Dünən Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə Patent hüquqi müqaviləsinə dair seminar öz işinə başlayıb.
Tədbir Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun həyata keçirilməsi üzrə fəaliyyət planı çərçivəsində keçirilir.
Açılış mərasimində çıxış edən agentliyin sədri Kamran İmanov bildirib ki, seminar Prezident İlham Əliyevin müvafiq sərəncamından irəli gəlir: "Tədbir dövlət başçısının imzaladığı sənədə əsasən, patent alınması prosesini sadələşdirən Patent hüququ müqaviləsinə qoşulmaq üçün müvafiq tədbirlərin görülməsi göstəricinin icrası ilə əlaqədardır. Ümidvaram ki, Azərbaycan son nəticədə bu müqaviləyə qoşulacaq".
Azərbaycanın uğurla inkişaf etdiyini, yeniləşdiyini, innovasiyalı yoldan keçdiyini deyən K.İmanov qeyd edib ki, Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır: "Bunun yarısı xarici sərmayələrdir. Bu, Azərbaycan dövlətinə iqtisadiyyatı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu "Doing Business" hesabatına əsasən, Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsindən biridir".
Agentliyin sədri bildirib ki, Azərbaycanın uğurlu inkişafını cari ilin ilk aylarının yekunları da təsdiqləyir: "Ümumi iqtisadi artım 3 faiz, qeyri-neft sektorunda isə 14 fazi təşkil edir. Azərbaycanın bugünki reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya dövlətləri tərəfindən islahatçı dövlət kimi tanınır. Bu islahatlar hər bir sahədə, o cümlədən, əqli mülkiyyət sahəsində geniş miqyasda həyata keçirilir".
K.İmanov deyib ki, 2018-ci ildə həyata keçirilən struktur, instutisional və iqtisadi islahatlar nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verib: "Dövlət başçısının sərəncamı ilə Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Əqli Mülkiyyət Agentliyi yaradılıb".
Agentliyin sədri qeyd edib ki, sənaye mülkiyyəti əsasında ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib, onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib: "Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına, əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətə başlayıb".
K.İmanov bildirib ki, yeni qurum qarşısında duran vəzifələr dövlət başçısının göstərişinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir: "Müəllif hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent, əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsi agentliyin qarşısında duran vəzifələrə daxildir.
Daha sonra agentliyin sədri qarşıda duran funksional vəzifələr barədə danışıb: "Agentliyin əsas vəzifəsi ilk növbədə dövlət başçısının innovasiyalaı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasətinə əqli mülkiyyətin təsiri və innovativ inkişafa xidmət etməsi ilə bağlıdır. Bunun yanaşı, beynəlxalq miqyasda əqli mülkiyyət ilə bağlı yeni amillərin - ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommerasiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommerasiyalaşması və transferinin ön plana çıxarılması, kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi rolunun, innovasiya imkanlarının artırılması, əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması, həmçinin, əqli mülkiyyətin yeni fəaliyyətin konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi nəzərə alınması vacibdir".
K.İmanov bildirib ki, şəffalığı təmin etmək, patent, əmtəə nişanlarının sifarişçiləri, ekspertiza və digər xidmət aparanlarla kontektsız münasibət qurmaq məqsədilə ASAN tipli "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) informasiya sisteminin yaradılması işlərinə başlanılıb: "Artıq işlər həyata keçirilir. Yaradılan strukturların biznes layihələri hazırlanıb, lazımi tədbirlər görülür".
Agentliyin sədri milli patent qanunvericiliyinin bir neçə dəyişikliyi üzərində dayanıb və qeyd edib ki, müəlliflik hüququnda müəlliflərin və cəmiyyətin maraqları arasında "qızıl ortaq" olduğu kimi, patent hüququnda da iddiaçıların və cəmiyyətin maraqları arasında tarazlığı təmin etmək nəzərdə tutulur: "Bunun nəticəsi olaraq müəllif-hüquq strukturları və ya patent təşkilatları müəyyən hakim funksiyalar daşıyırlar. Müəllif hüququndan söhbət getdikdə, struktur bu növ funksiyaları yerinə yetirməkdə çətinlik görmür. Çünki açıqlanmış əsərlərə avtomatik qorunma, ictimaiyyətə isə əsərlə tanış olmaq imkanı verilir. Müəllif-hüquq strukturunda əsərlərin qeydiyyatı könüllülük prinsipi əsasındadır".
