Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə layihəsi çərçivəsində həyata keçirilən, mədəniyyət sahəsi üzrə püxtələşmək istəyən gənc jurnalistlər üçün nəzərdə tutulan “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə çoxdan ehtiyac vardı. Çünki mediada yer alan mədəniyyət yazılarında qeyri-peşəkarlıq halları və şouya meyillilik çoxdur, üslub müxtəlifliyi nəzərə çarpmır, analitik düşüncə zəifdir, mədəniyyətin problemlərinə ya toxunulmur, ya da səthi münasibət var və s.
Təlimçi qismində layihəyə dəvəti həvəslə qəbul etdim. Jurnalistika fakültəsindəki demokratik ab-havadan, tələbələrin hazırlığından, maraqlı, savadlı suallarından məmnun qaldım. Və tələbələrlə görüşü səmərəli təşkil edən, səmimi ortam yaradan layihənin koordinatoru Nadir Yalçına, BDU-nun jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğluna xüsusi təşəkkür edirəm.
Təlimə hazırlaşanda əsas məqsədim gənc jurnalistlərə çalışdığım sahə üzrə mümkün qədər praktiki, faydalı bilgilərin ötürülməsiydi. Elə yazımı da kinotənqidi və kinojurnalistika ilə bağlı zəruri bilgilərin verilməsi üzərində qurmuşam.
Həyat reallıqlarını nəzərə alaraq mühazirəni bu sualla başladım: bir jurnalisti kinodan yazmağa, bu sahədə peşəkarlaşmağa nə vadar edə bilər? Onun maddi baxımdan motivasiyası nə ola bilər və bu sahədə onu hansı perspektiv gözləyir? Hazırda kinoyazarlığı sahəsində nəzərəçarpan boşluq var; saytlarda demək olar ki, savadlı, məlumatlı, kinonun problemlərini doğru qaldıran məqalələrə az rast gəlinir. Rəqabətin olmaması və boşluq seçilmək, parlamaq şanslarını artırır. Əlbəttə ki, seçilməkdən ötrü mütləq şəkildə, peşəkarlaşmaqla, davamlı yazmaqla bu sahədə nüfuz qazanmaq vacibdir.
Azərbaycanda serial sektoru pis-yaxşı inkişaf edir, tamaşaçı auditoriyası formalaşıb, keyfiyyətli seriallar çəkilir, üstəlik, internet serialları da mövcuddur. Ancaq seriallar haqda peşəkar, davamlı məqalə, analiz yazan yazarlar yoxdur. Ümumiyyətlə, kinonun bir növü kimi serialla bağlı bilgilər əldə etmək və onu artırmaqla, yerli serialları izləyərək müntəzəm təhlil-tənqidi məqalələri yazmaqla, sektorun problemlərini araşdırmaqla, həmçinin, dünya serial sektorunda tendensiyaları izləməklə, siz bu sahə üzrə hətta peşəkar, populyar ekspertə çevrilə bilərsiz. Saytların da, oxucunun da sizin fikirlərə, yazılarınıza tələbatı yaranacaq. Ona görə bu sahədə özünüzü sınamağa tələsin.
Peşəkar kinotənqidi, kinojurnalisti olmağınız sayəsində (xarici dil bilginiz də varsa) xaricdə keçirilən təlimlərə, forumlara, festivallara müntəzəm qatılmaq, hətta jüri qismində iştirak imkanlarınız çoxalacaq. Əcnəbi saytlara yerli kinomuz haqda araşdırma və məqalələr yazmaq, filmlərdə redaktor olmaq həm də maddi baxımdan gəlir əldə etməyinizdir. Eyni zamanda hansısa yerli və xarici kinolayihələrdə koordinator, ekspert kimi çalışmaq şansınız var. Bundan başqa, Azərbaycan Kinematoqrafçılar İttifaqı peşəkar auditoriya üçün nəzərdə tutulmuş kinoyazar.az saytının, “Fokus” akademik kinojurnalının yeni müəlliflərə ehtiyacını həmişə dilə gətirir. Əlbəttə ki, yerli sayt və qəzetlərdə kino sahəsi üzrə boşluğu doldurmaq da öz yerində. Başqa bir məsələ, maraqlı yanaşmalar tapacağınız halda, kino bilgiləriniz sayəsində sosial şəbəkələrdə bu sahə üzrə uğurlu blogerlik imkanlarını da sınaqdan keçirmək olar.
