"Son illərdə əldə edilən ən böyük nailiyyət müəllim nüfuzunun artırılması olub. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin sayı 3 dəfədən çox artıb".
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə dünən keçirilən "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Prezidentin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib. Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Ölkəmizdə həyata keçirilən islahatlar təhsil sahəsinə müsbət təsir göstərib, ümumtəhsil müəssisələrində təhsil göstəriciləri ilə bağlı nailiyyətlər əldə edilib. Məktəb tikintisi ahəsində aparılan işlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 2003-2019-cu illərdə görülən işlərin nəticəsində ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib. Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən biri olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub". Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur.
C.Bayramov qeyd edib ki, müəllimlərin əməkhaqqının son artımından sonra aylıq əməkhaqqı min manatdan çox olan müəllimlərin sayı 5000 nəfərə çatıb: "Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb. Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib".
Onun sözlərinə əsasən, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi xeyli yüksəlib. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib. Aparılan işlər nəticəsində artıq ucqar kəndlərdə 5 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunub. Növbəti ildə ölkə üzrə məktəbəqədər təhsilə cəlb olunan 5 yaşlı uşaqların göstəricisinin 90 faizə çatdırılması nəzərdə tutulur.
Nazir deyib ki, ali təhsilin əlçatanlılığının artırılması sahəsində Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib: "2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil olan, 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb. Dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə verilən sərəncamda növbəti müddətlər üçün konkret hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib".
C.Bayramov müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanların akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malik olduğunu vurğulayıb.
Təhsil naziri qeyd edib ki, ölkədə elmi tədqiqatların effektivliyi xeyli yüksəlib. Onun bildirdiyinə görə, şagirdlər arasında ixtiracılığın inkişafı əsas məqsədlərdəndir. Nazir əlavə edib ki, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir: "Qeyd edim ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə cari tədris ilində 8 istiqamətdə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur. Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Peşə təhsilinin əhatə dairəsinin genişlənməsi istiqamətində tədbirlər davam edir".
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov bildirib ki, son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəfində təhsil xüsusi yer tutur. Onun sözlərinə görə, ölkənin 21-ci əsrdəki sürətli inkişafı, gənc dövlət status qazanması, əhalinin rifahının yaxşılaşması, dünya imicində nüfuzumuzun artması məhz İlham Əliyevin gördüyü işlərlə əlaqəlidir. Bütün bunlar da Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamıdır. Ona görə də vətəndaşlarımız İlham Əliyevə inanır və ondan böyük ümidlər gözləyir. Ə.Əhmədov çıxışının sonunda ölkə başçısını təbrik edib: "Xalqımız xoşbəxtdir ki, onun İlham Əliyev kimi rəhbəri var".
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın bugünkü inkişafı, dünyada nüfuzunun artması, əhalinin rifah halının yüksəlməsi, iqtisadi artımı, ordumuzun güclənməsi və sadalamadığım digər naliyyətlər Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təzahürü və real ifadələridir. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın 21-ci əsrdə sürətli inkişaf əldə etməsi, iqtisadiyyatın inkişafı, sosial layihələrin uğurla həyata keçirilməsi insanlarımızda gələcəklə bağlı müsbət fikirlər formalaşdırır.
Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları başa düşürlər ki, nəinki bu günümüz, gələcək inkişafımız da Heydər Əliyev siyasəti və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi ilə bağlıdır
S.QARAYEVA