Müsahibimiz gənc aktrisa Natavan Abbaslıdır. Natavan Abbaslı "Solğun çiçəklər" serialında debüt işi olan Pəri obrazı ilə parladı. Onun bu serialdakı ifası tərəf müqabili olan peşəkar aktyorların oyunundan geri qalmırdı, hətta bəzi məqamlarda onları üstələyirdi də. Aktrisa daha sonra "Qan qohumları", "Ata ocağı" seriallarında müxtəlif səpkili rollar oynadı. Natavan Abbaslı Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan, Asif Rüstəmovun çəkdiyi və bir neçə beynəlxalq kinofestivalda mükafat alan "Mərmər soyuğu" bədii filmində isə əsas rollardan birini ifa etdi və bir gənc aktrisa üçün mürəkkəb sayılacaq xarakter yaratdı.
Beləliklə, aktrisa Natavan Abbaslı ilə müsahibəni təqdim edirik.
- Natəvan xanım, siz İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmisiz. Aktyorluğu seçməyiniz nəylə bağlıdır: mövcud durumda rejissorluq peşəsində realizə imkanlarının məhdudluğu, ya aktyorluq sayəsidə populyarlığın daha əlçatan olması? Yoxsa başqa səbəbləriniz var?
- Mən sadəcə həmişə aktirsa kimi fəaliyyət göstərmək istəmişəm. Rejissorluq fakültəsinə qəbul olunmağım bir az təsadüf idi. İndi bilmirəm necədir, amma onda hər iki peşədən qabiliyyət imtahanı verilirdi. Birinci aktyorluğu yazmışdım və keçmişdim. Amma sonra rejissorluğa girdim. Hətta imtahan götürən müəllimlərdən biri soruşdu ki, niyə aktyorluğa yox, bura gəlmisən? Niyəsə qeyri-ixtiyari rejissor olmaq istədiyimi dedim. Amma həqiqətən fikrimdə bu yoxuydu. Ola bilsin, rejissorluğu diplom baxımından üstün saydığıma görə seçdim. Bəlkə, nə vaxtsa rejissor kimi çalışmaq istəyərəm. Hər halda rejissor təhsili almaq aktyor üçün üstünlükdür. Amma mən teatr rejissorluğunu bitirmişəm və universitetdə oxuyanda maraqlı tamaşalar qururduq.
- İlk işiniz "Solğun çiçəklər" serialındakı Pəri obrazı olub. Gənc aktyor üçün birdən-birə seriallarda oynamağın peşəkarlıq baxımından hansı pis və yaxşı tərəfləri var?
- Bəzən ilk işimlə son işlərimi qarşılaşdırıram, yəni arada olan fərqi, inkişafı görmək üçün. "Solğun çiçəklər", deidyiniz kimi, ilk iş idi və ifam haqda müxtəlif fikrlər var. Amma əsasən yaxşı oynadığımı deyirlər. Təbii ki, onda bəzi səhnələrdə narahat idim, sıxılırdım, çünki tərəf müqabillərim peşəkar insanlar idilər, təcrübləri vardı. Bir səhnə vardı, orda sevgini göstərmək lazım idi. Rejissor razı qalmırdı və deyirdi ki, illərdi sevən qadının duyğularını göstər. Çətinlik çəkirdim. Texniki tərəfdən bilmirdim. Ola bilsin, aktyorluq təhsili almamağımın da təsiri vardı. Onda naşıydım. Amma mən məhz o naşılığımı sevirəm. Hətta istər bizdə, istər dünya kinosunda məşhur aktyorların daha çox ilk rolları mənə maraqlı gəlir, onları izləyirəm.
- Çünki bir qayda olaraq aktyorlar ilk rollarında hələ ştamplaşmırlar.
- Eynən. Olur ki, ilk rolumu daha çox bəyənirəm, nəinki təcrübə qazandıqdan sonra oynadığım rolları.
- Aktyor ştampda olmamaqdan ötrü nə etməlidir?
