Dirijor, bəstəkar, pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadə 25 ildir ailəsi ilə birlikdə Türkiyədə yaşayır. İlk musiqi təhsilini 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində alan T.Manafzadə 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olunub. Dünyanın bir çox ölkələrində konsertlər verib, 2013-cü ilin aprelində qardaşı Abuzər Manafzadə ilə birlikdə iki həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnesi təşkil edib.
2019-cu ilin noyabrında ailəsi ilə birlikdə (atası pianoçu İslam Manafov və qardaşı Abuzər Manafzadə) TANAP-ın açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Erdoğan qarşısında xüsusi konsert proqramı ilə çıxış edib. 2020-ci ilin dekabrında Dünya Türk İş Konseyinin (DTİK) dəvəti ilə Avropa Parlamentində arlamentində Mədəniyyət elçisi olaraq xüsusi dostluq konserti gerçəkləşdirib. Hazırda rəqəmsal və fiziki konsert proqramları ilə fəaliyyətini davam etdirir.
Beləliklə, Türk dünyasında azsaylı qadın dirijorlarından biri olan Turan Manafzadə ilə müsahibəni təqdim edirik.
- Mən pianoçu, dirijorluq və bəstəkarlıqdan əlavə, həm də vokal ifaçısıyam. Bundan başqa, rəsm sənəti ilə də məşğul oluram. Vokal oxumaq mənim hobbimdir. Bəzi konsertlərdə həm Azərbaycan xalq mahnılarını, həm də öz yazdığım mahnıları ifa edirəm.
Dirijorluq sənətinə isə hələ təhsil aldığım ilk illərdən bağlanmışdım. Həmişə də öz-özümə yaxşı ki bu sahəni seçmişəm deyirəm. Bütün peşələrin öz çətinlikləri var, amma dirijorluq sənəti tam fərqlidir. Bu sahəni öyrənə-öyrənə fərqli məqamları kəşf elədim. Bir dirijor kimi 70-80 nəfərlik bir orkestr heyətinin qarşısında dayanmaq, onları idarə etmək, bütöv bir konserti ərsəyə gətirmək böyük zəhmət tələb edən işdir. Təbii ki, bu sahənin bir çox incəlikləri və çətinlikləri var. İnsanlar bu sahəni sadəcə əl-qol hərəkətləri ilə tanıyırlar. Lakin musiqini anlamaq, bunu orkestrə doğru şəkildə çatdırmaq xüsusi diqqət tələb edir və bütün bunlar bu işin mətbəxində - məşq prosesində baş verir. Dirijorluq sənətinin təhsil hissəsi də çətindir. Bir dirijorun peşəkarlığını ortaya qoyması və özünü göstərə bilməsi üçün birinci növbədə orkestrin varlığı önəmli rol oynayır. İşin ən maraqlı tərəflərindən biri də hər bir orkestrin özünəməxsus ruhunun olmasıdır. Onu da deyim ki, dünyada qadın dirijorların sayı kişi dirijorlardan xeyli az olsa da, get-gedə bu say artmaqdadır.
- Turan xanım, işiniz kifayət qədər çətindir - konsertlər, qastrollar... Pedaqoji fəaliyyətlə də məşğul olursunuzmu?
- Uşaq yaşlarından musiqi ilə məşğul olmaq, musiqiçi kimi incə ruhlu qalmaq asan deyil. İçində tükənməz bir motivasiya və sevgi varsa, uğur qazana bilərsən. Pedaqoji fəaliyyətlə 16 yaşımdan məşğul olmuşam və bir çox tələbələrim olub. Musiqi tədris etmək təkcə musiqini öyrətmək yox, həm də cəmiyyət üçün faydalı insan yetişdirməyə çalışmaq deməkdir. Son zamanlar işlərim çox olduğundan tələbələrə vaxt ayıra bilmirəm. İstəyərdim ki, ali təhsil ocaqlarında, universitetlərdə sahəm üzrə dərs deyəm.
- Xarici ölkələrdə bir çox konsertlərdə olmusunuz. Həmin ölkələrlə müqayisə edəndə Azərbaycanda simfonik konsertlərə maraq necədir? Tamaşaçı marağı varmı?
