Ağsaqqala, ağbirçəyə hörmət və ehtiram ta qədimdən türk dünyasının, o cümlədən bütöv Azərbaycanın milli mentalitetində özünə önəmli yer tutub, yüksək dəyərləndirilib. Lakin qürub yaşına çatmış hər kəsə ağsaqqal zirvəsini fəth edərək orada dayanmaq şərəfi də nəsib olmur.
Ömrün yaşanmış illəri, təkcə yaş faktoru buna kifayət etmir. Ağsaqqal üçün müdriklik, din-iman sahibi olmaq, haqq-ədalətin keşiyində durmaq, yetkin, bütöv şəxsiyyətə xas olan xüsusiyyətləri özündə cəm etmək, insanların ömür yoluna hikmət işığı salaraq onlara doğru yol göstərmək mühüm keyfiyyət sayılır. Dahi L.N.Tolstoy ağsaqqal müdrikliyini ehtirassız, yəni, həmişə eyni cür, soyuqqanlı baxışda görürdü. Əsl kişi (yaşından asılı olmayaraq) ağsaqqal zirvəsində dayanır, ağsaqqal isə əsl kişidir. Bu yazıda söhbət açacağım adi və böyük insan da əsl kişi (köhnə kişi) və ağsaqqal kimi qibtəediləcək gözəl keyfiyyətləri özündə əxz etmiş Yaqub İbrahim oğlu Qaffarovdur. O, Şəkidə müqəddəs Qırxlar nəslinin Yar oğlu təxəllüsü ilə tanınan son yadigarı idi.
Bu təxəllüsün verilməsi ehtimalını Y.İmrənin “Güldəstə” şeirlər toplusunda Dərvişin çiçəklə dialoqu zamanı: “çiçək dedi – ey Dərviş, Qırxlar Allah yarıdır” – misrası ilə əlaqələndirirəm. Bu nəslə Yarlar, Yar uşağı təxəllüsü ilə müraciət də buradan qidalanır. Nəslin oğlan övladlarına Allah və peyğəmbərlərin adları qoyulardı: Qaffar, İbrahim, Yaqub, Əyyub və b. Yar oğlu son dərəcə pak, din-iman sahibi olub Allaha (c.c.), onun yer üzündəki sonuncu elçisi Məhəmməd peyğəmbərə (s.ə.s.), müsəlman dininə əqidəcə möhkəm tellərlə bağlı və sədaqətli mömün bəndə idi. Müqəddəs Qurani-Kərimi əlindən yerə qoymazdı. Məscidi – Allah evini and yeri, müqəddəs, doğma məkan sayırdı. Hətta Bakı şəhərinə, qızlarının yanına gedəndə mütləq məscidlərə baş çəkər, bu zaman “əli boş” getməz, xalça, özünün aşıladığı qoyun dərilərindən hədiyyə edərdi. Onun Qafqaz Müsəlmanları Dini İdarəsinin Müftisi, əslən şəkili olan Hacı İsmayıl Hacı Qədir oğlu Əhmədovla möhkəm, təmiz əqidəyə söykənən əsl dostluq əlaqələri vardı. Qeybəti qətiyyətlə rədd edər, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq sözünü mərdi-mərdanə, cabbarı, hər kəsin üzünə deyərdi. Sanki Məhəmməd peyğəmbərin (s.ə.s) “Haqq-ədalətin taptalandığı yerdə susan dilsiz şeytandır” – kəlamını qulaqlarında sırğa etmiş, ömrü boyu həqiqətin, haqqın keşiyində durmuş, onu inkar edənlərin cavabını heç nədən çəkinmədən və qorxmadan vermişdi. Onun həyat qayəsi Zərdüşt Peyğəmbərin “üç sütun” nəzəriyyəsi ilə tam üst-üstə düşürdü. O, düz və təmiz düşünən, düz və həmişə həqiqəti danışan və müdafiə edən, düz və şərəfli ömür sürmüş dəyərli insanlardan idi. Mən bu ailə ilə qohum olan gündən qayınatamı ata kimi, qayınanamı ana kimi, baldızlarımı bacı kimi qəbul etdim. Hətta həyat yoldaşıma da çox vaxt nəvazişlə “bacı” deyə müraciət edirəm.
