israrlıdırlar. Onlara baxanda inanmaq olar ki, bizi əvəz edə biləcək bir nəsil yetişir.
- Söhbətimizin istiqamətini dəyişmək istərdim, yəni daşıdığınız soyad tərəfə. Gedək lap əvvələ...
- Tanışlıq məktəbin son sinfindən başladı. Ayri-ayrı məktəblərdə oxusaq da, ümumi dostlarımız var idi. Bir rəfiqəm Anarın da yaxından tanıdığı bir qız idi. Onun ad günündə biz tanış olduq və hər şey də burdan başladı. Deməzdim ki, gələcək münasibətimiz elə ilk baxışdan yarandı. Əvvəlcə aramıza dostluq öz körpüsünü saldı və bir-birini yaxından tanıdıqca münasibətlər ciddiliyə doğru yol aldı.
- Və seçiminizdə yanılmadığınızı anladınız...
- Anar qeyri-adi biri olsa da, onunla ortaq baxışlarımız, üstə-üstə düşən fikirlərimiz çox idi. Və anlayanda ki, dostluğumuz məcrasını dəyişir, onu daha dərindən öyrənməyə çalışdım. Anar o qədər rahat, o qədər sərbəst, hər kəsə açıq bir insan idi ki, taleyimi onunla bağlamaq ətrafında çox düşünməyə ehtiyac qalmadı və mən sonuncu kursda ikən biz ailə qurduq. Onun özünə də deyirdim ki, sənin kimi bir həyat yoldaşı obrazını heç təsəvvür etmirdim. Lakin mənə elə təsir etməyi bacardın ki, gözüm yalnız səni görə bildi, yəni sən qazandın. Anar çox səmimi və açıq insan olduğundan, bu keyfiyyətlərinə görə ona çox arxayın idim. Elə buna görə də valideynlərim: "Ailə qurmaq üçün çox erkən qərar verirsiniz" deyəndə, mən fikrimdə qəti olaraq dayandım.
- Həyatınızdakı Anar Məmmədxanov...
- Artıq onu itirməyimizdən 13 il ötür, lakin mən Anarı yalnız pozitiv bir insan kimi xatırlayıram və düşünürəm ki, bu, belə də davam edəcək. Bəlkə gənc idik, həmişə yanımda idi deyə, mən onun böyüklüyünü, müdrikliyini dərindən hiss etmirdim. Onsuz yaşanan bu illər ərzində Anarın ailəsi həmişə böyük ehtiram və hörmətlə qarşılanıb. Bu münasibəti Anar özü qazandı və bir miras kimi qoyub getdi. Bütün bunlar sübut edir ki, həyatda nəyəsə nail olmaq üçün yaş önəmli deyil. Qısa olsa da, Anar ləyaqətli, şərəfli, mükəmməl bir ömür yaşaya bildi. Anar fərqli bir insan idi və ondan sonra insanları görüb tanımaq mənim üçün çətindir. Mən onun haqqında danışanda tez-tez təkrar da olsa vurğuladığım bir fikir var: "Anar gənc olmasına baxmayaraq, qeyri-adi bir insan idi". Valideynləri üçün qeyri-adi oğul, bacısı üçün qeyri-adi qardaş, mənim üçün qeyri-adi həyat yoldaşı, övladları üçü qeyri-adi ata, Vətəni üçün qeyri-adi vətəndaş idi. Bu qeyri-adiliyin onda hələ məktəb vaxtından olduğunu həm sinif yoldaşları, həm müəllimləri, həm də məktəbin direktoru da söyləyirdi. Anar torpağına, xalqına çox bağlı biri olduğunu erkən vaxtlarından bildirmişdi.
- Artıq 25 yaşında o, Milli Məclisin deputatı idi...
