Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Unudulmaz” filminin Gəncə şəhərində ilk dəfə nümayişi keçirilib.
“Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filminin müəllifi jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir.
Ekran əsərində Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb. H.Əliyevlə bağlı xatirələrin əks olunduğu ekran əsərində eyni zamanda, nadir arxiv kadrlarından da istifadə edilib.
Sənədli filmin Bakıyla yanaşı Xarici İşlər Nazirliyinin dəstəyi ilə Daşkənddə, Vaşinqtonda, Ankarada təqdimat mərasimləri də təşkil edilib, müxtəlif şəhər və regionlarda da film nümayiş olunub.
Gəncə şəhərində ilk dəfə baş tutan təqdimat Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan birliyin sədri Nigar Ələsgərova təqdimatın əsas məqsədinin ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti fonunda onun vətən sevgisi və ömrünün Klivlend səhifəsi haqqında gənclərin məlumatlandırılmasına xidmət etmək olduğunu bildirib.
Daha sonra filmin müəllifi Elnur Niftəliyev çıxış edib. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, deputat Pərvin Kərimzadə də çıxış edərək filmin əhəmiyyəti, təbliğat vasitəsi kimi önəmindən söz açmışdır.
Tədbirdə Gəncə ASAN Xidmətin direktoru Turqut Mustafazadə, ali təhsil müəssisələrinin prorektorları, QHT rəhbərləri, məktəblilər və tələbə gənclər, KİV nümayəndələri, ümumilikdə 400 nəfərdən çox şəxs iştirak edib.