Qeyd olunan münasibətimin qətiyyən formal, rəmzi görünməsinə yox, doğmalıq səviyyəsinə çatan səmimiyyətə söykənməsinə çalışmışam və bu, onların özləri tərəfindən də həmişə etiraf edilib. Həm də mənim bu ailəyə olan münasibətim onların mənə göstərdikləri doğmalığa adekvat addım idi. Mən özümü kürəkən yox, daha çox bu ailənin oğlu kimi aparmış, bu məsuliyyəti daim çiyinlərimdə hiss etmiş, onu doğrultmağa səy göstərmişəm. Deyilənlərə görə qayınatam hətta camaat arasında məni öz doğma oğlu kimi qələmə verər və bununla qürur hissi keçirərmiş. Bir neçə il bundan əvvəl Azərbaycan Folkloru Antologiyasının Şəki cildinə daxil ediləcək Şəkidəki Güldəstə Piri haqqında məlumat almaq üçün AMEA həqiqi üzvü, ilahiyyət doktoru, prof. V.Məmmədəliyevin yanına getmişdim. O, pir haqqında çox maraqlı məlumat verərək dedi: – Mən ana tərəfdən şəkiliyəm. Anam tərəfdən (anam xəttilə) böyük babam, yəni, anamın babası Hacı Mir Baba olub. Onun atası da Seyid Salam olub, ona Salam-Məleyk Seyid deyərlərmiş. Hacı Mir Babanın oğluna da babası Salamın adını qoyublar. Hacı Mir Baba kouş olub, zəvvarları Həcc, Kərbəla və Məşhəd ziyarətinə aparırmış, deyilənlərə görə o, 40 dəfə Kərbəlada, 25 dəfə Məkkədə olub. Bəzi məlumatlara görə 113 yaşında, başqa bir rəvayətə görə isə 117 yaşında axırıncı dəfə ziyarətdən qayıdanda 1918-ci ildə Ağdaşdakı Türyançayda batıb, atla birlikdə onu sel aparıb. Hacı Mir Babanı Güldəstədə basdırıblar və camaat onun qəbrini pirə çevirib.
Akademik daha sonra sözünə davam edərək dedi ki, hazırda xalam oğlu Salman Əlibalayev Şəkidə yaşayır, müəllimdir, onunla əlaqə saxlayıb bir az da geniş məlumat ala bilərsiniz. Mən Salman müəllimə telefonla zəng edərək Bakıdan danışdığımı bildirdim, adımı deyib özümü təqdim etdikdə o: – hansı Hikmət müəllimdir? – deyə soruşanda: – vaxtilə raykomda işləmişəm – dedim. O: – Yaqub dayının oğlu Hikmət müəllimdir? – deyə soruşduqda ani olaraq məni qəhər boğdu, sarsıldım, qayınatamın vəfatından 35 il keçməsinə baxmayaraq hələ də insanların hafizəsində qayınatamın dilində onun oğlu kimi həkk olunduğumu gördükdə qayınatamın, qayınanamın mənə olan doğma münasibəti qarşısında özümü yenidən ona çox-çox borclu saydım... Yar oğlu Yaqub köhnə kişilərdən idi. Bilənlər bilirlər ki, bu sözün çəkisi ağır, mənası dərin, qiyməti yüksəkdir. Xalq arasında “adam kişi olar” kəlamı geniş yayılıb. Deməli, hər adam kişi ola bilmir, kişilik zirvəsini fəth etməyə qüdrəti çatmır. Məşhur fransız yazıçısı A.Düma “Qafqaz səfəri” kitabında yazırdı: – Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. (Şübhəsiz, o, azərbaycanlı kişiləri nəzərdə tuturdu – H.Ə.) Söz verdi, qurtardı. Yar oğlu əsl kişi, kişi adama xas olan belə gözəl keyfiyyətləri özündə əxz etmişdi. Respublikanın sayılıb-seçilən ziyalıları haqqında akademik B.Budaqov və f.e.n. S.Murtuzayevin tərtib etdikləri “Ağsaqqalın hikmət dünyası” kitabında Y.Qaffarov haqqında da söz açılır. Deyilənlərə görə generalissimus şeyx Şamilin əsl kişiliyə və igidliyə görə təsis etdiyi nişanlarının birinin üstündə “Bu nişanı gəzdirən kişi adamdır” – sözü yazılıbmış. Yar oğlu Yaqub belə nişanı gəzdirməyə layiq nadir kişilərdən sayıla bilərdi.