- Xarici ölkələrdəki konsertlərdə, teatrlarda, muzeylərdə çox olmuşam. Biz Azərbaycan musiqisini dünyada tanıdıqca kifayət qədər hörmət göstərirlər. Bunu Türkiyəyə də aid eləmək olar. Ümumiyyətlə, xarici ölkələr Azərbaycanda musiqiyə və sənətə verilən dəyəri, göstərilən hörməti alqışlayırlar. Azərbaycanda simfonik konsertlərə maraq yüksəkdir, sadəcə düşünürəm ki, belə konsertlər daha çox təşkil edilməlidir ki, hər yaşdan tamaşaçı o tədbirlərdən xəbərdar olsunlar. Məsələn, Türkiyədə klassik musiqiləri dinləməyə gedən bəlli bir kütlə var və bütün konsertlərdə həmin kütləni görmək olur. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında hər zaman bu formada konsertlər təşkil edilir, o konsertlərdə mən özüm də dəfələrlə musiqiçilərimizlə birlikdə ifa eləmişəm. Ümumiyyətlə, Azərbaycan hətta xarici ölkələrdə belə musiqiyə maraq göstərən, musiqini inkişaf etdirən bir ölkə kimi tanınır. Amma iki il olar, ölkəmizdəki simfonik konsertlərə getmirəm deyə, son durumdan xəbərim yoxdur.
- Simfonik musiqiyə kütləvi maraq niyə belə azdır?
- Dünyada fərqli-fərqli musiqi janrları ortaya çıxır və kifayət qədər zövqlü musiqilər artmaqdadır. Son zamanlarda diceylik sənəti daha məşhur olub. Düşünürəm ki, hər şey öz sərhədləri daxilində olmalıdır. Hər kəs klassik musiqi dinləməlidir deyə bir şey yoxdur. Musiqi janrları kimi, insanların ruhu da fərqlidir - hər bir insan öz ruhuna uyğun musiqiyə daha çox maraq göstərir və bunu normal qəbul etmək lazımdır. Məsələn, alış-veriş məkanlarında eşidilən mahnılar insanları alış-veriş etməyə motivasiya edir. Bəzi insanlar daha çox onları coşduracaq, ritmik mahnılara önəm verirlər. Deyərdim ki, klassik musiqinin fəlsəfəsini anlamaq, insturmentlərin fərqli səslərini səbrlə dinləmək, ondan zövq almaq da bir bacarıqdır.
- Orkestrlərin peşəkarlıq səviyyəsi barədə nə deyə bilərsiniz?
- Bu, orkestrdən orkestra dəyişilə bilən məsələdir. Orkestrdə davamlılığın qorunması və yaxşı musiqininin ortaya qoyulması önəmli detaldır. Məsələn, bəzi orkestrlərdə nizam-intizamı bərpa etmək üçün mütəmadi imtahanlar təşkil olunur. Təcrübəli orkestrlər dirijordan əvvəl hazırlıqlarını tamamlayıb, qrup məşqləri edirlər.
- Orkestr üçün solistlər seçərkən ən əsas hansı məqamlar nəzərə alınır?
- Orkestrlərə solist seçimi edərkən öncə həmin konsertin proqramları əsas götürülür. Sadəcə tək bir solist yox, qrup şəklində dəvət edilənlər də olur. Bu zaman konsertin müddəti, əsərlərin ardıcıllığı kimi nüanslar dirijor tərəfindən təyin edilir.
- Turan xanım, uzun müddətdir Türkiyədə yaşayırsınız. Nə vaxtsa ölkəmizə qayıdıb fəaliyyətinizi burda davam etdirməyi düşünürsünüzmü?
- 25 ildir ailəliklə İstanbulda yaşayırıq. Əlbətdə ki, hər zaman ürəyimiz vətənimizlə döyünür. Öz işimizlə həmişə ölkəmizin adını uca tutmağa çalışırıq. Uyğun təklif olarsa, hər zaman ölkəmə xidmət göstərməyə hazıram.