Yeri gəlmişkən, özünü kino sahəsində yetişdirmiş, BDU-nun jurnalistika fakültəsinin məzunu Turanə Allahverdiyevanı örnək kimi göstərmək istəyirəm. Turanə Allahverdiyeva uzun müddət İTV-nin “Film media” verilişinin müəllifi və aparıcısı olub, hazırda müxtəlif sənədli filmlərdə redaktor və ssenarist kimi çalışır, kanalıın səhər proqramında kino yenilikləri haqda savadlı analizlərlə çıxış edir.
Kinodan yazan jurnalistlərin əksərinin başlıca çatışmayan cəhəti kino haqda zəruri bilgilərinin yoxluğu, yazılarında bu sahədəki mövcud problemləri doğru qaldıra bilməmələridir. Elə bu yerdəcə, kinojurnalistika ilə kinotənqidini ayırmaq istəyirəm. Kinodan yazan jurnalist əgər, resenziyalar yazmaq istəmirsə və ya buna potensialı yoxdursa, sadəcə, informativ mətnlərlə, bir film haqda səthi, amma savadlı məqalələrlə kifayətlənmək istəyirsə, bütün hallarda kinematoqrafiya ilə bağlı zəruri bilgilərə yiyələnməsi vacibdir. Məsələn, həqiqi festivalla saxta fesitval arasında fərqi bilməmələri nəticəsində, dəfələrlə olub ki, yerli mediada saxta festivalda iştirak etmiş filmlər bəh-bəhlə təqdim olunub. Yaxud, kinojurnalisti bir Azərbaycan filminin hansı halda Oskar mükafatına, A kateqoriyalı festivallara düşə biləcəyini, bunun üçün nələrin tələb olunduğunu, festivalla Oskar mükafatının fərqini, janrları, kinoistehsalatı prosesindəki mərhələləri, müəllif və kommersiya kinosu anlayışlarının mahiyyətini, prodüserin funksiyasını və s. bilməlidir. Ən əsası savadlı kinojurnalist “niyə bizdə Hollivud səviyyəsində filmlər çəkilmir” kimi qeyri-peşəkar suallar verməməlidir...
Peşəkar kinotənqidçi olmaqdan ötrü isə ilk növbədə kinonu həyat tərzinə çevirməyi bacarmalısız və çoxlu film izləməlisiz. Yaxşı olardı ki, filmlərə sistematik şəkildə baxın. Misalçün, Devid Qriffitin, Robert Flaertinin, Eyzenşteynin, Vertovun, alman ekspressionistlərinin, fransız kinoavanqardının və digər cərəyanların nümayəndələrinin filmlərinə baxmağınız sizə müasir filmləri rahatlıqla qiymətləndirmək imkanı verəcək. Çünki müasir kino mütləq şəkildə keçmişin üslubundan, formalarından bəhrələnir. Tarantinonun “Kriminal qiraət” filmini izləyəndə anlayacaqsız ki, onun təhkiyəsinin strukturu həm də Kubrikin “Qətl” filminə əsaslanır. “Qətl” isə Kurosavanın “Rasyömon” filminə istinad edir. Film izləməyiniz sizə kinonun estetik konsepsiyalarını asan qavramaqda da kömək edəcək.
İkinci vacib qayda mütaliədir. Praktiki bilgi üçün dahi rejissorların məqalələrini və müsahibələrini oxuyun. “Fellini Fellini haqda”, “Berqman Berqman haqda”, “Antonioni Antonioni haqda” və digər oxşar kitablar kino sənətinin mahiyyətini dəqiq anladacaq.
Sid Fildin “Ssenari” əsərinin stolüstü kitabınız olmasında fayda var. Burda ssenarinin necə yazılması detallarınadək çox sadə izah olunur ki, bu da dolğun resenziyaların yazılmasında rol oynayacaq.
Loran Tirarın “Peşəsi rejissordur” kitabında məşhur rejissorların kino ilə bağlı ustad dərsləri əhəmiyyətli kinotəcrübədir. Mütaliə həm də assosiativ düşüncənin inkişafı baxımdan vacibdir.
Digər oxumalı ədəbiyyat təsviri incəsənət haqda kitablardır ki, kino vizual sənət olduğundan bu sahəyə dair bilgiləri də zəruri edir.
