ADA Universitetində “Yaşıl Şəbəkə” illik ekoloji maarifləndirmə proqramı çərçivəsində Gənc Ekoloji Liderlərin IV Ekoloji Forumu keçirilib.
Toplantıda məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, 2015-ci ildən etibarən fəaliyyətə başlayan“Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların aşılanması və “Ekoklub” liderlərinin bu ilki fəaliyyətinə dair təcrübə mübadiləsinin təmin edilməsidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən keçirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universitetinin tərəfdaşlığı ilə Forumda Bakı şəhəri və, ilk dəfə olaraq, 27 müxtəlif rayon UGİM-lərində fəaliyyət göstərən 2600 “Ekoklub” üzvləri arasindan seçilmiş 120 məktəbli liderlər iştirak edib.
Forumun rəsmi açılışında Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavin Novruz Quliyev, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə,RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edib.
Toplantı “Ekoklub” liderlərinin birillik fəaliyyət hesabatı və onların BMT tərəfindən müəyyən edilən 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı təkliflər paketinin təqdimatına dair sessiya ilə davam etdirilib.
Forumun sonunda gənc ekoloqlar üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə, SOCAR Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyasına və AzEkol şirkətinə tanışlıq məqsədilə ekskursiyalar keçirilib. Sonda Forum iştirakçıları diplomlarla təltif olunub.