|
|
|
|
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyət, cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Qardaş Azərbaycan xalqına yönəlmiş hücumlara görə dərindən üzüldüyümü bildirir, problemin tez bir zamanda beynəlxalq hüquq normaları çərçivəsində həllini və ədalətin yerini tapmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını arzulayıram.
Azərbaycanın tanınmış mədəniyyət və incəsənət adamlarının ölkənin bu çətin günlərində dövlətin yanında olaraq xalqa dəstək verdiklərini, vətənə olan sonsuz sevgilərini və ölkənin gələcək nəsilləri üçün keçirdikləri narahatlığı səmimi duyğularla izləyirəm. Əksəriyyəti ilə uzun illərdir birlikdə çalışdığım və dostluq etdiyim bu ziyalıların məsələyə həssas münasibətlərinə və səsləndirdikləri fikirlərə ürəkdən qatılıram. Bir mədəniyyət adamı olaraq Azərbaycan xalqının əzab və kədərlərini dərindən hiss edir, əzəli Azərbaycan torpaqlarında tez bir zamanda sülhün, əmin-amanlığın bərpa olunmasını, rifaha qovuşmasını arzulayıram.
Tarixi ədalət və hüquq Azərbaycanın tərəfindədir və əminəm ki, zati-alilərinizin rəhbərliyi ilə Azərbaycan xalqı bu çətinliklərin də öhdəsindən ləyaqətlə gələcək və hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqlarda sənətin, mədəniyyətin və insanlığın yenidən dirçəlməsini bütün Türk dünyası ilə birlikdə müşahidə edəcəyik.
Bu mücadilədə döyüşlərdə həyatını itirənlərə Allahdan rəhmət və yaralılara şəfa diləyirəm".