|
|
|
|
Həmsöhbətimiz indi daha çox Azər Zadə kimi tanınır. Həyat və sənət yolunu başlanğıcdan izləyənlər üçün isə o, Xalq artisti Zaur Rzayevin ailəsində doğulub-böyüyən, hələ çox gənc ikən səsi və ifaçılıq istedadı ilə diqqət çəkən Azər Rzazadədir. Musiqi üzrə yüksək təhsil alaraq, gərəkli təcrübə qazanaraq peşəkarlaşmış Azər Zadə hazırda dünya və Azərbaycan vokal sənətinin ən layiqli nümayəndələrindən biri kimi qəbul olunur. Onunla bu yığcam söhbətimizdə sənət yoluna qısaca nəzər salmağa, yaxın zaman üçün yaradıcılıq planlarını öyrənməyə çalışdıq.
- Azər bəy, bildiyimizə görə, siz məşhur ''La Scala" Vokal Akademiyasına qəbul edilən ilk azərbaycanlısınız. Bundan sonra həyatınızda nə dəyişdi?
- "La Scala" Akademiyasında dünya şöhrətli musiqiçilərdən ustad dərsləri ala bilməyim mənim üçün çox vacib idi. Görkəmli sənət adamları ilə ünsiyyətdə olmaq musiqiçinin dünyagörüşünə və sənətinə müsbət təsir göstərir. Özümü çox xoşbəxt hiss edirəm ki, o Akademiyada təhsil almaq mənə qismət oldu.
- Sənət yolunuzda, fəaliyyətinizlə əlaqədar dövlətin dəstəyini görmüsünüzmü?
- Bəli, xüsusilə qeyd etmək istəyərdim ki, Heydər Əliyev Fondunun mənə olan inamını, dəstəyini tələbəlik illərindən görmüşəm. Hər bir insan üçün dəstək mühümdür, amma tələbə üçün bu, daha çox vacibdir. Aldığım dəstək mənə böyük stimul verdi. Təhsillə bağlı Dövlət Proqramına da daxil edilmişdim. Verilən dəstəyə görə həm Heydər Əliyev Fonduna, həm də Elm və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Dövlətimizin mənə olan inamını doğruldaraq, Azərbaycan musiqisini daha böyük səhnələrdə səsləndirməyə çalışacağam.
- Musiqiçi olmağınızda atanız Zaur Rzayevin nə kimi rolu olub?
- Bu sahədə təzə-təzə fəaliyyət göstərəndə atamın fikirləri neqativ idi. Amma səs tembrimə diqqət etdikdən sonra o da razılaşdı. Çünki kiçik yaşlardan qapalı uşaq olmuşam və gizlincə oxuyurdum. Amma hazırda ailəm, valideynlərim mənə çox dəstək göstərirlər. Buna görə onlara çox borcluyam.
- Vokalçı kimi səhnələrdəsiniz, bəs nə vaxtsa elmi-nəzəri yöndə fəaliyyət göstərmək planınız varmı?
- Opera ifaçısı olaraq dünyanın bir çox səhnələrində çıxışlarım olub. Düşünürəm, nəzəri istiqamətdə fəaliyyət göstərməyim hələ tezdir. Amma gələcəkdə belə bir qərarım ola bilər.
- Təhsil aldıqdan sonra İtaliyada qalmağımızın səbəbi nə oldu?
- "La Scala" Akademiyasının bitirdikdən sonra İtaliyada qaldım, çünki karyeramın ilk pillələrində idim və mənə çoxlu təkliflər gəlirdi. Karyeramı düşünərək orada yaşamağa qərar verdim.
- İtaliyada Azərbaycan musiqisi necə qarşılanır?
- Çox gözəl. Verona kimi bir teatrda mən Fikrət Əmirovun, Qara Qarayevin əsərlərinə müraciət etmişəm. Hətta digər həmkarlarım bu əsərlərin notlarını istəyiblər və onlara məmuniyyətlə təqdim eləmişəm.
- Azərbaycanlı olaraq orada fəaliyyət göstərən yeganə vokalçısınız, yoxsa başqaları da var?
- Akademiyanı 2017-ci ildə bitirmişəm. Məndən sonra həmkarım Məhərrəm Hüseynov da oraya daxil oldu. Hazırda karyerası yüksək səviyyədə davam edir. Nə xoş ki, zaman keçdikcə dünya səhnələrindən Azərbaycan musiqisinin, ifaçılığının sorağı daha tez-tez eşidilir.
- Siz həm də Akademik Opera və Balet Teatrında fəaliyyət göstərirsiniz.
- Bəli, Bakıda vaxtaşırı səhnəyə çıxır, tamaşalarda oxuyuram. Bura mənim sənət yolumun başlandığı məkandır. Ona görə də vətənimdəki çıxışlarımın mənim üçün xüsusi önəmi var.
- Vokalçı olmasaydınız, hansı sahəni seçərdiniz?
- Yəqin ki, musiqinin digər bir sahəsi ilə məşğul olardım. Ən maraqlı gələn sahə kimi dirijorluğu qeyd edə bilərəm.
- Mütaliəyə vaxt ayırırsınız?
- Əvvəllər mütaliə ilə daha çox məşğul olmuşam. Hazırda işlərimlə bağlı az zaman ayıra bilirəm. Qeyd edim ki, daha çox öz sahəmlə bağlı kitablara üstünlük verirəm.
- Yaxın zaman üçün sənətinizlə bağlı hansı yeniliklər gözlənilir?
- İndi Şuşadakı çıxışıma hazırlaşıram. Bu, mənim üçün çox məsuliyyətli bir çıxış olacaq. Səbirsizliklə Şuşaya yola düşməyimizi gözləyirəm.
Havar ŞƏFİYEVA