|
|
|
|
“Aya-Sofya qətiyyən beynəlxalq müstəvidə müzakirə ediləcək mövzu deyil. Bu, milli suverenlik məsələsidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O bildirib ki, Aya-Sofya ilə bağlı heç bir ölkə Türkiyəni ittiham edə bilməz: “1453-cü ildə İstanbulun fəthi ilə Osmanlının əmlakı olan Aya-Sofya Türkiyənin mülkiyyətindədir. 1462-ci ildə isə məscid olaraq Fatih Vəqfinə istifadəyə verilib. ABŞ irqçilik, müsəlman düşmənçiliyi, ksenofobiya problemlərinin həllini düşünməlidir. 1972-ci ildə UNESCO-da qəbul edilən sazişə görə, hər hansı bir mülkiyyətin tarixi quruluşuna toxunmadan onu məscid və ya başqa bir şəkildə istifadəyə verilməsi əmlak sahibinin öz hüququdur”.
Nazir qeyd edib k, Aya-Sofiyanın məscid kimi istifadəyə verilməsi ilə bağlı Dövlət Şurası qərar verəcək: “Şuranın qərarını gözləyirik”.
M. Cavuşoğlu Yunanıstanın bu məsələdə mövqeyini də şərh edib: “Dini inanc mövzusunda dünyaya dərs verə biləcək ən sonuncu ölkələrdən biri Yunanıstandır. Müsəlmanların ibadəti üçün məscidin olmadığı yeganə paytaxt Afinadır. Müsəlmanlara edilən dini təzyiqlərə görə, Yunanıstan üç dəfə beynəlxalq məhkəməyə cəlb olunub”.