Son günlərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin davamlı şəkildə təxribatlar törətməsi hər bir Azərbaycan gənci kimi məndə də mübarizə ruhunu yüksəltdi. Çox təəssüf ki, hazırda düşmənlə cəbhədə mübarizə aparmıram. Ancaq buna baxmayaraq Qarabağ həqiqətlərini və son günlərdə baş verən düşmən təxribatlarını dünyanın müxtəlif ölkələrində yaşayan insanlara çatdırmağa, dünya ictimaiyyətinə erməni vandalizmindən, vəhşiliyindən danışmağa başlamışam və bu istiqamətdə geniş formada təbliğat aparmaqdayam.
Fəal gənc Ruslan Vəliyev deyib:
“Bildiyimiz kimi, döyüşlər təkcə cəbhədə getmir. Eləcə də düşmənin təxribatları ancaq cəbhədə olmur. Son günlər erməni blogerlərinin müxtəlif sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, əsassız paylaşımlarının şahidi oluruq. Bundan əlavə, düşmən hakerlər dövlətçiliyimizi və vətənpərvərliyimizi təbliğ edən səhifələrə hücumlar edir, müxtəlif resurslardan istifadə edərək bizim həqiqəti əks etdirən məlumatlarımızı saxtalaşdırırlar. Əlbəttə, bu informasiya müharibəsində də səngərdə dayanan əsgər ruhlu Azərbaycan gəncləri əzmlə mübarizə aparırlar. Mən də bir Azərbaycan gənci kimi düşmənə öz layiq olduğu yeri göstərir və onların həqiqi üzünü dünya ictimaiyyətinə çatdırıram.
Şəxsi təşəbbüsüm ilə başladığım #erməniterrorunayoxdeyirik aksiyası çərçivəsində xaricdə yaşayan dostlarıma müxtəlif təbliğat formalarını göndərmişəm. Dünyanın 10-dan çox ölkəsində yaşayan əcnəbi dostlarım öz dəstəklərini ana dillərində hazırladıqları videomüraciətlərdə bildirirlər. Onlar, hər zaman erməni terrorunu sərt şəkildə qınadıqlarını, erməni vandalizminə qarşı olduqlarını və Azərbaycana dəstəklərini bildirirlər. Müxtəlif beynəlxalq layihələr vasitəsilə tanış olduğum əcnəbi dostlarımın hər biri Azərbaycana ədalət istəyir və sosial şəbəkə hesablarında Qarabağ həqiqətlərini və erməni təcavüzkarlarının törətdiyi soyqırımlarına dair materialları paylaşaraq öz xalqlarına və dünya ictimaiyyətinə çatdırırlar.
Hazırda həmin insanlar dəstək videolarını mənə göndəriblər və öz səslərinin bütün dünya ictimaiyyətinə çatdırılmasını səbirsizliklə gözləyirlər.
Qeyd etmək istəyirəm ki, bu aksiyaya bütöv Azərbaycan gəncliyi qoşulmalıdır. Düşünürəm ki, hər bir Azərbaycan gənci, vətəndaşı öz əcnəbi dostlarına müraciət etsə, onlara Qarabağ həqiqətlərini çatdırsa, mənfur düşmənlərimiz olan ermənilərin tarixən Azərbaycan torpaqlarını işğal etmək niyyətlərinin olduğunu bildirsə, o zaman ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqrımları, vəhşiliklər bütün dünya ictimaiyyətinə çatdırılar. Belə olan halda erməni vandalizmindən və terrorizmindən daha çox insan məlumatlı olacaq, dünya birliyi bu terroru kəskin qınayacaq”.