|
|
|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumun növbəti - 2019-2020-ci tədris ilinin başlanmasına həsr edilmiş VIII dinləməsi keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün Universitetin həyatında əlamətdar bir gündür. Bu gün ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsində çalışan, görkəmli azərbaycanlı alim Asəf Salamovla görüş keçiririk. A.Salamov dünya miqyasda tanınan böyük azərbaycanlı alimdir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tanınmış alim Asəf Salamovun həyat və elmi fəaliyyəti haqqında məlumat verərək bildirib ki, o, 1961-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib, təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib.
Bir müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sitologiya və Genetika İnstitutuna göndərilib.
1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1991-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışıb. 2002-ci ildən ABŞ-ın Birləşmiş Genom İnstitutunda enerji şöbəsində çalışır.
Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Dünyanın ən nüfuzlu elmi jurnallarından hesab olunan "Tompson Röyter" beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib.
Bütün dünya üzrə 3215 nəfər alimin yer aldığı siyahıda Asəf Salamov da var.
A.Salamov təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Sonra çalışdığı institutun fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, institut əsasən fundamental elmlərlə məşğul olur, tədqiqat işlərinin bir çoxunun praktik tətbiqi əhəmiyyəti var. Sonra iştirakçıların sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.
S.QARAYEVA