|
|
|
|
Məlum olduğu kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.
Dekabrın 2-də isə Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Həmin gün, yəni dekabrın 2-də Azərbaycan Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun bu gün, dekabrın 4-də təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zərurətə çevirib. Ona görə də növbədənkənar seçkilərin təyin olunması haqqında müraciət müsbət qarşılanıb.
Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası iclas keçirərək qərara gəlib ki, Yeni Azərbaycan Partiyasından Milli Məclisdə təmsil olunan deputatlar parlamentin buraxılması ilə əlaqədar müraciət qəbul etsin və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Milli Məclisin gündəliyinə məsələ çıxarsın, daha sonra Milli Məclis adından da ölkə başçısına müraciət edilsin: "Təbii ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının bu qərarı ilk növbədə ölkədə gedən sürətli iqtisadi inkişaf templərinin cənab Prezident tərəfindən aparılan həm iqtisadi, həm siyasi islahatların davamı kimi qəbul olunur və bildiyimiz kimi, İcra Hakimiyyəti orqanlarında həm struktur, həm kadr dəyişikliyi aparılıb. Bu, Prezident Administrasiyasında da həyata keçirilib, yeni Nazirlər Kabineti formalaşdırılıb. Bu aparılan islahatlar fonunda, eyni zamanda, cənab Prezidentimiz aprel ayında Məhkəmə-hüquq sahəsində islahatların aparılması ilə əlaqədar müvafiq sərəncamı verib. Hakimiyyətin üçüncü qolu kimi Yeni Azərbaycan Partiyasının Siyasi Şurası qərara gəlib ki, məhz bu sahədə də islahatların aparılması məqsədi ilə qərar qəbul olunsun. Milli Məclis təyinatlı bir orqan deyil, seçkili bir orqandır".
O deyib ki, bu gün cənab Prezidentimiz tərəfindən aparılan sosial, siyasi və iqtisadi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir: "Ümid edirik ki, növbədənkənar parlament seçkiləri olacaqsa, Azərbaycan xalqı növbəti dəfə Yeni Azərbaycan Partiyasının millət vəkillərinə dəstək olacaqlar və Milli Məclisdə yenə də Yeni Azərbaycan Partiyasını təmsil edən vəkillər çoxluq təşkil edəcəklər".
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə deyib ki, Yeni Azərbaycan Partiyası çox mühüm və cəsarətli bir addım atdı.
Deputatın sözlərinə görə, ölkədə başlayan və çox uğurla gedən islahatlara daha yaxından dəstək vermək, bu islahatların daha fəal bir iştirakçısına çevrilmək üçün özünün qərarını elan etdi: "Yəni hakim partiya belə hesab etdi ki, Milli Məclisə növbədənkənar seçkilər keçirilsin, yenidən xalqdan mandat alınsın və bu islahatlar kursuna yeni qanunverici hakimiyyət, qol kimi öz nəfəsini versin. YAP çox nəhəng bir partiyadır. Milli Məclisdə YAP-dan seçilmiş deputatlar hamısı partiyanın bu qərarını anlayışlı qarşıladılar. Beləliklə də, Milli Məclis növbəti iclasını keçirərək və Prezidentə müraciət etməyi və növbədənkənar parlament seçkilərinə getmək üçün onun müvafiq qərar qəbul etməsini xahiş etdi.
Bu gün ölkədə çox güclü islahatlar gedir. Bunun bəhrəsini bütün Azərbaycan xalqı görür. Azərbaycanın dünyada mövqeyi möhkəmlənir və sürətlə dünyaya inteqrasiya olunur. Eləcə də xalqın rifahı yüksəlir və yaxşılaşır. Hamı görür ki, bu islahatlar son nəticədə müstəqil Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə və xalqın daha firavan yaşamasına xidmət edir. Təbii ki, bu halda hər bir insan islahatlara dəstək verməlidir. Artıq Nazirlər Kabinetində, Prezident Administrasiyasında da müəyyən islahatlar aparıldı. Hakimiyyətin üçüncü qolu olan parlamentdə də bu islahatların getməsi artıq zamanın bir tələbi idi. Çox xoş olan bir haldır ki, YAP-ın bu təşəbbüsü parlamentdə müstəqil deputatlar tərəfindən də hətta orada konstruktiv müxalifət partiyalarından olan namizədlər tərəfindən də dəstəkləndi. Yəni əslində, bütün parlament buna dəstək verdi".
