|
|
|
|
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.
ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə "ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat" və cari məsələlər daxildir.
Rektor çıxışında qeyd edib ki, payız semestrinin imtahan sessiyası mütəşəkkil keçirilib, aşkarlıq, şəffaflıq və obyektivlik tam təmin edilib. Bütövlükdə sessiya uğurla başa çatıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cəmiyyətdə ADPU-ya baxış dəyişib. Həm cəmiyyət, həm də rəhbərlik ADPU-da həyata keçirilən səmərəli fəaliyyətə rəğbətlə yanaşır. Bu, bütün kollektivimizin uğurudur. ADPU dünyanın aparıcı universitetləri ilə əlaqələri və əməkdaşlığı genişləndirir. Mən Təhsil Nazirliyinin xətti ilə bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olmuş, müxtəlif görüşlərdə iştirak etmişəm. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə danışıqlar aparılır. Bu əlaqələr bizim üçün yeni imkanlar, yeni perspektivlər açacaq.
"ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat" məruzəsi ilə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edərək bildirib ki, payız semestrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. İmtahan sessiyasının təşkilinə və keçirilməsinə nəzarət, aşkarlıq və şəffaflığın daha da artırılması məqsədilə 20 nəfərdən ibarət İctimai Şura yaradılıb. İctimai Şurada ADPU-nun nümayəndələri ilə yanaşı, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tanınmış və nüfuzlu təhsil ekspertləri, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri yer alıblar. Payız semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 303 müraciət edilib. Həmin müraciətlərdən 293-ü yazılı, 10-u isə test üsulu ilə verilən imtahanlardan olub. İmtahan Qərargahına daxil olan müraciətlər qaydalara uyğun olaraq çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Apellyasiya Komissiyasına 2517 müraciət edilib. Müraciət edən 1613 nəfər tələbənin aldığı qiymət qüvvədə saxlanılıb, 904 nəfər tələbənin müraciəti isə müsbət həll edilib. Prorektor E.Aslanovun hesabat məruzəsində filiallarda və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində payız semestrinin imtahan sessiyasının nəticələri öz əksini tapıb. Qeyd edib ki, bütövlükdə imtahan prosesində mütəşəkkillik, aşkarlıq və şəffaflıq artıb.
İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundov, Apellyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov qərargaha və komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və görülən tədbirlər barədə ətraflı məlumat veriblər.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.