Azərbaycanda könüllülük geniş vüsət almaqdadır. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin sərəncamıyla bu il Azərbaycanda "Könüllülər ili" elan olunub. Bu isə bir daha onu göstərir ki, Azərbaycan könüllülər hərəkatına çox böyük önəm verir.
Bir neçə gün əvvəl Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, könüllülər hərəkatı, əslində, ölkəmizdə "ASAN xidmət" mərkəzlərində başlayıb. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan verib. Dövlət başçısı deyib ki, ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət aldı. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynayıblar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstəriblər.
"Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.
Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış - bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər", dövlət başçısı əlavə edib.
Millət vəkili Cavid Osmanov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna növbəti səfəri zamanı bir çox sosial infrastruktur obyektlərin açılışında iştirak edib. Eyni zamanda cənab Prezident Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin açılış mərasimində də iştirak etdi. Cənab İlham Əliyev orada "ASAN xidmət"in əməkdaşları və könüllülərlə görüşdü: "Ölkə başçısı orada bir daha vurğuladı ki, Azərbaycan gəncliyinə böyük yer və önəm verir. İlk dəfə könüllülər Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsahibəsi zamanı yaxından iştirak etdilər. Təbii ki, bundan sonra digər beynəlxalq tədbirlərin hər birində könüllülərin böyük dəstəyi oldu. Bu ilk növbədə cənab Prezidentimizin rəhbərliyi ilə ölkədə gənclər siyasətinin uğurla həyata keçirilməsindən xəbər verir. Bildiyiniz kimi Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan olunub. Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin açılış mərasimində çıxış edən könüllülərin də dediyindən aydın oldu ki, onlar ilk fəaliyyətini məhz könüllülükdən başlayıblar və könüllü olaraq cənab Prezidentimizin siyasətinin həyata keçirilməsinə dəstəkçi olublar. Ölkə başçısı da vurğuladı ki, könüllülər hərəkatı Azərbaycanda ilbəil daha da təkmilləşir və çox sahələri əhatə edir. Biz görürük ki, bütün mərkəzi icra orqanlarında, yerli icra orqanlarında və digər təşkilatlarda, qurumlarda tədbirlərin keçirilməsində könüllülər hərəkatı çox geniş vüsət alıb"-deyə, deputat fikrini tamamlayıb.
Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Viza" departamentinin hava limanı üzrə mütəxəssisi, əvvəllər könüllü qismində Heydər Əliyev Beynəlxalq Aeroportunda çalışmış Məcid Musayev isə vurğulayıb ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan olunması xüsusən gənclər üçün çox böyük coşqu ilə qarşılandı. Çünki ilk dəfə olaraq ən yüksək - dövlət səviyyəsində könüllülərin fəaliyyətinin genişlənməsi üçün bu qədər böyük meydan yaradıldı və könüllü fəaliyyətin nə qədər önəmli olması bir daha vurğulandı. Bu günə qədər Azərbaycanda keçirilmiş mühüm beynəlxalq tədbirlərdə könüllü qüvvəsindən geniş və səmərəli şəkildə istifadə olunub.
Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışların təşkilində könüllülərin fəal rol oynadıqlarını vurğulayan M.Musayev qeyd edib ki, istər mədəniyyət, istər idman, istərsə də siyasət tədbirlərinə ev sahibliyi edən Azərbaycan bu istiqamətlərdə davamlı olaraq könüllülərin bilik və bacarıqlarından istifadə edib. Bunu bir növ Azərbaycanda özünəməxsus könüllü mədəniyyətinin formalaşması kimi də qiymətləndirmək olar: "Mən özüm də tələbəlik illərində bir çox tədbirlərdə - "Eurovision 2012", gimnastika və güləş üzrə çempionatlarda, Gənclərin Ümumdünya Məşğulluq Sammitində könüllü kimi iştirak etmişəm.
Könüllülük fəaliyyəti genişmiqyaslıdır, vətənpərvərlik, ekoloji tarazlıq, incəsənət, mədəniyyət və digər sahələri əhatə edir. Könüllülük fəaliyyəti, eyni zamanda, digər sosial, elm-təhsil sahələrini də əhatə edir. Çünki könüllü şəxs iştirak etdiyi tədbirdə həm öz biliklərini ortaya qoyur, həm də yeni biliklər qazanır. Bundan əlavə, işin praktiki tərəfini də unutmamaq lazımdır. Könüllülük fəaliyyəti hər bir iştirakçıya böyük praktiki baza qazandırır".
Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində könüllülərin fəaliyyətinin çox önəmli olduğunu vurğulayan M.Musayev diqqətə çatdırıb ki, bu günə qədər azərbaycanlı könüllülər ölkəmizdən kənarda keçirilmiş tədbirlərdə də iştirak ediblər. Bunların arasında Almaniyada keçirilmiş "Eurovision-2011", "Rio-2016" Yay Olimpiya Oyunları, Gürcüstanda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalı, qarşıdan gələn "Tokio-2020" Yay Olimpiya Oyunları var. Bütün bu tədbirlər bir növ azərbaycanlı könüllülər üçün yeni fəaliyyət platformasıdır ki, bu da məhz onların vasitəsilə ölkəmizin beynəlxalq aləmdə təbliği işinə mühüm töhfədir.
PƏRVANƏ