|
|
|
|
Bu günlərdə Azərbaycan məktəblilərinin də iştirak etdiyi 2019-cu il TİMSS (Trends in İnternational Mathematics and Science Study) imtahanlarının nəticələri açıqlandı.
TİMSS imtahanı məktəblilərin riyazi biliklərini yoxlayan beynəlxalq qiymətləndirmə vasitəsidir. Bu beynəlxalq qiymətləndirmə nəticəsində Azərbaycan məktəbliləri (4-cü siniflər) bir əvvəlki TİMSS nəticəmizi 52 bal artıraraq 28-ci yer tutdular.
Bu irəliləyiş bizə nə deyir? Məlumdur ki bundan əvvəl - 2011-ci ildə Azərbaycan məktəbliləri bu imtahanda iştirak etmiş və axırıncı yerlərdən birini tutmuşdular. 2019-cu il nəticələri keçən 8 il ərzində Azərbaycan şagirdlərinin riyazi biliklərinin yaxşılaşdığını göstərir. Bu, bir uğur, müsbət nəticədir. Bu, bir irəliləyişdir. Niyə? Xarici bir təşkilatın qiymətləndirməsi əlbəttə, obyektiv xarakter daşıyır. Dünyanın müxtəlif ölkələrində keçirilən bu imtahan hər hansı bir olimpiada xarakteri daşımayan, yarış havasında olmayan, şagirdləri mövcud vəziyyətində yoxlayan və təhlil xarakteri daşıyan bir imtahandır. Belə olduqda əlbəttə, ölkələr öz nəticələri ilə üzləşmək, təhsillərini inkişaf etdirmək üçün bu beynəlxalq imtahanlarda iştirak edirlər. PİSA, TİMSS, PİRLS imtahanları beynəlxalq qiymətləndirmə sayılır və dünyada müəyyən ölkələr var ki, bu imtahanlarda iştirak etmir. Ancaq bu imtahanlarda iştirak edib nəticələri ilə üzləşən, öz uğurlarını artırmağa çalışan ölkələri proqressiv ölkələr adlandırmaq olar.
Bəs bu uğurun arxasında hansı səbəblər dayanır? Bu səbəblərdəın bir neçəsini sadalamaq istəyərdik.
Bunlardan birincisi 2011-ci ildən bura DİM-in qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin pedaqoji ixtisaslara yönəlməsi ola bilər. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yüksək bal toplayıb pedaqoji ixtisas seçən abituriyentlərə əlavə "Gələcəyin müəllimi" təqaüdünü verməsi, bununla da pedaqoji ixtisaslara yönəlməyə təşviq etməsi əsas amillərdən hesab oluna bilər. Belə bir təqaüdün verilməsi yüksək bal toplayan çox sayda abituriyentin ilk olaraq pedaqoji ixtisas seçməsinə səbəb oldu. Bunun nəticəsində pedaqoji fakültələrimizdə daha çalışqan, daha savadlı tələbələr yerləşdilər və bu fakültələrdən yüksək nəticələrlə məzun oldular.
SABAH qruplarının pedaqoji fakültələrinin bir qismini əhatə etməsi də bu nəticəyə müsbət təsir etmiş ola bilər. Bu tələbələr məzun olduqdan sonra obyektiv, mərkəzləşdirilmiş MİQ imtahanlarını verib orta məktəblərimizdə müəllim kimi çalışa bildilər. Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbul imtahanı yenə bir müsabiqə oldu və yenə ən yaxşı, ən uğurlu müəllimlərin seçilərək məktəblərə təyin olunması ilə nəticələndi. Beləliklə, məktəblərimizdə müəllimlərin keyfiyyəti artmış oldu. Müəllimlərin keyfiyyətinin artmağı isə əlbəttə ki, şagirdlərin daha çox öyrənməyinə, öyrəndiklərinin daha da qalıcı olmasına öz müsbət təsirini göstərdi. Bu mənada fundamental elm sayılan riyaziyyatda Azərbaycanın nəticəsinin yaxşılaşmağı heç də təəccüblü deyil, çünki PİSA nəticəsində də Azərbaycanın riyaziyyat fənni üzrə nəticələri normaldır.
Təbiət elmlərindəki nəticəmiz nə deyir? Təbiət elmlərində Azərbaycanın TİMSS və PİSA nəticəsi gözləntilərin altındadır. Bunun bir çox səbəbləri ola bilər. Bu səbəbləri aşağıdakı kimi sadalaya bilərik:
- PİSA və TİMSS təbiət elmləri suallarının qoyuluş tərzinin Azərbaycan məktəbliləri üçün yeni olması;
- Azərbaycanda təbiət elmlərinin inteqrativ tədrisi ənənəsinin zəif olması;
- Azərbaycan təbiət fənləri dərsliklərinin yaddaş məktəbinə istinad etməsi;
- Azərbaycan təbiət fənnləri dərsliklərinin fənnlərarası və multidisiplinar yanaşmadan uzaq olması;
- Orta məktəblərdə inkişaf etmiş ölkələrdə olan təbiət fənni dərsinin (science) tədrisinin olmaması;
- Məktəblilərimizin təbiət fənlərində öyrənilən bilikləri gündəlik həyat təcrübələrində istifadə edə bilməməsi;
- Dərsliklərimizdə situasiya tipli sualların və problem əsaslı öyrənmə yanaşmasının tətbiq olunmaması;
Qeyd edilən məsələlər dərsliklərdə öz əksini tapdıqda təbiət fənlərindəki nəticələrimizin də yüksələcəyini düşünürəm. Bu zaman şagirdlərin həmin qiymətləndirmə imtahanlarında qarşılaşdıqları sual tipləri şagirdlərimiz üçün yeni olmayacaq və beləliklə, şagirdlərimiz həmin qiymətləndirmələrin öhdəsindən asanlıqla gələcək və daha yüksək nəticələr əldə edəcəklər. Bu istiqamətdə təhsil nazirliyinin riyaziyyat və təbiət fənlərinin kurrikulumları, təlim standartları və dərslikləri ilə əlaqədar Sinqapurun iki nəşriyyat evi ilə qurduğu əməkdaşlıq ümidvericidir. Riyaziyyatda qazanılan nəticələrin təbiət elmlərində də olmasını arzulayır və bu yöndə aparılan uğurlu islahatların davam etməsini diləyirik.
Qoşqar MƏHƏRRƏMOV