- Mənə elə gəlir - yəni bu, özüm üçün çıxardığım nəticədir, son vaxtlar bu metodla işləyirəm - sadəcə intuitiv oynamaq. Təbii ki, vəziyyətin tələb elədiyini oynayırsan. Ancaq ola bilər ki, sən bir neçə filmdə oynamısan və hər birində oxşar səhnələr var, yaxud xarakterlərin hansısa məqamları üst-üstə düşür. Burda sadəcə intuitiv yanaşmaq lazımdır. Filan səhnədə vəziyyəti həmin an hiss etdiyin kimi oynamaq. Çünki onsuz da istər-istəməz dəyişəcəksən, çünki tərəf müqabilin dəyişir, rejissor dəyişir, mühit dəyişir və s. Oynadığm hər şeydə çalışıram ki, həmin anda hiss etidyimi göstərim. Sonra ekranda baxanda düzgün qərar verdiyimi görürəm. Güvəndiyim insanlardan da soruşanda, doğru qərar verdiyimi deyirlər.
- Aktyorluq üzrə ustad dərsləri almısınız?
- Kimdənsə dərs almamışam. Mən rejissorluğu oxusam da, bizə aktyorluq dərsləri keçirilirdi, sadəcə, dərslərin həcmi az idi. Aktyorlara rejissor peşəsi keçməyə ehtiyac yoxdur, amma bizdə aktyorluq keçirilirdi. Çünki rejissor həm də aktyorlarla işlədiyi üçün bu lazımdır. Amma xaricdə özümü inkişafla bağlı təhsil almağı düşünürəm. Çünki mənə öyrənmək həmişə maraqlıdır.
- Sizin femme fatale sayağı obrazınız var. Rejissorlar bunu nəzərə alırlarmı?
- "Solğun çiçəklər"də məni başqa rola dəvət etmişdilər. Kastinqə getdiyim gün dəyişiklik oldu. Dedilər ki, bir fotonu çəkək Pəri obrazı üçün. Ona təsdiq elədilər. İlk baxışdan görünüşüm belədir. Çalışıram ki, bu münasibəti dəyişim. Bir kastinqə gülər üzlə girmişdim, sonra eşitdim ki, haqqımda sərt, qaraqabaq olduğumu deyiblər. Bu, sadəcə görüntüdür.
- Bütün hallarda hər bir aktyorun arzusudur ki, eyni ampluada qalmasın və daha fərqli obrazlarda özünü sınasın. Təbii ki, potensial da buna imkan verməlidir. Seriallardan imtina etməyiniz bununla bağlıdır?
- "Ata ocağı" serialından sonra çəkilməmişəm. Bu serialın son mövsümü çəkiləndə artıq təkliflər alırdım. Gələn təkliflərdən imtina elədim. Çünki necə deyim ki, fikrimi düzgün izah edim... Yəni heç birində ciddi perspektiv görmədim. Heç bir mənada perspektiv. Layihə, rejissor yaxşı ola bilər. Amma özümü orada görüb gedə biləcəyim yolu müəyyən edə bilmədim. Hər hansı layihəyə dəvət olunanda ilk onu düşünürəm ki, çəkiləcəyəmsə, sonra özümə hansı yolu seçməliyəm, bu, mənə nə kimi yön verəcək? Çünki bütün hallarda insan kimi, aktyor kimi sənə - karyerana da, həyatına da təsir edəcək axı. Ona görə uyğun rol görmədiyimdən qəbul etməmişəm.
- Dövlət büdcəsi ilə tammetrajlı bədii film hələ çəkilmir, amma müstəqli büdcə ilə çəkilən filmlər var. Filmlərə dəvət alırsınızmı?
- Təkiflər olub. Ya bundan öncəki obrazlara uyğun olduğundan, ya da dediyim kimi, perspektivim olmayacağını düşündüyümdən imtina etmişəm. Bir filmə də dəvət eləmişdilər. İmtina səbəbim o idi ki, oynaya bilməyəcəyimi düşündüm. Rejissora da bu formada dedim ki, maraqlıdır, oynamaq olar, amma doğrulda bilməyəcəyəm. Belə bir hiss gəlibsə, artıq meydançada rahat ola bilməyəcəyəm.
- Sirr deyilsə, hansı film idi?
- Qısametraj idi, detalları yadımda deyil. O film artıq çəkilib.
- Necə bir obraz idi?
