"Günə son" müzakirə proqramının varlığından o məşhur qısa video internet resurslarında sürətlə yayılanda xəbər tutdum. Psixoloq Əfsanə Rüstəmovanın sosial şəbəkələrdə səs-küy doğuran "Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi haqqı var. Mənim 3 minlik bir telefona emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək hüququm var" fikirlərini nəzərdə tuturam. Müzakriərlə səbəb olan sözügedən kontentə irəlidə qayıdacağam.
Həftənin beş günü ARB kanalının efirində yer alan "Günə son" teleproqramının əsas aparıcısı Ülvira Qarayeva təcrübəli jurnalistdir. Müxtəlif telekanallarda çalışıb, xəbərlər proqramında işləyib, parlament müxbiri qismində fəaliyyət göstərib, sənədli filmlər çəkib, mühüm mövzularda maraqlı, peşəkar araşdırmalar edib. Hərçənd, onu aparıcı kimi populyarlaşdıran daha çox ANS-in efirində yayımlanan, Elgiz Əkbərlə birgə apardığı "Toy olsun" evlilik şousu oldu. ANS-in bağlanmasından sonra Ülvira Qarayeva ARB kanalında özü də daxil olmaqla üç aparıcı ilə birgə şou dünyasındakı qalmaqallara işıq tutan "Günə son" proqramını təqdim elədi. Burdan ayrılandan sonra isə yutub platformasında "AStar" adlı layihədə müxtəlif sahələrdə çalışan şəxslərlə maraqlı müsahibələriylə gündəmə gəldi. Ümumiyyətlə, Ülvira Qarayeva peşəkar, savadlı aparıcıdır, müsahiblərini danışdırmağı bacarır və mənə elə gəlir ki, o, teleaparıcı kimi öz potensialını məhz "AStar" layihəsində realizə edə bilir.
İndi yenidən ARB kanalına eyniadlı, lakin fərqli formatda hazırlanan "Günə son" verilişi ilə qayıdan Ülvira Qarayeva "AStar" layihəsindəki peşəkarlğını burada dolğun göstərə bilmir.
"Günə son" konsept kimi maraqlıdır. Aktual sosial, ictimai problemlərin müzakirə olunduğu verilişdə iki studiya fəaliyyət göstərir. Birinci studiyada Ülvira Qarayeva mövzu üzrə mütəxəssislərlə polemika aparır. Və lap əvvəldə gündəmdəki müxtəlif hadisələrlə bağlı infomasiya verilir, eyni zamanda müzakirə olunan mövzuya dair süjetlər, sorğular yayımlanır.
İkinci studiyada isə şou xəbərlər üzrə jurnalist, aparıcı kimi ikinci planda qalan Əfruzə Ağayevanın təqdimatında bir neçə şou adamı mövzuya qeyri-peşəkar, yəni sıravi vətəndaş münasibəti bildirir. Vətndaş münasibəti üçün məhz şou dünyasından kimlərisə dəvət etmək, bir daha telekanalların müğənni asılılığından xilas ola bilməməsinin və ya "müğənni qonaq gəlməsə, veriliş baxılmaz" kompleksinin təzahürüdür. Halbuki ikinci studiyada sadə, tanınmayan vətəndaşlar dəvət oluna bilərdi. Misalçün, təhsildən söhbət gedirsə, məktəblilərin baxış bucağından təhsilin problemlərinə nəzər salmaq daha maraqlı deyildimi?!
Verilişin başqa bir problemi Ülvira Qarayeva ilə Əfruzə Ağayeva tandeminin uyğunsuzluğu, orqanik görünməməsidir. Fikirlərini səlis, dolğun ifadə etməkdə çətinlik çəkən Əfruzə Ağayevanın aparıcı kimi təcrübəsizliyi, nitq mədəniyyəti səviyyəsinin qənaətbəxş olmaması həmkarının fəaliyyətinə də mənfi təsir göstərir. Verilişlərdən birində müzakirə edilən mövzulardan biri ali təhsil və peşə təhsil ilə bağlıydı. Daha doğrusu, suallar belə qoyulmuşdu ki, hər kəs ali təhsil almağa məcburdurmu? Və ya niyə ailələr övladlarını ali təhsil almağa məcbur edir? Halbuki ali təhsil tələb etməyən peşə sahiblərinin daha çox pul qazanmaq imkanları var və s. Belə bir maraqlı mövzuya aparıcıların arqumentsiz giriş-müzakirəsi məişət ortamındakı iki nəfərin şəxsi söhbəti səviyyəsində gedir.
Ülvira Qarayeva:
- Şou biznesdən yazan jurnalistin təhsili niyə olmalıdır?
