Müasir dövrdə aqrar sektorun inkişafı gübrələrin və digər reagentlərin, o cümlədən, boy stimullaşdırıcıların istifadəsindən çox asılıdır. Qeyd edək ki, hazırda ölkəmizdə gübrə kimi karbamid istehsal olunur ki, onun da yeganə qida elementi azotdur. Bitkilər üçün istifadə olunan azot, fosfor və kalium gübrələri ümumiyyətlə, ölkəmizdə istehsal olunmur.
Xaricdən gətirilən iki və üç qida elementli gübrələrin mənfi cəhətləri aşağıdakılardır:
- Daşınma, saxlanma və istifadə zamanı tərkibindəki azotun bir hissəsi temperaturun təsirindən itir;
- Tərkibində nitrat azotu olduğundan meyvələrin, bostan bitkilərinin keyfiyyətinə mənfi təsir edir;
- Tərkibində ballast kimi kalsium sulfat, flüorid ionu olduğundan bitkilərə zərərli təsir göstərir;
- Gübrələrin tərkibi təlabatdan asılı olaraq dəyişilə bilmədiyindən torpağın pasportuna uyğun tənzimlənmiş tərkib yaratmaq olmur.
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış və istehsalı təşkil edilmiş "Azofos" və "Azofos K" gübrələrində nitrat azotu, buxarlana bilən (NH3) azot və ballast yoxdur. Tərkibi torpağın pasportuna uyğun olaraq tənzimlənə bilir. Hər iki gübrə tullantısız texnologiya ilə alınır. Bu gübrələrin ölkədə istehsalı kənd təsərrüfatının fosfat gübrələrinə olan təlabatını tam ödəməyə imkan verəcək, xarici istehsaldan asılılığı aradan qaldıracaq.
"Azofos" gübrəsi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu; Əkinçilik Elmi Tədqiqat İnstitutu; Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu; Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə birlikdə sahə sınaqlarından keçib və tətbiq üçün tövsiyə olunub.
"Azofos" gübrəsi hektara 360 kq verildikdə hər hektardan 18-24 ton qarğıdalı götürməyə imkan verir. "Azofos" gübrəsi taxıl sahələrinə 500 kq/ha miqdarında verildikdə hektardan - 55 sentner buğda götürülür.
"Azofos K" gübrəsi 2014-2018-ci illərdə Az Qranat MMC-nin üzüm və nar bağlarında sınaqdan keçirilib və 2019-cu ildə tətbiqi həyata keçirilib. "Azofos K" Azərbaycan Respublikasının patenti ilə müdafiə olunur (Azərbaycan patenti, İ 2018 0055).
2019-cu ildə 63 ton "Azofos K" istehsal olunub və Az Qranat MMC-nin 290 hektar nar bağında istifadə olunub. Bu gübrənin hektara (110 kq) istifadəsi nəticəsində 290 hektardan əlavə olaraq 1450 ton nar götürülüb.
"Azofos K" gübrəsi Az Qranat MMC-nin Şamaxıda yerləşən 28 hektar üzüm bağında hər hektara 214 kq olmaqla istifadə edilib və 28 hektardan əlavə olaraq 253 ton üzüm götürülüb. Gübrənin istifadə edildiyi hər hektardan 20 ton üzüm götürüldüyü halda, İsrailin Hayfa Chemical şirkətinin eyni miqdarda gübrəsi istifadə olunduqda hər hektardan cəmi 11 ton üzüm yığılıb. "Azofos K" istifadə olunduğu halda şəkərlilik 22-24, xarici gübrə istifadə olunduqda 20 faiz olub.
Tullantısız texnologiya ilə yüksək səmərəlilikli boy stimullaşdırıcıları yaradılmış, onların pambıq, qarğıdalı, noxud, xiyar, pomidor, tütün bitkilərinin toxumlarının inkişafına, püstə, nar, tut, alça, şam tuya çiliklərinin inkişafına təsiri öyrənilmişdir. Təcrübələr zamanı aşağdakı sayda tinglər yetişdirilmişdir: Zeytun - 300000 ədəd; Nar - 40000 ədəd; Alça - 10 000 ədəd; Ərik - 10000 ədəd; Badam - 10000 ədəd; Püstə - 5000 ədəd; Tut - 2000 ədəd.
Müəyyən edilmişdir ki, boy stimullaşdırıcıları pambıq çiyidinin tam bitməsini təmin edir, kök sistemini güclü inkişaf etdirir, məhsuldarlıq kəskin artır.
Boy maddələri olduqca az miqdarda - suda 0,0001-0,001 faizli məhlul halında istifadə edilir.
Boy maddələrinin istifadəsi meşələrin bərpası üçün də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ağaclar sürətlə böyüyür, kök sistemi güclü inkişaf etdiyindən torpaqların erroziyasının qarşısını alır.
2017-2019-cu illərdə 63 ton "Azofos K" gübrəsi istehsal olunaraq istifadə olunub. 2020-ci ildə istifadə üçün Az Qranat MMC tərəfindən 67 ton gübrə sifariş olunub və istehsalı başlanılıb.
Hikmət İBRAHİMOV
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, professor