Məhsəti Gəncəviyə
Uçan quşa bənzər Azərbaycanın
Ürəyi Gəncədir nə üçün danım.
Bir qanad Məhsəti biri Nizami –
Biri ürəyimdi, o biri canım.
Torpaqla danışdı ömrü boyunca
Heç nə tanımadı torpaqdan uca.
Torpağın dilini bilən Məhsəti
Döndü torpağıma şair olunca.
Yüz dəfə soruşdum xatirələrdən
De nə diləyirdi Məhsəti meydən?
Səs gəldi –şərab yox zəhər içirdi
Zamanın amansız tənələrindən.
Şairlər anası olmaq şərəfdi,
Məhsəti Gəncəvi belə hədəfdi.
Tale tövhəsidir hər gözəl şeir –
Rübai gözəllik üstə sədəfdi.
Saraylar qoynunda kimsəsiz olan
Bilmədi kim kimsiz, kim nəsiz olan
O zaman tək idi yenə də təkdi
Sınanda bir sarı sim səsi olan.
Bir həzin səda var uzaqdan gələr
Başı nələr çəkib bilmirik nələr.
Bu ölməz, dirilməz rübaillərdə
Yerlə Günəş dinər, odla su dinər.
Dindirsən od tutub yanasıdır o,
Susdursan heykəl tək donasıdır o,
Kimlərə süd verib rübailərdən –
Bütün şairlərin anasıdır o.
Özüm də bilmirəm bu qüdrət nədi
Bir ölməz ruhu var ürəyimdədi
Deyirlər adımı o qoyub mənim
Görən bu həqiqət ya əfsanədi.
Günəşdi, torpaqdı, havadı, sudu
Ürəyi yandırır məhəbbət odu,
Rübai bahardı, payızdı, qışdı
Yayı da yandıran həqiqət odu.
Məhsəti nə üçün rübai yazdı
Çünki o dəryadı demə dayazdı.
Eşqi rübaidə kamına yetdi
Sən demə rübai gözdə murazdı.
Şeirdə dörd qatar sözdü rübai
Sevən ürəklərdə közdü rübai.
Məhsəti bu odla alışdı yandı
Şairin cövrünə dözdü rübai.
Rübai sevdadı həsrəti sonsuz,
Ümmanda adadı, qüdrəti sonsuz.
Məna çəkisidi əbədiyyətin
Söz yetim qalardı bəlkə də onsuz.
Qərib göz yaşıdır üzdə rübai
Eşqə başdaşıdı düzdə rübai
Kəlamın mənası, hikməti yoxsa
Yazanı naşıdı sözdə, rübai.
Rübai sevdanı bölüb dörd yerə
Deyib ki, götürsün istəklə hərə.
Heç nə götürməyib dünya malından
Məhəbbət paylanıb istəyənlərə.
Məhsəti Gəncədə rübai yazdı
Nadanlar bu eşqi tərsinə yozdu.
Gənclik gözəllikdi, şair sevəndi
Sevməzə məzarı rübai qazdı.
Rübai ürəyi dörd yerə böldü
Payladı sevənə, sevən nə gördü.
Məhəbbət müqəddəs həyat cövhəri –
Sevə bilməyənlər ünvansız öldü.
Rübai açılmış süfrəyə bənzər
Şairlər süfrəyə nəyi var düzər.
Nemətlər tükənər duzdan savayı
Duzsuzlar həyatda mənasız gəzər.
Dünyadan dörd cəhət rübai imiş
Ona tay olammaz nə zər nə gümüş.
Təbiət özü də rübai sevir
Odur fəsilləri dörd yerə bölmüş.
Məhsəti çağırsın qoca Xəyyamı
Onun ad gününə yığışsın hamı
Rübai məclisi quraq şeirdən
Bayrama çevirsin əyyam əyyamı.
Axtarsa xəzinə tapardı, getdi
Sözdən söz dünyası yapardı, getdi.
Yazıb girov qoydu rübailəri
Sevən bir ürəyi apardı getdi.
Qələmi dövranı dörd yerə böldü
Dünya heyran qaldı bu döl nə döldü
Heyif ki, bilmədik şairin özü
Nə vaxt doğulmuşdu, nə zaman öldü.