Qardaşım Abuzər Manafzadə Vyana Konservatoriyasını qazanan və bitirən ilk azərbaycanlı olub. Onun müəllifi olduğu, Xocalı soyqırımınıdan bəhs edən, dünyaya barış mesajı vermək məqsədilə bəstələdiyi "Xocalıya" əsərini dünyanın ən prestijli musiqi salonlarında hər zaman qürurla ifa etmişik. Bu əsər həm piano üçün, həm də orkestrlə birgə ifa olunacaq şəkildə yazılıb. Bundan əlavə, qardaşım həm də dünyada ilk dəfə olaraq balaban musiqi alətinə həsr olunmuş "Balaban konserti"nin də müəllifidir. Bu əsər ilk dəfə Amerikada səsləndirilib. Bakıda ilk dəfə səsləndiriləndə isə dirijoru mən idim. Biz musiqiçilər ailəsiyik. Anam da, atam da pianoçudur. Atam İslam Manafovla bağlı "yaşayan son romantik pianist" deyirlər. Onun uşaqlar və gənclər üçün də gözəl layihələri var. Biz doğulmazdan öncə başladığı bu işi atam hələ də davam elətdirir. Düşünürəm ki, atamın Türkiyə konsert salonlarında və məktəblərində fəal şəkildə etdiyi bu layihə Azərbaycanda da tətbiq olunmalıdır.
Bilirəm ki, bizi Bakıda gözləyən bir dinləyici kütləsi var. Biz Bakıda öz layihələrimizi gerçəkləşdirməyə və konsertlərimizi təşkil etməyə hazırıq. Heydər Əliyevin 100 illik yubileyi dünyanın bir çox ölkələrində qeyd olundu, həmin tədbirlərdə solo və ailəliklə musiqimizlə yer alaraq qürurla iştirak etdik.
- Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslansa da, üzü ifadəsi, baxış, mimika da mühüm rol oynayır. Bu barədə də bir-iki kəlmə deyəsiniz bəlkə.
- Dirijorluq sənətində əl-qol hərəkətləri nə qədər çox olsa da, musiqiçi öz istədiyini hansısa bir mimika və ya jestlə də anlada bilər. Hərəkət anlamına gəldikdə isə, orkestlə işləyəndə sözdən az, bədən jestindən çox istifadə olunmalıdır. Lakin məşqdən öncə istədiyimizə hansısa bir hərəkətlə nail ola bilmiriksə, bu zaman sözlərlə başa salmağa çalışırıq. Burada ən önəmli məsələ bədən dilidir. Bəzən əl-qol hərəkət olmadan, təkcə mimika ilə də orkestrlə əlaqə qurmaq olar. Bu da təbii ki, dirijorun təcrübəsindən asılıdır. Əvvələr bu sahədə daha sərt qaydalar mövcud idi. Ümumiyyətlə, orkestrlə dirijor münasibətində həssas məqamlar çoxdur. Orkestr hər zaman nizam-intizamlı, dirijoru daha tez anlayan bilən olmalıdır. Dirijor orkestrlə necə davranırsa, qarşı tərəf də ona eyni şəkildə cavab verir. Bunu bir güzgü kimi düşünə bilərik.
- Sizə ən çox uğur gətirən hansı layihə oldu?
- Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş əsərlərin müəllifləri içərisində tək qadın bəstəkar olaraq yadda qaldım. Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yazılan əsərə Bakıda klip çəkdik. Eyni zamanda, mənə "Qarabağ" futbol klubunun rəsmi sponsoru olan "Finalçay"dan təklif gəldi və onlar "Qarabağ" klubu üçün azarkeş marşını bəstələməyimi istədilər. Bu marş ilk dəfə 30 il sonra Xankəndidə oynanılan futbol matçında səsləndirildi. Həmin vaxt özüm konsert üçün səfirliyimizin dəvətilə İndoneziyada idim. İnsanlar bu marşı böyük maraqla qarşıladılar, xeyli məktublar, mesajlar aldım və qürur hissi keçirdim. Bundan sonra mənə marşlar kraliçası deyənlər də oldu. Yeni layihələr üzərində işləyirəm, düşünürəm ki, yaxın günlərdə onları üzə çıxaracağam.
Havar ŞƏFİYEVA