Onun həyat yoldaşı – Qaffarova Həyat Hüseyn qızı əslən şəkili olub, tanınmış Dəmirçilər ləqəbli nəsildən idi. Bu nəsildən çıxmış respublikada tanınmış ziyalı, tarix elmləri namizədi, 1937-ci il repressiyasının qurbanı olmuş, 1950-ci illərin axırlarında bəraət qazanaraq Bakıya qayıtmış və ömrünün axırınadək Şirvanşahlar muzey-kompleksinə rəhbərlik etmiş əməkdar mədəniyyət işçisi Mövsüm Əskərzadənin, onun qardaşları – Azərbaycan Neft və Kimya İnstitutunun (Neft Akademiyasının) adlı-sanlı müəllimi olmuş böyük ziyalı, xeyirxah insan kimi yaddaşlarda qalmış Saleh Əskərzadənin və hərbi həkim, polkovnik-leytenant Emin Əskərzadənin adı böyük hörmətlə yad edilir. H.Qaffarova ucaboy, gözəl və nurani sifətli, qeyri-adi həssaslığı ilə seçilən, milli mentalitetimizə söykənən tərbiyə meyarı, cismən və ruhən pak və təmiz, yüksək ədəb-ərkan zirvəsini fəth etmiş əsl türk-azərbaycanlı qadının ləyaqətli təcəssümü idi. Tələbkar və qayğıkeş ana olmaqla bərabər eyni zamanda Yar oğlu Yaqubun sədaqətli arvadı, vəfalı və son dərəcə qayğıkeş, zəhmətkeş həyat yoldaşı idi. O, əri ilə 55 illik birgə həyatı boyu 6 qızını tərbiyə edərək, ədəb-ərkana çatdırdı, hamısı ali təhsil aldılar, ailə qurdular. Şəki folklorunda rast gəldiyim “Arvad kişinin qənədidi” – kəlamı sanki Həyat Hüseyn qızına deyilmiş, əyninə biçilmişdi. Analar anası Həyat bacıya 6 övlad anası, 13 nəvə, 20 nəticənin nənəsi olmaq səadəti qismət oldu. O, həm də mahir folklor bilicisi, sinədəftər idi.
Onun dilindən qələmə aldığım qiymətli folklor nümunələri mənim tərtibatımla AMEA Folklor İnstitutunun elmi şurasının qərarı ilə “Müdrik sinədəftər” adlı kitabçada nəşr olundu. İlk dəfə olaraq bir qadın söyləyicinin ən müxtəlif janrlar sahəsində bildiklərini yazıya alaraq cəm halında meydana qoymaq təşəbbüsü milli folklorşünaslıqla yeni bir addım kimi qiymətləndirildi. Lakin taleyin boz sifəti, qəfləti müsibət küləyi onlardan da yan keçmədi. Övlad müsibəti, bala dağı gördülər – cəmi 34 il ömür sürmüş, Şəkinin və Daşkəsənin ictimai-siyasi həyatında önəmli xidmətləri olan, yetkin partiya və dövlət xadimi kimi böyük nüfuz qazanmış qızları Xalidənin vaxtsız və faciəli ölümü də onların tale yazısı imiş. Yar oğlu Yaqub bu dərdə 8 il tab gətirə bildi, Xalidə dərdi, həsrətilə bu vəfasız dünyaya əbədi gözünü yumdu. Artıq xeyli vaxtdır ki, əbədiyyətə qovuşmuş bu ləyaqətli el ağsaqqalının büllur kimi saf və təmiz həyatı, əsl türk-azərbaycanlı kişinin simvolu kimi öyrənilməyə, gənc nəslə örnək olmağa layiqdir.
Ölüm bu dünyadakı ömrümüzün sonu olsa da, heçliyə yox, əbədiyyətə aparan yoldur. Xatirələr isə bu dünyada bizdən sonra davam edən ömrümüzdür. Qələmə aldığım xatirə yazısı da həmişə böyük ehtiramla anılan el ağsaqqalı Yar oğlu Yaqubun xatirələrdə yaşayan ömrüdür. Bir də ki, Şeyx Nizami şəxsiyyət böyüklüyünü nəzərdə tutaraq tövsiyyə edirdi ki, “Böyüklərdən yaz ki, böyüklüyə çatasan”...