|
|
|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Elm günü" ilə bağlı keçirilən tədbirlər çərçivəsində ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Kamran Əliyevin Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün "Açıq kitab-Dədə Qorqud" mövzusunda ustad dərsi keçirilib.
Tədbiri Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova açaraq bildirib ki, Kamran Əliyevin bioqrafiyası haqda danışıb. Professor K.Əliyev 1200 illik tarixi olan "Kitabi-Dədə Qorqud" dastanlarının tədqiqi ilə 10 ildən artıq iş apardığını, dastanın bizə şifahi və ya yazılı şəkildə çatması məsələsinə hələ də tam aydınlıq gəlmədiyini, onu şifahi mətn kimi sübut etməyə çalışmasından söhbət açıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov isə bildirib ki, professor K.Əliyev müasir ədəbiyyatşünaslıq elminin tərəqqisində, ədəbi tənqidimizin inkişafında böyük xidmətləri olan çoxcəhətli bir istedad sahibidir. O, yaradıcılığının bütün dövrlərində öz sözünü demişdir. Ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsində ardıcıl və səmərəli işləmiş, romantik üslubun tədqiq edilib öyrənilməsində, klassik irsimizin, folklorumuzun mühüm ədəbi-ictimai problemlərinin işıqlandıılmasında böyük əmək sərf edib. Onun qələmindən çıxmış sanballı tədqiqat əsərləri bir daha göstərir ki, K.Əliyev maraq dairəsi, tədqiqat imkanları geniş olan alimlərdəndir. Bu gün "Kitabi-Dədə Qorqud" dastanı haqqında söylədikləri onun tükənməz enerji ilə çalışdığını sübuta yetirir, dastanla bağlı gəldiyi qənaətlər olduqca inandırıcı görünür.
Tədbirin sonunda professor K.Əliyev tələbələrin suallarını cavablandırıb.
S.QARAYEVA