Gecə saat 00:30-dur. Nəhayət, öz soyadımı eşidirəm: "Yusifova buyursun".
42 illik həyatımda növbənin tez keçməsini buradakı kimi heç vaxt arzulamamışdım. Yorğunluq, həyəcan öz təsirini artıq göstərmişdi. Əslində, gözləmə otağında heç nə etmirdim - oturub ya ailə üzvlərimlə söhbətləşir, ya da tanımadığım insanlarla tanış olurdum. Amma o otağa gələnə kimi tükənmişdim.
Halsız halda otağa yaxınlaşıram. Otağa girən kimi möcüzə baş verir, bütün yorğunluq, halsızlıq yox olur. Möcüzənin səbəbi çox sadədir - əziz həkimim Əli Ədili ilə görüşürəm.
Hamımız bilirik ki, xərçəngə yoluxmuş xəstəyə ən birinci müalicə psixoloji təsirlə başlayır. Həkim çalışmalıdır ki, xəstəliyə qalib gəlmək üçün xəstədə özünə inam hissi yaratsın. Əks təqdirdə digər müalicə üsullarının təsiri əksər hallarda sıfıra bərabər olur.
Nə yaxşı ki tibb sahəsində Hippokrat andına sadiq, öz peşəsinə şərəf gətirən, sənətini sevən, ən başlıcası, insanların dərdinə şərik çıxan həkimlər var. Belə fədailərdən biri də Cənubi Azərbaycanın Təbriz şəhərinin "Nuri Nicat", "İmam Rza", "Əl Zəhra" xəstəxanalarında peşəsini şərəflə yerinə yetirən Əli həkim Ədilidir.
Həkim ailəsində anadan olmuş Əli Ədili İranın ən nüfuzlu universiteti olan "Şəhid Behişti"n (inqilaba qədər Tehran Milli Universiteti idi) məzunudur. Magistr təhsilini elə həmin universitetin Radioterapiya fakültəsində davam etdirib, daha sonra ABŞ-ın ən nüfuzlu ali məktəblərindən sayılan Stanford Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Uzun illərdir, Əli Ədili Təbrizin bir çox xəstəxanalarında çalışıb və "əsrin bəlası" adlanan xərçəng xəstəliyinə mübtəla olmuş insanların sağlamlığı keşiyində dayanır. Əli həkim xərçəng xəstəliyinin kimyəvi terapiya ilə müalicəsində saçların tökülməməsi üçün İranda "Paxman" aparatından istifadə edən ilk həkimlərdəndir.
Əli həkim bu bəlanın əks təsirini xeyli azaltmaq məqsədilə daima öz üzərində çalışır. O, kimyəvi dərmanla müalicə - rentgen (tüklərin tökülməmək şərtilə), yeni üsullarla xərçəng xəstəliklərinin (sümük xərçəngi, qan xərçəngi, daxili orqanların xərçəngi, dəri xərçəngi, süd vəzi xərçəngi və s.) aşkarlanması və müalicəsi istiqamətində tibb elminin yeni nailiyyətləri ilə tanış olur, bu sahədə bilik və bacarığını daima artırır.
Əli həkimin şəfa verdiyi, sağaltdığı xəstələr arasında Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, İraq və müxtəlif Avropa ölkələrindən olanlar da az deyil. Həkimin xəstələri arasında Azərbaycanın bir çox məşhur insanları var.
Əli Ədili üçün xəstənin hansı millətdən olduğu, hansı ölkədən gəldiyi qəti maraqlı deyil, onun üçün yalnız insan var və buna görə də ona üz tutan, yanına gələn xəstələrə əlindən gələn köməyi edir. Kimyəvi terapiya alan xəstələrin vəziyyətindən hər an xəbər bilmək üçün həmin otaqlara kamera quraşdırıb və özü otağından müşahidə edir. Köməkçiləri - Payan bacıları da Əli həkim kimi xəstələri, onların yaxınları elə səbirlə, elə mehribanlıqla dinləyib yola salırlar ki, sanki hər bir xəstə onların doğmalarıdır. Öz səs-küyü ilə xəstəxananı idarə edən xanım Laricaniyə isə insanlar arasında şən zarafatları ilə şuxluq yaradır.