- İki qadının xəyanət məsələsinə görə mübahisəsi düşür. Qadının xarakterində bir az döyüşkənlik vardı. Hiss elədim ki, mənlik deyil. Belə deyəndə başa düşülə bilər ki, mən ancaq özümə uyğun rollar seçirəm. Sadəcə, ümumi situasiyanı, ssenarini nəzərə alaraq dedim ki, oynaya bilməyəcəyəm. Bəlkə, üç il əvvəl və ya əksinə, üç il sonra oynaya bilərəm. Amma indiki halda özümə yaxın hiss etmədim.
- Yəni düşünürsüz ki, bir rolu oynamaq üçün özünüzü necəsə ona yaxın hiss etməlisiniz? Bunu deyəndə xarakter oxşarlığnı nəzərdə tutmuram.
- Təkliflərə ilk növədə aktyor kimi yox, özüm kimi yanaşıram. Ssenarini oxuyuram, təklifi qəbul edib-etməməyim həmin andakı hisslərimdən, yaşantımdan çox asılıdır. Hiss edirəm ki, bunu oynasam, əvvəl oynadığım başqa bir obraza oxşaya bilər. Çünki çox zaman da keçməyib həmin obrazı oynamaqdan. Ortaya başqa filmlər girməyib ki, mən o emosiyalardan sıyrıla bilim. Zaman lazımdır ona görə.
- Bir az da "Solğun çiçəklər"dəki Pəri obrazından danışaq. Bu əsərin televiziya tamaşası versiyasında Pərini Bəsti Cəfərova ifa edib. Bəsti xanım bu rolu daha çox emosional qatda, temperamentli oynayıb və bu obrazın ən yaxşı ifaçılarından biridir. Siz isə Pərinin hisslərini, erotizmini, fəndgirliyini soyuq, təmkinli oynamısız və öz Pərinizi yarada bilmisiniz. Serialdan əvvəl izləmişdiniz Bəsti Cəfərovanın oyununu?
- Birincisi onu deyim ki, Pəri obrazı təklif olunanda bu rolu oynamış heç bir aktirsanın ifasına baxmadım. Bir dəfə universitetdə oxuyanda belə eləmişdim və bu, mənə baha başa gəlmişdi. Axırıncı kursda oxuyanda "Bala - başa bəla" tamaşasını qurmuşduq. Afaq xanımın oynadığı obrazı mən oynayırdım. Tamaşadan əvvəl bunu müzakirə edəndə maraqlı gəldi və baxdım. Sonrakı gün səhnəyə çıxanda özümə aid heç nə edə bilmədim və özümə xas hər şeyi itirdim. İstər-istəməz kopyalamışdım. Mənim bacarığım yoxdur ki, nəyisə götürüb özününküləşdirim. Öz oynumdan zövq almadım. Sadəcə yamsılayırdım və bunun fərqində idim. Fikriləşirdim ki, düzgün metod ola bilər, amma mənim deyil. Ona görə də baxmadım. Rola necə hazırlaşıram? Öncə ssenarini diqqətlə oxuyuram və başa düşməyə çalışıram. Söz-söz başa düşməyə çalışıram. Bəzi aktyorlar oxuyanda gözünün qabağında səhnəni canlandırır. Amma mən özümü canlandırıram, geyimi, saçımı və burdan xarakterə doğru yola çıxıram. Vizualdan çıxış edərək xarakterə çatıram. Amma əsas nöqtə çəkiliş yeridir. Obrazı orda tam hiss edirsən. Bəzən rola başqa cür də hazırlaşıram. Roldan-rola münasibətim dəyişir. O rolu öz həyatıma tətbiq etməyə başlayıram, onun kimi yaşamağa başlayaram, xasiyyətini götürürəm. İstənilən obrazı oynayanda orda mütləq şəkidə sənin bədən dilindən, jestlərindən nəsə olur. Çünki biz robot deyilik. Aktyorun plastilin kimi olmasını qəbul edirəm, amma tamamilə dəyişməsini qəbul edə bilmirəm. Təqdimatda dəyişmə ola bilər. Tutaq ki, iki mənfi obarzı oynayırsansa, onları analiz edib hər birini başqa şəkildə təqdim edə bilərsən.