- Başqa cür ola da bilməzdi, çünki bu, Anar idi. Həm ata, həm ana tərəfdən Anarın valideynlərinin kökü Füzulidəndir. Onda axan qarabağlı qanının özü belə, qeyri-adi idi. O, siyasi hadisələrin içində qaynamaqdan yorulmurdu. Olurdu ki, onu hansısa bir görüşə, müzakirəyə dəvət etmirdilər, o zaman özünə yer tapa bilmirdi. Ona deyirdim ki, ay Anar, səni hər yerə dəvət etmək kimi bir öhdəlik heç kəs götürməyib axı. Cavabında deyərdi: "Mənim bildiklərimi və söyləmək istədiklərimi heç kəs deməyəcək". Hədsiz çılğın xarakteri vardı və o çılğınlıq tez də keçirdi. Lakin Qarabağ məsələsi istiqamətində Anar çalışmırdı, o, hadisələrin içində yaşayırdı. Evimizdə hər gün eşidilən bir mövzu idi. Bu istiqamətdə ilk informasiya saytını açan Anar Məmmədxanov olmuşdu. Və çox gərgin, çətin, mübahisəli bir dövrdə Anar bunu etməyi bacardı. Bilirsiniz, Anar sanki özü məcburi köçkünlərdən biri idi. Torpaq uğrunda şəhid olanları öz doğması hesab edirdi. Xaricdən kimsə gələndə və ya özü harasa gedəndə o qədər düzgün məlumatlar verməyi bacarırdı ki, bundan özü belə, rahatlıq tapırdı. Qarabağ hadisələri Anar üçün dərin bir mövzu idi, lakin bununla belə, o, qəti əmin idi ki, bu məsələlər Azərbaycanın xeyrinə həll olunacaq. Onun dövlət başçısına güclü inamı var idi və evdə deyərdi ki, bu məsələni prezidentimiz mütləq həll edəcək. Onu da deyirdi ki, erməni heç zaman sülh yolu ilə torpaq qaytaran deyil, bu, yalnız müharibə yolu ilə həll olunacaq. Bir arzusu da o idi ki, bu məsələnin həlli bizim övladlarımızın çiyinlərində qalmasın. Düşündüyü kimi də oldu. Amma çox təəssüf ki, Anar bütün bu olanları görə bilmədi.
- Anar Məmmədxanov və övladları...
- Anar onların təkcə atası olmayıb. Dostu da olub, məsləhət verəni də. Onları həmişə dinləməyi bacarıb, yeri gələndə lap həmyaşıdları da olub. Həmişə deyərdi ki, oğlum İslama öz yaraşığımı vermişəm. İslam o qədər gözəl uşaq idi ki, nə onun, nə də mən tərəfdə belə görünüşə malik biri olmayıb. Qızım Məryəmə öz ağlımı vermişəm. Məryəmin uşaq vaxtından çox sakit, təmkinli, müdrik davranışı vardı. Həmişə ona deyərdik ki, Məryəm, sənin elə bil heç uşaqlıq çağların olmayıb, sanki doğulandan ailənin ağbirçəyi olmusan. Sonbeşiyimiz Mədinəyə isə xasiyyətimi vermişəm. Mədinə də elə uşaqlıq vaxtından tez ünsiyyət qurmağı bacaran idi. Özündən böyük bacı-qardaşına deyərdi ki, gəlin sizi filankəslə tanış edim, yəni atası kimi aktiv idi.
- Lakin ata yolunun davamçısı olmadılar...
- Hərə öz yolunu seçdi və o istiqamətlə də gedir. Lakin təsadüf elə gətirdi ki, oğlumuz İslam işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi inkişafının yüksəldilməsi istiqamətində gedən işlərin layihəsi çərçivəsində hazırda Füzulidə çalışır və ilk sakinləri qarşılayanlardan biri də İslam olub. Bizə bir hadisə danışdı. Hansısa bayramı qeyd edərkən yeni gələn sakinlərdən biri deyib ki, bilirsiniz, Anar Məmmədxanovun ulu babaları da Füzulidəndir. İslam da deyib ki, bəli, bilirəm. Onun cavabı insanlara həm maraqlı, həm də təəccüblü gəlib. Yalnız o zaman İslam Anarın oğlu olduğunu onlara bildirib. Bunu biləndən sonra biri onu bağrına basıb, biri sevindiyindən kövrəlib. Bu söhbəti İslam bizə danışanda da, hamımız təsirləndik. Ötən il Anarın atasının 85 illik yubileyini qeyd edirdik, lakin nəvəsi İslam bu məclisdə iştirak edə bilmədi, çünki həmin gün Füzuliyə qayıdan insanları qarşılayırdı. Mən inanıram ki, Anar sağ olsaydı, o, mütləq həmin proseslərdə iştirak edəcəkdi. Tale elə gətirdi ki, bunu onun əvəzinə oğlu edə bildi.