Gözləmə zalını xərçəng xəstəliyindən sağalmış xəstələrin ürək sözləri yazılmış təşəkkür lövhələri bəzəyir. Bu lövhələr fars, ərəb, Azərbaycan, ingilis və s. dillərdə yazılıb: "Həyatım boyu Sizə minnətdaram. Sağlamlığımı özümə qaytarmaqla məni xoşbəxt etmisiniz", "Əli həkim, Allah sizi həmişə var eləsin. Mən bu gün sizin sayənizdə yaşayıram", "Əli həkim, Sizə Allahdan arzumuz budur ki, həmişə sağlam olasınız. Sizin sağlamlığınız minlərlə insanın sağlamlığı deməkdir" - kimi xoş, ürək açan sözlər yazılmış lövhələr Əli həkimin neçə sevildiyinə işarədir.
... İndi isə sizə bir dəfə rastlaşdığım və həm də iştirakçısı olduğum bir hadisəni danışım. Öz ölkəsində xəstəliyinə əlac tapılmayan, yaxınlarına "daha xəstəni bundan artıq yormayın, aparın evində dincəlsin" deyilən bir xəstə Əli Ədilinin adını eşidib Təbrizə gəlmişdi. Əli həkim həmin xəstənin analizlərinə baxandan sonra müalicə yazdı. Xəstənin ona necə həyəcanla baxdığını görüb həmişəki təmkini ilə "Hər şey yaxşı olacaq, amma müalicəni düzgün və vaxtında edin" - dedi. Xəstə və onun yaxınları həkimi bağrına basıb otağı sevincək tərk etdilər.
Bu hadisəni müşahidə edəndə qanım bərk qaraldı. Çünki son 3 ildə hər üç aydan bir yoxlanışa gələndə Əli həkim analizimə baxıb "əla" deyirdi və bu "əla" ilə bütün dünya mənim olurdu. İndi qanımı qaraldan bu idi - düşündüm ki, həkim həmişə təsəlli üçün mənə "əla" deyirmiş. Çünki gözləmə zalında tanış olduğum həmin xəstə xərçəngin dördüncü mərhələsində idi. Amma həkim ona dedi ki, "hər şey yaxşı olacaq". Düşündüm ki, deməli, bu xoş sözlər həkimin xəstələrə verdiyi ümid imiş.
Mənim növbəm çatanda həkim analizlərimə baxıb yenə adət etdiyim sözü təkrarladı: "Əla".
Qorxa-qorxa həkimə dedim:
- Mənə ümid verirsiniz? Ehtiyac yoxdur, hər şeyi olduğu kimi qəbul edərəm. Məndən əvvəlki xəstənin öz ölkəsində bütün ümidlərini kəsmişdilər, amma siz ona ümid verdiniz.
- Mən ona mənasız yerə ümid vermədim, doğrudan da vaxtlı-vaxtında müalicəsini etsə, sağalacaq, hətta xəstəliyi gecikmiş mərhələdə olsa da sağalacaq. O ki qaldı sizə, maşallah, olsun analizləriniz əla çıxıb.
Həkimin bu sözləri mənim üçün əsl bayram oldu...
... Ümumiyyətlə, mən özümü optimist insan hesab edirəm. Müasir dövrümüzün bəlası sayılan xərçəng xəstəliyinə yoluxmağıma baxmayaraq, bu il yarımlıq bir dövrdə bir dəfə də ruhdan düşməmişəm, həmişə ümidim olub ki, sağalacağam. Bu inamı məndə Əli həkim yaradıb. Əli həkim kimi insanı tanımağım üçün özümü o qədər şanslı hesab edirəm ki, hətta bir dəfə klinikadan çıxanda anama yarızarafat-yarıciddi dedim ki, nə yaxşı xərçəng oldum və Əli Ədilini tanıdım. İndi isə tam ciddi şəkildə təkrar edirəm: yaxşı ki, xərçəng oldum və Əli Ədili kimi həkimi tanıdım. Xərçəng mənim üçün qorxulu deyil, həkimim Allahın köməkliyi ilə məni sağaldacaq!..
Kəmalə XƏLİL QIZI