- Elə rollar var ki, filmdə onun bioqrafiyası, keçmişi təqdim edilmir. Bu halda onun hərəkətlərinə bəraət vermək məqsədilə biroqafiyaları üzərində işləyirsiniz?
- Mütləq şəkildə bəraətini axtarıram. Yaratdığım obrazın davranışlarına bəraət qazandırmasam, onun elədiklərinin səbəblərini axtarıb tapmasam, tamaşaçını inandıra bilmərəm. Hətta bəzən bəraətim bu olur ki, o, sadəcə belə doğulub.
- "Mərmər soyuğu"nda sizin obrazınızın davranışı ilə bağlı bəraət yetərli deyildi. Bir restoran səhnəsində ötəri verilmişdi.
- Ssenarini oxuyanda ilk belə hiss gəldi ki, mən bu obrazı oynamaq istəyirəm. Onda menecerim Səbuhi Məmmədovla da söhbətimiz oldu. O soruşdu ki, oynamaq istəyirsənmi? Dedim, istəyirəm. Sualınıza gəlincə, dediyiniz kimi, restoran səhnəsində ata ilə bağlı söhbət açılır. Film ümumi olaraq atanın ərsəyə gətirdiyi övladın uğursuz həyatından bəhs edir. Mən belə hesab edirəm ki, qadının da məhz bu xarakterdə olması nə zamansa atasının təsiri ilə formalaşıb. Restoranda qadın atasıyla bağlı mənalı şəkildə "hə, atam məktəb direktoru idi" deyir, yaxud bir səhnədə ərindən ayrılarsa, onu qəpiksiz qoyacağını, əvvəlki günlərə qayıtmaq istəmədiyini deyir. Məncə, bunlar onun əməlində niyə bu qədər israrçı olmasına bəraət verir.
- "Mərmər soyuğu"nda çətin səhnələriniz oldu?
- Bir səhnə oldu. Açıq səhnələrə aid deyil. Kart açıb fala baxıram. Eyni zamanda paralel oğlanla danışıram. Məqsədim kart açmaq deyil. Bu səhnədəki fikir başqadır və sonrakı səhnəyə hesablanıb. Danışıram, amma alt qatda hiss edirəm ki, boşluqdur, nəsə çatmır. Bir-iki dubl çəkdik. Rejissora dedim ki, nəsə çatmır, tapa bilmirəm. Dedi ki, maraq çatmır. Dialoqa, vəziyyətə maraq çatmır. Ondan sonra oynaya bildim. Bəzən olur belə şeylər. Ssenari üzərində aylarla işləyə bilərsən. Amma çəkilişə çıxanda yüz sual çıxa bilər ortaya.
- Açıq səhnələri oynamaqda çətinliyiniz oldumu?
- Biz öncədən bilirdik ki, hansı səhnələr çəkiləcək. Ona görə heç bir narahatlıq yoxuydu. Hazırlaşanda rahat idim. Mənim tərəfimdən problem yox idi. Və o səhnələrin heç biri əsaslandırılmasaydı, rejissora, operatora güvənməsəydim, bu işə qol qoymazdım. Tərəf müqabillərimdə də narahatlıq hiss eləmədim. Dubllar da çox olmadı.
- Bir aktyorun yaxşı nəticə göstərməsi üçün hansı şərait olmalıdır?
- Ümumən, şərait olmalıdır. Geyim, qrim, bu kimi detallar ən yaxşı formada olmalıdır. Çəkiliş heyətini düzgün seçmək lazımdır ki, mühitə mənfi təsir göstərməsin, yaradıcı mühit olsun. İşlədiyim layihələrdə bunun ən yaxşı və orta səviyyəsini görmüşəm. Yaxşı olardı ki, filmlər intensiv çəkilsin. Aktyor çəkilməyəndə korşalaşa bilər, hisslərini, itiliyini itirə, depressiyaya düşə bilər. Daimi çəkiliş olsun ki, aktyorlar seçim qarşısında qalsın.
- Aktyor kimi kumiriniz varmı?
- Monika Vitti səviyyəsində aktrisa olmağı çox istərdim. Onun kimi bir rejissor üçün vazkeçilməz, daimi müraciət elədiyi aktrisa olmağı arzulayıram.