- Anar Məmmədxanovun həyatında bir qırmızı xətt də oldu - "Bakılı oğlanlar" komandası..
- Bəli, oldu və tarixdə elə Anarın komandası olaraq da qaldı. Bunu yalnız Anar bacara bilərdi. İstəmirəm insanlarda Anarı çox ucaldıram kimi bir fikir yaransın. Lakin mən hamının gözlə görə bildiyini deyirəm və bu da bir həqiqətdir. Bu komanda elə Anarın vaxtında öz fəaliyyətinə nöqtə qoydu. Bunu o, son çıxışında açıq şəkildə dedi və komanda ilə birlikdə öz missiyasını bitirmiş hesab etdi. Əslində bu, onların birlikdə qəbul etdiyi bir qərar idi. Çünki artıq hərə öz yolunu tutaraq işinə davam etmək istəyirdi, həm burada yaş da artıq öz sözünü deyirdi. Yəni hər şeyin öz vaxtı var və onlar tamaşaçının yaddaşında həmin o savadlı, hazırcavab, gənc "Bakılı oğlanlar" kimi qalmağı lazım bildilər. Anar komandası ilə bu yarışma meydançasından "Əsrin çempionu" kubokunu alaraq ayrıldı. Bu o demək idi ki, biz gəldik, sözümüzü dedik, qələbəmizi qazandıq və çempion kimi də meydanı tərk etdik. Və yəqin ki, bu yola davam edə biləcək bir lideri zaman hələ yetişdirməyib.
- Ötən həftə 13 il oldu...
- Başlanğıc olduqca çətin idi. Biz həmişə deyirik ki, uşaqlar bizim dayağımız, güc yerimizdir. Və mən bu fikrin həqiqiliyinə 13 il əvvəl əmin oldum. Əgər bu üç uşaq olmasaydı, hansı ki, o zaman kiçiyinin 9 yaşı vardı, mən də Anarın arxasınca gedərdim. Çünki Anarsız yaşamaq mənim üçün qeyri-mümkün bir düşüncə idi. Lakin mənim üçün bu qeyri-mümkünlüyün içində bir gerçəklik vardı - Anar artıq yoxdur və bu üç uşaq üçün tək mən varam. Necə ki, mən Anara arxayın idim zamanında, indi də onlar mənə baxıb arxayın yaşamağa davam etməlidirlər. Başlanğıcın ən ağır anını ilk dəfə Anarsız küçəyə çıxanda hiss etdim. Əlil arabasından qalxan bir xəstənin atdığı ilk addımları atdım sanki və anladım ki, yanında rahatlıqla gəzdiyim insanla daha heç zaman qoşa addımlamayacağam. Və buna necə, nə zaman alışdığımı bilmirəm. Tək onu bilirəm ki, məni saxlayan qüvvə övladlarımız oldu.
- Qadın gülərsə...
- Qadın gülərsə, bundan dünya o qədər qazanar ki... O zaman günəşin hərarəti daha mülayim olacaq, bolluq artacaq, firavan həyat hamının qapısını döyəcək. Bunu nə qədər çox insan anlayarsa, dünya da öz sahmanına düşər.
SÖZARDI: Yazının əvvəlini İradə xanımın Anar Məmmədxanov haqqında söylədikləri ilə başladım. Sözardını isə Məryəm və Mədinəyə verək - kapitanın qızlarına:
"Mənim cəmi 9 yaşım vardı və mən atamı bu 9 il ərzində tanıdım" (Mədinə Məmmədxanova).
" ...Sən heç zaman bizim görüşümüzə gəlməyəcəksən. Lakin biz nə vaxtsa sənin görüşünə gələcəyik, ata!" (Məryəm Məmmədxanova).
Tamilla M-zadə