|
|
|
|
"Təhsil Nazirliyi tədrisin başlanma formaları ilə bağlı açıq müzakirəyə başlayıb".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, arzuolunmaz vəziyyətdə ən əlverişli modelin seçilməsinə çalışılır: "Burada əsas məqam təhsilverən və təhsialanların sağlamlığıdır. Həmçinin, təhsilin davam etdirilməsi buna bərabərdir. Bu gün ictimai müzakirələr aparılır. Biz insanlardan da təkliflər gözləyirik ki, əlimizdə olan təklifləri təkmilləşdirək".
R.Tağıyev qeyd edib ki, yoluxma faizi uşaqlarda az olmasına baxmayaraq, onlar eyni zamanda, daşıyıcı rol oynayırlar.
Onun dediyinə görə, Bakıda 350, ölkə üzrə 4500-dən çox məktəb var: "Elə yerlər var ki, orada yoluxma çox azdır. Ölkə iki hissəyə - "sarı" və "narıncı" zonaya bölünərək, təkliflər verə bilmərik. Bu təkliflər ölkə üzrədir. Bu gün təhsil sistemi açıla bilməz deyə, bir yanaşma var. Bu sözləri deyəndə, qərar verəndə, təkcə sıxlıq olan yerləri deyil, ölkəni nəzərə almalıyıq. Bilməliyik ki, hibrid təhsil sistemi harada yaxşı tətbiq oluna biləcək".
BŞTİ müdiri vurğulayıb ki, Azərbaycan Respublikası Təhsil İnstitutu COVİD-19 pandemiyası şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edib. Yeni tədris ili üçün təklif olunan layihədə dərslərin həm ənənəvi, həm də onlayn formada keçirilməsi nəzərdə tutulur.
R.Tağıyev bildirib ki, ənənəvi tədris planları qalacaq və müəllimlərin əməkhaqlarında heç bir azalma olmayacaq.
İdarə müdiri əlavə edib ki, ölkədə koronavirus pandemiyasına qarşı vaxtında həyata keçirilən preventiv tədbirlər, Prezident İlham Əliyevin göstərişi ilə görülən kompleks işlər bütün mümkün hallarda infeksiyanın yayılmasının qarşısını almağa imkan verib: "Birmənalı olaraq, hər bir vətəndaş dövlətin apardığı qabaqlayıcı və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş tədbirlərə dəstək verməlidir. Koronavirus infeksiyası ilə mübarizədə öz məsuliyyətini tam anlamalıdır. Unutmamalıyıq ki, infeksiyadan qorunmaqla bağlı qoyulan qaydalara şərtsiz əməl olunmalıdır. İnanıram ki, tezliklə Azərbaycanda koronavirus infeksiyasına qarşı görülən tədbirlər ürəkaçan nəticələr verəcək, ölkə həyatının bütün sahələri əvvəlki iş ahənginə qayıdacaqdır".
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, seyrəldilmiş şagird cədvəlində 3 tərəfdən ixtisarlara gedirik. Onun sözlərinə əsasən, şagirdlər müəyyən qrafiklə məktəbə gələcək: "Təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldılması ilə çox böyük məktəblərdə də optimal nəticəyə gələ bilərik".
Şöbə müdiri qeyd edib ki, müəyyən qrup valideynlər var ki, pandemiyadan qorxuya düşüb uşaqlarını məktəbə göndərmək istəməyəcək: "Belə valideynlərlə razılaşma protokolumuz olacaq. Şagird valideynin nəzarəti altında tele-dərslərə baxmalı və virtual dərslərə qoşulmalı, seyrək cədvəllə də olsa, kiçik və böyük summativlərdə gəlib iştirak etməlidir. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik".
O əlavə edib ki, təhsil İnstitutunun təklif etdiyi variantlarda "sarı" zonalarda uşaqların təhsil müəəssisələrində təhsilə cəlb olunması məqbul sayılır. V.Yaqublunun dediyinə görə, əsas problem ümumi təhsildir: "Təhsil İnstitutu onun səviyyələr üzrə paylanmasını təklif edir: İbtidai təhsil səviyyəsində öyrənmə bacarıqları kifayət qədər formalaşmayıb. Ümumilikdə hər iki region, yəni "sarı" və "narıncı" zona üçün hibrid formada dərslərə qoşulma təklif edilir. Nəzəriyyə hissəsi, izaha ehtiyac olan hissə virtual formada, praktik hissə isə məktəbdə daha az sayda şagirdlərlə təşkil oluna bilər".
O bildirib ki, şagirdlərin daha zəruri fənlər üzrə, həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır: "Daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır. İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır".
V.Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ali təhsillə bağlı isə virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur.