“İrəli” İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər kuboku: Aprel zəfəri” layihəsi həyata keçiriləcək.
Layihə haqqında məlumat verən “İrəli” sədri Mirhəsən Seyidov qeyd edib ki, “Gənclər kuboku: Aprel zəfəri” Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşlərinə həsr olunub: “20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və uğurlar qazanır. Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri Azərbaycan gəncinin idmana artan marağıdır. 2015-ci il Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarının və digər genişmiqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilməsi bu hərəkata öz töhfəsini verib”.
M.Seyidov bildirib ki, vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynelxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirmək olar: “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanmasına, sağlam gəncliyin yetişdirilməsinə töhfə verməkdir. Həmçinin, müxtəlif idman oyunları keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet istiqamətlərindəndir”.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edir. Layihədə 1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində həftə sonları gənclər arasında futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, yüngül atletika yarışları keçiriləcək.
Yarışlar mart-aprel aylarını əhatə edəcək.
Bir sıra yarışlar “İradio”da canlı şərh olunacaq. Həmçinin, komanda oyunlarının nəticələri haqqında “www.youthcup.az” saytında məlumatlar yerləşdiriləcək.
CEYHUN