Rübai şairin alnında təri
Kəpəzdən qoparıb mirvariləri
Göygölə batırıb çinarla yazıb
Deyirlər Məhsəti rübailəri.
Rübail bir zərrə hikməti böyük
Dörd dayaq üstündə durub dörd bölük.
Hər şair bu yükü qaldıra bilməz
Dünyadan ağırdı bəlkə də bu yük.
Rübai kiçikdi –hikmət kiçikdə
Yüz inci gizlənir hər incəlikdə
Məhsəti növbəyə dursa görərdik
Xəyyama şərikdi birincilikdə.
GÜNƏŞƏ PİYADA
GEDİRƏM HƏLƏ
Günəşə piyada gedirəm hələ
Ömür də belədi, həyat da belə
Ya külüm dönəcək ilkə, əvvələ
Ya sevinc gələcək şən gülə-gülə.
Günəşin qəlbində yerim var mənim
Orda fəvvarələr atəşfəşandı
Günəşə deməyə sirrim var mənim
Kim bilir bu sirdə nələr yaşandı.
Günəşə piyada gedirəm hələ
Gecəli gündüzlü yolum işıqlı.
Günəşə ziyada gedirəm hələ
Payım bu işıqdan bircə qaşıqdı.
Getməyə gedirəm bilmirəm fəqət
Bu yolu qayıda biləcəyəmmi?
Yerdə yer olmasa bu da fəlakət
Göylərdən yapışıb öləcəyəmmi.
QƏRİBƏ
Loğmanlar ölümün əlində əsir
Nə zaman istəsə o zaman kəsir
Zaman arxayındı ömür tələsir
Bu dünya qəribə dünyadı vallah.
Dünyadan yazanlar getdi dünyadan
Şairlər, ozanlar getdi dünyadan
Dünyada azanlar getdi dünyadan
Bu dünya qəribə dünyadı vallah.
Süallar içində sualdı həyat
Dənizdə buluddan su aldı həyat
Sularla durulur bulanır həyat
Bu dünya qəribə dünyadı vallah.
Bilən yox neçədi yaşı dünyanın
Hardadı ayağı, başı dünyanın
Kimindi torpağı, daşı dünyanın
Bu dünya qəribə dünyadı vallah.
Günəşə piyada getmək olarmı
Gedərsən, məqsədə yetmək olarmı
Özün öz içində itmək –olarmı
Bu dünya qəribə dünyadı vallah.
Peşəsi yaratmaq, öldürmək imiş
Çırağı yandırıb –söndürmək imiş
Aləmi özünə güldürmək imiş
Bu dünya qəribə dünyadı vallah.
TAPILMIR
Ayaqyalın nə çox eldə-obada
Ayaqqabı ondan da çox satılmır.
Papaqsızın ehtiyacı fəryada
Başım açıq papaqtikən tapılmır.
Sirr qalmayıb süfrələrə səriblər,
Qorxaqlara baş bulayır nər illər,
Qönçələri açılmamış dərillər
Gül qoruyan əyri tikan tapılmır.
Təndir də var, xəmir də var, tabaq da,
Kündələyib yapan da var qabaqda
İndi bir söz hey dolanır dodaqda –
Çirmələnib taxıl əkən tapılmır.
Dərs oxuyan çoban olmaq istəmir
Yağlı tikə yavan olmaq istəmir
Arzularım güman olmaq istəmir
Aldatmayan halal dükan tapılmır.
Keçmişin “günahkar” zirzəmisi var
Yaddaşda yaşayan fəryad səsi var.
Görəsən daha nə təmənnası var
Zülmət zirzəmini sökən tapılmır.
Dünya suda batır, gəmisi yoxdu
Daha biçiləsi zəmisi yoxdu
Qayğının köməyi- hamısı yoxdu
Sınıq könülləri tikən tapılmır.
QÜRBƏTDƏ AYRILIQ
ƏLİMƏ DÜŞSƏ...
Qürbətdə ayrılıq əlimə düşsə
Üzümü qibləyə döndərəcəyəm.
