|
|
|
|

GUAM təşkilatı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı əməkdaşlığa dair memorandum imzalayıblar. İmzalanma mərasimində “Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.
Memorandum imzalanması barədə razılıq 2013-cü ilin mart ayında “Böyük İpək Yolu” BGT – nin sədri Fuad Muradovla GUAM Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın baş katibi Valeri Çeçelaşvili ilə görüşü zamanı əldə olunub. Tərəflər gənc sahibkarlıq , turizm, mədəniyyət, təhsil və digər sahələrdə birgə əməkdaşlıq edəcək.
Fuad Muradov öz çıxışında “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının uğurlu inkişaf yolu keçdiyini bildirib. Təşkilat 1 il ərzində böyük uğur qazanıb. Bir həftə öncə ən yaxşı layihə nominasiyasına layiq görülüb.
Valeri Çeçelaşvili Bakıda olduğuna görə məmnunluğunu mətbuatın nəzərinə çatdırıb. GUAM 4 ölkənin üzvlüyünü özündə birləşdirən təşkilatdır. Dörd ölkə dostluq münasibətində olduğuna görə onlar arasında atılan addımlar uğurlu alınır. Hər iki təşkilat uzun müddətdir bu sənədin üzərində işləyir.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 27- 28 iyul 2012 – ci ildə Bakıda keçirilən “Böyük İpək Yolu “ Beynəlxalq Gənclər Konqresində iştirak edən Avropa, Asiya və Afrikanın 25 ölkəsinin gənc nümayəndələri tərəfindən təsis olunub.Təşkilat tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənclərinin bir araya gətirməyi, qarşılıqlı əməkdaşlıq , mədəni dialoq və davamlı inkişafı prioritet elan edib.
GUAM Demokratiya və İqtisadi İnkişafı naminə Təşkilat – Gürcüstan , Ukrayna , Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Azərbaycan , Gürcüstan , Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997 – ci ildə Strasburqda Birgə Kommunike imzalanması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Təşkilatın adı üzv olduğu ölkələrin ingilis dilindəki baş hərflərindən əmələ gəlib.
Vəfa MƏMMƏDLİ



