Prezident İlham Əliyev İtaliyanın "La Republica" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, davam edən döyüşlərlə bağlı maraqlı mesajlar verib, eyni zamanda, Azərbaycanın problemlə bağlı növbəti dəfə mövqeyini açıqlayıb. Dövlət başçısı Azərbaycan öz ərazisində döyüşdüyünü, başqa ölkələrə hücum etmədiyini bildirib.
Müharibə başlayandan bu yana Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə dəfələrlə zəng edib, məktub göndərərək hərbi yardım xahiş edib. Bu, düşmən ölkənin hərbi məğlubiyyətini və Azərbaycanın qələbəsini qəbul etmələri deməkdir.
Dövlət başçısı bir daha bəyan edib ki, Ermənistanın baş naziri işğal edilmiş yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, Azərbaycan bu gün dayanmağa hazırdır. Üç atəşkəs artıq pozulub. Buna görə Ermənistan günahkardır. Paşinyan müharibənin dayanmasını istəmir. Bundan əlavə, Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi, lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi.
Müsahibə zamanı qeyd edilib ki, Paşinyan Prezident Putinə gündə beş dəfə zəng edir, Prezident Makrona zəng edir, hər kəsə zəng edir, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Paşinyan müəyyən dəstəyi əldə etmək üçün hər bir feyk üsuldan istifadə etməyə çalışır.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar.
Deputat Sədaqət Vəliyeva hesab edir ki, döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistan ordusu öz cinayətləri ilə tarixə ləkə kimi düşən bu faciələrə görə Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək və bu gün işğal altında olan ərazilər azad olunduğu kimi, gün gələcək bu müharibə cinayətlərini törədənlər də hərbi tribunallarda əməllərinə görə cavab verəcək: "Tarixdə heç bir hərbi və beynəlxalq cinayət cəzasız qalmır. Biz bunun tarixi və əyani sübutları ilə dəfələrlə qarşılaşmışıq. Məsələn, 1945-ci ildə hərbi cinayətkarların mühakiməsi üçün Nürnberq Beynəlxalq Hərbi Tribunalı təsis edilmişdi. 1946-cı ildə Uzaq Şərq üçün Beynəlxalq Tokio Hərbi Tribunalı yaradılmışdı. Eləcə də, 1993-cü ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı təsis edilmişdi. Həmçinin, 1994-cü ildə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı yaradıldı. Bütün bu tribunallarda əhalinin məhv edilməsi, kütləvi edamı və ya soyqırıma məruz qalmasında təqsiri olanlar cəzalandırıldılar. Əlbəttə ki, Azərbaycan xalqı da Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən kütləvi qətlə və soyqırıma məruz qalıb. Bu gün də Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkir. Təkcə sentyabrın 27-dən başlanan hərbi əməliyyatda ermənilərin hərbi zonadan kənarda yerləşən yaşayış məntəqələrinə ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla hücum etməsi nəticəsində 91 nəfər dinc sakin həlak olub, o cümlədən, 1 körpə, 10 uşaq, 27 qadın qətlə yetirilib. Müasir dövrdə bu cür cinayətlərə susmaq ən böyük ədalətsizlik və qətliam törədən faşistlərin daha da həvəsləndirilməsi olar. Ona görə də, 75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi, onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır".
Sədaqət Vəliyeva diqqətə çatıdırıb ki, dünya Ermənistanın siyasi-hərbi rəhbərliyinin Qarabağa terrorçuları gətirməsinə, Azərbaycana qarşı vuruşdurmasına susmamalı, erməni faşistlərinin bu əməlləri də cəzasız qalmamalıdır: "Qarabağda hərbi əməliyyatların başlandığı ilk günlərdə bəzi dövlətlərin başçıları və mediaları Azərbaycanı və Türkiyəni ittiham edirdilər. Lakin sonradan üzə çıxan faktlar bir daha isbatladı ki, Azərbaycan muzdlulardan istfadə etmir, əksinə, Ermənistan Qarabağda terror yuvası salıb. Muzdluların və yaraqlıların Ermənistan ordusunda vuruşması, əcnəbi vətəndaşların orduya cəlb edilməsi və Qarabağa göndərilməsi demək olar ki, adi hal alıb. Lakin Azərbaycanı və Türkiyəni ittiham edən ölkələr, medialar bu dəfə susmağa üstünlük verdilər. Niyə? Bu qədər ikilistandartlar nə üçündür? Bir halda ki, Azərbaycan nəinki regionu, hətta dünyanı faşizm bəlasından xilas edir, niyə ölkəmizə qarşı ədalətsizlik olmalıdır? Axı, sabah bu faşistlər başqa təxribatlar da törədə bilərlər. O zaman məsuliyyət kimin üzərində olacaq? Ona görə də, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cür beynəlxalq cinayətlərinə görə də cəzasını almalıdır".
PƏRVANƏ