Mütaliə üçün Azərbaycan Kinematoqrafçllar İttifaqının təşəbbüsü ilə çap olunmuş, Azad Yaşarın tərcüməsində Tarkovskinin “Həkk olunmuş zaman”, “Fokus” kinojurnalının sayları, sənətşünas Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabını da mütləq şəkildə tövsiyə edirəm.
Resenziyanı yazanda nədən başlamaq lazımdır, hazırlıq prosesi necə olmalıdır?
Bir filmə iki dəfə baxın. Diqqətinizi çəkən qeydləri edin. Filmi izləyəndən sonra dərhal kompüter arxasına keçməyin. Rejissor işini, təsvir həllini, aktyor oyununu və s. beyninizdə uzun-uzadı analiz edin, həmin filmə baxmış dost-tanışlarınızla bu haqda danışın, müzakirələr aparın.
Haqqında yazacağınız filmin rejissorunun öncəki işləriylə tanış olun, müsahibələrini oxuyun. Misalçün, mən İsveç rejissoru Tarik Saleh haqda yazanda, onun bütün filmoqrafiyasını izlədim, biroqrafiyasını, müsahiblərini oxudum. Bu, yazımda hansı məqamlara vurğular etməyi, yaradıcılığında onun hansı xətlərə üstünlük verməsini, portretini aydınlaşdırdı.
Film haqda yazanda, təsvir olunan hadisənin sosial, tarixi və s. kontekstini nəzərdən qaçırmayın. Abbas Mirzə Şərifzadənin “Bismillah” filmindən yazırsınızsa, kənar mənbələrdən hadisələrin baş verdiyi dövrü, mühiti, eyni zamanda filmin hansı tarixi şəraitdə çəkildiyini öyrənin.
Amma bu o demək deyil ki, öyrəndiyiniz hər şey resenziyada yer almalıdır. İnformasiyalar sizə mövzu haqda məlumatlı olmağınız, özünə inam hissini gücləndirmək üçündür. Hətta əldə etdiyiniz bilgilər məqalədə yer almasa belə, mövzuya hakim olmağınız yazıda duyulacaq və nəyi yazıb-yazmadığınızı məqalənin dramaturgiyasına uyğun olaraq müəyyənləşdirəcəksiz.
Mütləq şəkildə tənqidi də, filmin müsbət yanlarını da əsaslandırın. Resenziyada əsaslandırılmış fikirlər yoxdursa, deməli, o, alınmayıb. İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmində Barat obrazına rejissor münasibətini tənqid edərək fikrimi belə əsaslandırmışdım: “Kolxoz sədri Barat əvvəldən axıradək tamamən neqativ intonasiyada təqdim olunur və bununla da rejissor ona münasibətini dərhal bəyan edir. Aydındır ki, Barat Mir Cəfər Bağırovun, Stalinin ümumiləşmiş obrazıdır. Lakin Barat obrazının dramaturji inkişafı yoxdur, o, son dərəcə birmənalı və səthidir, onun qəddarlığının mənbəyi naməlumdur. Bu yanaşma Baratı mürəkkəb bədii obraza yox, sadəcə, şərin illüstrasiyasına çevirir. Maraqlıdır ki, sənətlə bağlı konkret doqmatik şərtlər, tələblər irəli sürən sovet dönəmində çəkilmiş “Tütək səsi”nin Cəbrayılı belə birmənalı təqdim olunmur, onun işinə vicdanlı yanaşması və müharibə bitməmiş bir əsgər arvadı ilə sevgi hekayəsi ziddiyyət, suallar yaradır”...
Bütün hallarda gənc jurnalistlərə kino yazarlığı ilə dərin şəkildə, kinotəniqdi istiqamətində yetişməyi məsləhət görürəm. Təlimdə də dediyim kimi, Kinematoqrafçılar İttifaqı Mətbuat Şurası ilə birgə kinotənqidi ilə məşğul olmaq istəyən gənc jurnlasitlər üçün yeni mövsümdə konkret proqramlar əsasında ödənişsiz təlimlər, emalatxanalar təşkil etmək niyyətindədir. Nəzərdə tutulan təlimlərdə kinoşünaslıq haqda geniş bilgilər veriləcək, resenziyanın yazılma qaydaları konkret filmlər əsasında öyrədiləcək.