Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan 10-cu "Fənlərin Dostluğu" Olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Dekabrın 21-də gerçəkləşən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Hədəf" Kurslarının nümayəndəsi Elvin Əliyev FDO-nun uğurla həyata keçirilməsində dəstək göstərən tərəfdaşlar barəsində məlumat verib. Builki tədbirin təşkilatçılarının "Hədəf STEM" Liseyi və Dövlət Gömrük Komitəsi Akademiyası olduğunu bildirən E.Əliyev 15 dekabrda ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasındakı Olimpiadanın birinci mərhələsində ölkənin müxtəlif bölgələrindən 2000-ə yaxın şagird iştirak etdiyini deyib. Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırıblar.
Layihənin ideya müəllifi Şəmil Sadiq tədbirin yaranma tarixindən və illər ərzində keçdiyi yoldan danışıb. "Hədəf" nümayəndələrindən Elxan Nəcəfov və Nizami Hüseynov imtahandakı sual nümunələri ilə tədbir iştirakçılarını tanış ediblər. Sualların hazırlanmasında iştirak edən kurs müəllimləri təşəkkürnamələrlə təltif olunublar.
Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov imtahanda uğur qazanmış şagirdləri təbrik edib. O, Komitə adından Ş.Sadiqə təşəkkürnamə və hədiyyə təqdim edib.
Çıxışlardan sonra "Hədəf" şagirdlərinin ifasında şeirlər səsləndirilib. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Ümid Mirzəyev, professor Allahverdi Məmmədov, "İnci" Şirkətlər Qrupunun İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusifov çıxış edərək olimpiadanın yüksək səviyyədə keçirilməsindən məmnunluqlarını bildirib, təşkilatçılara təşəkkürlərini çatdırıblar, "Hədəf"in həmtəsisçisi Vüqar Tarquliyev imtahanda uğur qazanan şagirdləri təbrik edib.
Sonda qaliblərə qaliblərə diplom, fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.