Əgər vüsal ilə ünvan dəyişsə
Qaytarıb geriyə göndərəcəyəm.
Qürbətdə ayrılıq meydan sulayır
İntihar əlində qılınca dönür.
Hər gecə bir qərib boz qurd ulayır,
Günəş də ünvansız qürubda sönür.
Yaddaş dəftərini hey vərəqləyir
Çəkisi bilinmir xatirələrin.
Uzaqdan bir həzin meh küləkləyir
Nəfəsi mülayim, mənası dərin.
Növbəyə dayanır xatirələr də
Vətən torpağında süvarilər tək
Bir ömrün yükü var xatirələrdə
Onu necə çəkir görəsən ürək.
Gedirəm vüsaldan üzr istəməyə
Qulluq eyləyəcəm yanında qalıb
Həsrət nələr edib, gəl deyə-deyə
Onun hər əzabı yadımda qalıb.
BALIQLAR MƏCNUN OLAR
Bir damla söz cövhəri
Bir dənə göz gövhəri
Düşsə dəniz boyanar
Balıqları oyanar.
Bircə ovuc ədalət
Bircə qaşıq məhəbbət
Düşsə sular dayanar
Balıqlar məcnun olar.
Bircə nəfəs cinayət
Bircə ağız xəcalət.
Düşsə dəniz qocalar
Onda fəlakət olar.
Dənizdə yalan olmaz
Batanlar qalan olmaz
Öz-özünü təmizlər –
Mirvaridə gizlənər.
QIŞ GEDİR
Qar yağır göylərin yükü azalır
Yazın gəlişinə ağ süfrə salır
Bahara nə qalır, qışa nə qalır
Əl yetsəydi soruşardıq günəşdən.
Yarpaqsız ağaclar ağ çiçək açır
Buz salxım altından gedənlər qaçır
Şaxta işıq saçır, ayaz nur saçır?
Yol getsəydi soruşaraq günəşdən.
Qar nə yaman qucaqlayıb çəməni
Yaxın qoymur qar suyunda çiməni.
Bəs nə zaman göyərəcək səməni-
Əl çatsaydı soruşaraq küləşdən.
GECƏSİZ GÜNDÜZLƏR
Gecələr hardasa küsüb ağlayır
Tapa bilmirəm ki, öpüm üzündən.
Gözlər didəsində zülmət saxlayır
Qoymayır öpəsən qara gözündən.
Gözün ağı gündüz qarası gecə
Rənglər nə qarışır, nə də itmir
Ağ necə qucub gör, qaranı necə
Bu sevgi dastanı, vüsalı bitmir.
Gecələr gündüzdən niyə gizlənir
Yoxsa özü qara, üzü qaradır.
Bəlkə yerdən qaçıb göy gizlənir
Orda da yoxdursa yurdu hardadı?
Gecəni axtarır tutmayır qərar
Döyür qapıları əlində ağ daş.
Gecəsiz gündə də yaşamaq olar
Gündüzsüz gecələr olmayaydı kaş.
ÖLÜMÖNÜ FASİLƏ
Gözüaçıq öləndə
Gözləri açıq ölür...
Görsün ki, qənimətdi
Kim bölür, necə bölür.
Gözütoxlar öləndə
Gözü doyunca gülür
Həm ölür, həm də görür
Kimlər üzdə ağlayır
Kimlər ürəkdən gülür.
Kimsəsizlər öləndə
Göz yaşı da tapılmır
Baş yerinə qoymağa
Başdaşı da tapılmır.
Yaltaqlar ölən zaman
Qoltuqaltı buzlayır.
Yaltaqlar ölən zaman
Köhnə yara sızlayır.
Qatillər ölən zaman
Gözlər qapalı ölür.
Etdiyi cinayətlər
Gözdə topalı ölür.
Ölənlərin gözündə
Nələr yaşayır, nələr
Qalın kitab yox imiş
Ölən gözləri qədər.
Ariflər ölən zaman
Soruşma necə ölür
Hər gözü bir dünyadı
İki yerə bölünür
Biri yaşanmış dünya
O biri təzə dünya.
Aşğayan batır suya.