Patent hüququna gəldikdə isə K.İmanov bildirib ki, bu halda patent təşkilatı tərəfindən hakim funksiyaların yerinə yetirilməsi mürəkkəbləşir: "Məsələ ondadır ki, hüquqi qorunma yalnız ekspertizanın müsbət qərarı verildikdən, patentin qeydə alınmasından sonra başlana bilər. Avropa Patent Təşkilatı, Avrasiya Patent İdarəsinin təsdiq etdiyi təcrübə də göstərir ki, milli patent təşkilatı getdikcə daha çox öz müştərilərinə xidmət göstərən struktur kimi çıxış etməli və buna əsaslanaraq xidmətin göstərilməsini ləngidən bürökratik əngəllərn götürülməsi istiqamətində çalışmalı, ekspertiza işlərini sürətləndirməli, güzəştlər sistemini, vergi preferensiyalarını tətbiq etməlidir. Təbii ki, bu baxımdan Patent hüququ müqaviləsinin əhəmiyyəti danılmazdır və ən qısa zamanda müqavilə üzvləri sırasına daxil olmağa vacib məsələ kimi baxılır. Hətta dövlət başçısının yol xəritələri ilə bağlı sərəncamında prioritet istiqamətlərdən biri kimi Patent hüququ müqaviləsinə daxil olmaq məsələsi qoyulub".
Daha sonra çıxış edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin hüquqi məsələlər üzrə əməkdaşı Aida Dolotbayeva bildirib ki, seminarın mövzusu çox əhəmiyyətlidir: "Patent hüquqlarına yanaşma ölkələr üzrə fərqlənir. Bu müqavilə isə bütün üzv dövlətlərə eyni hüquqlar üzrə fəaliyyət göstərmək imkanı verir. Bu formal tələblər prosesi olduqca sadələşdirir, əlavə vaxt itkisinin qarşısını alır".
A.Dolotbayeva seminarda Patent hüququ müqaviləsi üzrə 7 əsas mövzunun müzakirə olunacağını bildirib: "Ekspertlər bu mövzular barədə çıxış edəcək, dəyərli fikirlərini, təcrübələrini bölüşəcəklər".
Rəsmi hissədən sonra seminar çərçivəsində məruzələr dinlənilib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov "Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsində həyata keçirilən islahatlar və agentliyin qarşısında duran vəzifələrdən danışıb.
Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzinin direktoru Xudayat Həsənli patent qanunvericliyinin təkmilləşdirilməsi barədə çıxış edib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin hüquqi məsələlər üzrə əməkdaşı Aida Dolotbayeva Patent hüququ müqaviləsinin icmalını təqdim edib, müqavilə üzrə iddia sənədinin verilməsi tarixinin müəyyən olunmasına dair tələblərdən danışıb.
Estoniya Patent İdarəsinin Patent şöbəsinin böyük mütəxəssisi Vera Tereşşenkova "Patent hüququ müqaviləsi üzrə iddia sənədinin verilməsi tarixinin müəyyən olunmasına dair tələblər: milli tətbiq" mövzusunda məruzə oxuyub.
Avrasiya Patent İdarəsinin Hüquqi dəstək, keyfiyyətə nəzarət və sənəd dövriyyəsi bölməsinin hüquq şöbəsinin direktor müavini Yuliya Fyodorova isə Patent hüququ müqaviləsinin ehtiyyatsızlıqdan hüquqların itirilməsinin qarşısının alınasmına dair müdəalarından danışıb.
Qeyd edək ki, seminar bu gün başa çatacaq.
Ceyhun ABASOV