Ötən ilin payız aylarında ekranlara çıxan "Tomiris" filmini karantin günlərində izləmək nəsibim oldu. Qazaxıstan kinematoqrafçılarının istehsal etdiyi və təxminən iki saat yarım davam edən filmi birnəfəsə izlədim və böyük zövq aldım.
Film müasir kino standartlarına uyğun şəkildə çəkilib, kompüter effektləri ilə zəngindir. Bizə bu tip filmləri, adətən, qərb kinematoqrafçıları təqdim edir. Postsovet ölkələrinin birində, özü də türk soydaşlarımızın məmləkətində belə bir möhtəşəm layihənin ərsəyə gəlməsi şəxsən məndə qürur hissi doğurdu. Qədim türklərə məxsus mükəmməl döyüş səhnələri, atçılıq mədəniyyəti, xüsusilə də at üstündə ox atmaq kimi xüsusiyyətlər filmin ana xəttidir.
Filmdə yer almış "savromatlarda qız xeylağı üç düşmən öldürməsə, ərə verilmir" adəti, uşaqlıqdan at sürməyi və döyüşməyi öyrənmək, dəfn adətləri, qımız içmək, heyvan, xüsusilə də qurd dərisindən geyimlər... Bütün qədim türklərə xas bu amillər təqdim edilən ekaran əsərində öz əksini tapmışdır. Yəni film başdan-ayağa əsil kökü göstərir, təbliğ edir. Nə gizlədim, "Tomiris"i seyr edərkən qibtə də etdim, təəssüf də keçirdim.
Tomiris kimmer, sak-massaget tayfalarının, bəzi mənbələrdə skiflərin də hökmdarı, ana xaqanı hesab edilir. Bu tayfalar haqqında məlumatlar qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində yazılmış və bu günümüzə qədər gəlib çatmışdır. Maraqlı məqamlardan biri də odur ki, Herodotdan sonra bir çox qədim müəlliflər bu mövzuya müraciət etmiş və nəticədə ziddiyyətli məlumatlar ortaya çıxmışdır. Herodota görə, bu tayfaların Araz çayından şimalda, daha dəqiq desək, Dərbənddən Şirvana qədər torpaqlarda çarlığa malik olmaları qeyd edilir. Bu fakt Vətən tariximizin tədrisində, "Azərbaycan tarixi" dərsliklərində elmi əsaslarla geniş yer alır. Lakin digər qədim müəlliflərin məlumatlarında isə bu çarlığın Orta Asiyada - Böyük Çöldə yerləşməsi və Araz çayının Amudərya ilə eyniləşdirilməsi aydın olur, çünki massagetlər Orta Asiyada da yaşayırdılar. Filmin əvvəlində bu fakta istinad edilərək, sözügedən tayfaların Xəzər dənizindən Altay dağlarına qədər ərazilərdə yaşadıqları qeyd edilir, lakin əsas torpaqlar kimi Böyük Çölün götürüldüyü aydın olur.
"Tomiris" bu xatunun və həmin tayfaların qazaxlara mənsub olmasına iddialıdır. Halbuki biz azərbaycanlılardan savayı, Orta Asiyanın digər türk xalqları da Tomirisi öz qəhrəmanları hesab edir. Milli kimliyi sübut etmək, vətən tarixini sevdirmək üçün kinematoqrafiya ən mükəmməl təbliğat vasitələrindən bəlkə də ən birincisidir. Filmin yaradıcılarından qədim türklərin tarixinə lokal səviyyədə yanaşma ilə "qazaxlar Tomirisə, ümumilikdə isə sak-massagetlərə sahib çıxdılar" desək, yanılmarıq.
Filmdə xırda səhvlər də gözdən yayınmır. Misal üçün, Əhəməni padşahı Kir ilə sak-massagetlərin hökmdarı Arqunun dialoqu: Kir fars dilində danışır, Arqun isə türk (filmdə massagetlərin danışdıqları dil sifariş əsasında dilçilərin yaratdığı bir dilidir). Hər ikisinin də fərqli dildə və dilmancsız dialoqa girməsi, zənnimcə, kobud səhvdir. Bundan əlavə, filmdə rejissor və ssenaristin fantaziyaları da yer alıb. Bu da hər bir tarixi-bioqrafik filmdə olduğu kimi, təbii hesab oluna bilər və filmə xələl gətirmir.
Ümumiyyətlə düşünürəm ki, siyasi-ideoloji məsələləri və "qazaxlar Tomirisi mənimsədi" fikrini kənara qoysaq, ortaya sanballı ekran əsəri qoyulmuşdur və qazax qardaşlarımızın uğuruna sevinməyə dəyər. Eyni zamanda, ssenaristlərimizin, rejissorlarımızın qədim tariximizin ekranlaşdırılması ətrafında düşünmələrinə zəmin yaratdıqları üçün onlara "çox sağ ol" demək də yerinə düşür.