Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Qadının müasir cəmiyyətdə yeri və rolu" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova, Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının dosenti, Gender Araşdırmaları Mərkəzinin direktoru Kifayət Ağayeva, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə kapitanı, psixoloq Gülşən Əliyeva, Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, ekspertlər və İnstitutun müəllim-tələbə heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə sosioloq, psixoloq, yerli və beynəlxalq arenada nüfuz qazanmış peşəkarlarla davamlı görüşlər keçirir, seminar, təlim və bilik yarışmaları təşkil edir.
Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva isə vurğulayıb ki, bəşər sivilizasiyanının inkişafında və bugünkü tərəqqiyə çatmasında kişilərlə yanaşı, qadınların da əvəzsiz rolu və xidmətləri vardır. Mövzunun aktuallığına toxunan Z.Əliyeva vurğulayıb ki, qadınların cəmiyyətdə rolu, ictimai və dövlət həyatında iştirakını nəzərə alaraq, İnstitutda "Qadının müasir cəmiyyətdə yeri və rolu" mövzusunda "dəyirmi masa" təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Dövlət qadın siyasəti: imkanlar və perspektivlər" mövzusunda çıxış edib. O, ölkədə gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova tədbirdə bildirib ki, ümumi insan azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri var.
Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə çıxışı zamanı ailədə şiddət görən qadınların və uşaqların üzləşdikləri çətinliklərə toxunub.
Tədbirdə qadının müasir cəmiyyətdə yeri və rolu, bu istiqamətdə aparılan işlər, mövcud problemlər, perspektivlər müzakirə edilib.
S.QARAYEVA