Əfruzə Ağayeva:
- Mən özüm sosialdan başlamışam. Görürdüm ki, yazımı 300-500 adam oxuyur. Bu da məni qıcıqlandırırdı ki, niyə yazımı az adam oxuyur? Mənə maraqsız gəlirdi də yəni. Gedirdim bir bazara reportaj çəkirdim, süjet hazırlayırdım, əziyyət çəkirdim, qiymətlərin bahalaşması ilə bağlı, baxan olmurdu. Amma qoyurdum ki, Türkan Aysunun saçını yoldu, qapaz vurdu, hamısı ona girib baxırdı. Kriminal və sosial jurnalistikadan başlamışdım. Adım yoxuydu heç yerdə.
Ü.Q:
- Və daha çox tanındın.
Ə.A:
- Tanınmaqdan başqa, daha
çox qazanc əldə elədim.
Təqdim elədiyim qısa söhbət efir mədəniyyətinə adekvat deyil. Əlbəttə ki, tamaşaçıyla ünsiyyət yaratmaqdan ötrü, yeri gələndə (formatdan, situasiyadan asılı olaraq həm də) onun dilində sadə danışmaq da qəbulediləndir. Lakin zərurət yaranmadan, əyri-üyrü, nizamsız, məişət cümələrilə və üstəlik, dayaz fikirlərlə tamaşaçı qarşısına çıxmaq ona hörmətsizlikdir. Tamaşaçı ciddi mövzuların altına girən aparıcıya inanmalıdır. İnanması üçün aparıcının intellektual səviyyəsindən, savadından savayı, müzakirəyə çıxardığı mövzu, onun problematik nöqtələri haqda məlumatlı olması şərtdir. Əfruzə Ağayevanın bilgilərinin məhdudluğu bir yana, müsahiblərini danışdıra bilmir. Təhsil mövzusunun müzakirəsində qonaqlardan biri müğənni Nura Suri idi. Əfruzə Ağayeva müğənnini efirə çağırmasını onun sosial şəbəkələrdə maraqlı statuslar yazması ilə əlaqələndirdi. Çoxdan bu barədə yazmışdım, yenə qısa xatırlatma edim. Nura Surinin savadsızlıqda və cahillikdə boğulan əksər şou adamlarının fonunda seçilməsi təbiidir. O, ağıllı manipulyatordur: müsahibələrində bir neçə yazıçı, rəssam, rejissor adı çəkməklə intellektual müğənni obrazına susamış müəyyən kəsimin rəğbətini qazanıb. Bir balaca diqqətli olmaq yetrlidir ki, çıxışlarında baxışının səthiliyini görəsən, ona görə, adətən ədəbiyyat, kino mövzusunda fikirlərinin davamını gətirə bilmədiyindən "uzun danışmaq istəmirəm" deyib son qoyur.
Biz isə mövzunu davam etdirək. Nura Suri özünə qarşı xüsusi diqqət görmədiyindən, ikinci studiyada oturduğundan qəzəbləndi və mütəxəssisləri təkrar fikirlər söyləməkdə qınayaraq (halbuki özü də yeni nəsə demədi) qeyzlə verilişi tərk elədi. Gözlənilməz vəziyyətə hazır olmayan Ülvira Qarayeva isə təmkinli, peşəkar münasibət göstərmək yerinə aqressiyasını gizlədə bilmədi, sözünü kobudcasına kəsdi və iqnor elədi. Format maralı olsa da, aparıcı iki studiyanı, 7-8 qonağı idarə eləməkdə, onlara bərabər şəkildə söz verməkdə çətinlik çəkir, buna görə doğrudan da ağız deyəni qulaq eşitmir və xaos yaranır. Xüsusən də, Ülvira Qarayeva emosional, hövsələsiz olduğundan bəzi hallarda qonaqlarına fikrini tamamlamağa imkan vermir.
Yadımdan çıxmamış bunu da deyim. Onsuz da telekanalların əksərində şou proqramlar üstünlük təşkil edir. İctimai-siyasi verilişdə Əfruzə Ağayevanın sarı medianı təbliğ etməsi, jurnalistikanın digər istiqamətlərini nüfuzdan salan pozisiyası ən azından etik deyil. Özü də ciddi problemlərin müzakirəyə çıxarıldığı layihədə. Bütün hallarda o, baxışını uyğun ifadə formalarından istifadə edərək, savadlı arqumentlərlə çatdıra bilərdi. Təbii ki, savadı, söz bazası yetərli olsaydı...