Deputat Elman Nəsirovun sözlərinə görə, bu müraciəti şərtləndirən bir sıra ciddi faktorlar mövcuddur. "İlk növbədə bununla bağlıdır ki, Prezident İlham Əliyev hərtərəfli, geniş, sistemli islahatlar kursu həyata keçirir və bu islahatlar kursu cəmiyyətimiz bütün siferalarını əhatə edir. Həm iqtisadi, həm sosial, həm siyasi, həm məhkəmə-hüquq sistemini və eyni zamanda, hakimiyyətin bütün sahələrini əhatə edir. Ali İcra hakimiyyətində, Məhkəmə hakimiyyətində bir çox ciddi islahatların həyata keçirilməsinə şahidlik edirik. Belə olan halda hakimiyyətin digər qanadı qanunverici hakimiyyətdə də müasir islahatların həyata keçirilməsi təbii ki, zamanın çağırışına, tələbinə çevrilib".
E.Nəsirov qeyd edib ki, islahatlar o zaman effekt verir ki, o, hərtərəfli olur. "Yəni ola bilməz ki, ayrı-ayrı sahələrdə islahatlar olsun, amma digər sahə islahatlardan kənarda qalsın. Ona görə də hesab edirəm ki, bu reallıqdan çıxış edərək yeniləşən, müasirləşən Azərbaycana yeni də parlament lazım olması vacibliyi ideyası aktuallaşdı və bu reallıq fonunda Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası analoji niyyətlə çıxış edib və artıq bu istiqamətdə də müvafiq addımları həm partiyanın siyasi şurası atıb, həm də parlamentdəki Yeni Azərbaycan Partiyasının deputat çoxluğu müvafiq addımları atıb. Biz inanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyev də sədri olduğu Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünə müsbət cavab verəcək və ölkəmiz artıq çox mühüm növbəti siyasi hadisəyə, yəni parlament seçkilərinə hazırlaşacaq".
O vurğulayıb ki, bununla Yeni Azərbaycan Partiyası növbəti dəfə siyasi mədəniyyət ortaya qoyub: "Hələ 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu partiya yaradılarkən o zamanki hakimiyyətə müxalif partiya kimi yaranıb. Və xalqın səs çoxluğunu qazanaraq hakimiyyətə gəlib. Bununla da hakimiyyətə gəlişin sivil nümunəsini ortaya qoyub. İndi də hakim partiya yeniləşən, müasirləşən Azərbaycan reallıqları fonunda yenidən növbəti siyasi mədəniyyət ortaya qoyub və parlamentin buraxılması təşəbbüsü ilə çıxış edib".
Onun sözlərinə görə, bu hadisə dünya praktikasında tez-tez müşahidə olunan hadisədir: "Bu ilin dekabr ayının 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. İspaniyada 2015-ci ildən bu günə qədər 4 dəfə, təkcə 2019-cu ildə isə 2 dəfə növbədənkənar parlament seçkiləri keçirilib. Yəni bu, bizim kəşfimiz deyil, eyni zamanda, dünyanın siyasi mədəniyyətinin mühüm elementlərindən biridir. Hesab edirəm ki, bu hadisə bir daha onu nümayiş etdirdi ki, cənab Prezidentin islahatları hərtərəfli, dinamik, çevikdir və həyatımızın bütün siferalarını əhatə edir. Bu baxımdan da qanunverici hakimiyyət istisna təşkil etmir. Məhz qanunverici hakimiyyət də həmin islahatların yeni mərhələyə keçməsini, intensivliyini, dinamizmini təmin etmək üçün yeni qanunlar qəbul etməlidir və bu baxımdan atılan bu addım tamamilə məntiqlidir".
PƏRVANƏ