Çətinliklə izlədiyim buraxılışlardan biri selektiv abortla bağlıydı. Çünki aparıcı tərəfsiz mövqe tutmaq əvəzinə tərəf tutur, emosiyalarına hakim ola bilmirdi. Yəni özünü aparıcıdan çox qadın haqlarının müdafəçisi, feminist kimi aparırdı. Aparıcı tərəf tutanda isə problemin qatları, mahiyyəti açılmır. Məsələn, hüquqşünas Şamil Paşayevin konkret, arqumentli çıxışına ("Qanunlar birmənalı qadının tərəfindədir. Qanunda kişilərin hüquqlarının qısıtlandığı yerlər var, qadınların hüquqları isə aşırı surətdə artırılıb: qadın həbsxanaya girmir (cəzaçəkmə müəssisəsi növündən asılı olaraq-red.), qadın orduya getməkdən azaddır, hamiləlik dövründə qadın istəməsə kişi nikahı poza bilməz, qadın isə poza bilər. Eyni cinayəti edəndə kişi daha çox cəza alır, nəinki qadın. Bizdə patriarxal cəmiyyət elementləri var. Və bundan qadından çox kişilər əziyyət çəkir. Kişi ağlamamalıdır, hirslənməməlidir, evə baxmalıdır, kişinin əsəbləri yerində olmalıdır. Kişini çox yükləmişik. Sonra da deyirik hüquqlarımız bərabərdir)". Hüquşünasın fikirlərinə əks arqument tapa bilməyən aparıcının reaksiyası "Yox əşşi" olur. "Yox əşşi" peşəkar yanaşma yox, rasional ola bilməməyin, mövzuya yaxşı hazırlaşmamağın nəticəsidir. Yaxud sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda oğlanın nəslin davamçısı kimi görülməsi baxışının tarixdən gəldiyini deyəndə Ülvira Qarayevanın əsəblə "Nəslin davamçısı nədir, bu, İlon Maskdır, niyə bizdə oğul düşmənə sipər kimi qəbul edilir" münasibəti də həmçinin qeyri-peşəkar yanaşmadır.
Ötən illərdə selektiv abort mövzusunda yazdığım məqaləmdə ailələrimizdə oğlan uşağına üstünlük verilməsinin, düşmənə çəpər kimi görülməsinə etiraz etmişdim. Gerçəklik cahilliyimi, qadın emosiyalarıma yenildiyimi göstərdi. Qadınların orduya getmək öhdəliyindən azad olduğu, mürəkkəb geosiyasi vəziyyət, coğrafi-siyasi şərtlər doğrudan da kişi gücünü, oğulun düşmənə sipər tendensiyasını aktuallaşdırır. Bu gün biz ölkəmizin ərazi bütövlüyünə görə hər şeydən öncə kişilərimizə borcluyuq.
Psixoloq Əfsanə Rüstəmovanın qalmaqallı fikrilərinə gəlincə, həmin buraxılışı tam izlədim. Çünki çox vaxt fikirlər qısa videolarda kontekstdən çıxarılaraq təqdim olunur. Və fikrin necə bir vəziyyətdə, emosional şəraitdə, üstəlik, hansı fikrə qarşı deyilməsindən çox şey asılıdır. Qonaqlardan biri boşanmaların sayının bu il daha çox olduğunu dedi. Əfsanə Rüstəmova təklif elədi ki, boşanma statistikasını bir də belə dəyərləndirək: "O boşananların içində neçə faiz "gözün üstə qaşın var, mənə niyə şuba almadın" deyən olub? Bizim Azərbaycan qadını deyəndə nəzərdə tutduğumuz fiqur məhz körpəsinə şillə dəyəndən sonra hərəkətə keçən qadın fiqurudur". Yəni psixoloq xanımın çatdırmaq istədiyi fikir bu idi ki, nə qədər qadın fiziki zorakılığa məruz qalmadan, elə ilk emosional təzyiqlə rastlaşanda boşanıb. Sadəcə, fikirlərini ifadəsi zamanı çəkdiyi misal doğru deyildi. Gedişatda hiss elədim ki, Əfsanə Rüstəmova yanlış anlaşıldığını, studiyadakı qonaqların və aparıcıların heyrətə gəldiyindən həvəslənərək, fikirlərinə qəsdən daha provokativ formada davam elədi. Həmin verilişdə maraqlı detal, psixoloqun dediklərindən az qala şok keçirən Əfruzə Ağayevanın "Ülvira xanım, diqqət elədiz onun fikrinə, deyir, kişi telefon almırsa, boşanmalıyam, nə deməkdir" həyəcanlı münasibətiydi.
..."Günə son"un müsbət mənada seçilmək potensialı çoxdur. Lakin bir qədər məsuliyyətsizlik, epataj arxasınca qaçmaq, emosiyaların arqumentasiyanı üstələməsi, mövzuya yetərincə hazırlaşmamaq və s. cəhətlər proqramın təəssüf ki, peşəkar səviyyədə təqdimatına mane olur.