https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

İnamlı qələbə - İbrahim Cəfərovun yazısı

TEYMUR RƏCƏBOVUN ERMƏNİ LEVON ARONYAN ÜZƏRİNDƏKİ BU QƏLƏBƏSİ HƏM DƏ AZƏRBAYCAN XALQININ İNTELLEKTUAL POTENSİALININ BARİZ GÖSTƏRİCİSİDİR

İnamlı qələbə - İbrahim Cəfərovun yazısı

İbrahim CƏFƏROV

Dünya tarixinə qeyri-adi, analoqu olmayan il kimi düşən 2020-ci ili geridə qoyduq. Koronavirus pandemiyası ötən il Yer kürəsinin qorxulu röyasına çevrildi.
 
Son məlumatlara görə, dünyada COVİD-19-a yoluxanların sayı 85 milyonu ötüb. Elmin, tibbin, texnologiyanın bu qədər inkişaf etdiyi XXI əsrdə dünyanın bir virusdan qurtula bilməməsi inanılmaz görünsə də, reallıqdır. Əksər ölkələr kimi, Azərbaycan üçün də 2020-ci il çox çətin keçdi. İlin son 3 üç ayında qazandığımız tarixi zəfər olmasaydı, biz də 2020-dən qurtulmağımıza sevinərdik. Lakin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük qüruruna çevrildi. Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuzun əzmi sayəsində torpaqlarımız düşmən caynağından qurtuldu. Bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Füzulidə şanlı Azərbaycan bayrağı dalğalanır.  

YENİ İLİN İLK UĞURU TEYMUR RƏCƏBOVDAN GƏLDİ 

Artıq 2021-ci ilin ilk günlərini yaşayırıq. Yeni təqvim ilində cəmi üç gün bəs etdi ki, düşmən üzərində növbəti qələbəmizə sevinək. Onlayn blits şahmat üzrə "Airthings Masters" turnirinin finalında qrossmeysterimiz Teymur Rəcəbov finalda ardıcıl iki gün Ermənistan təmsilçisi Levon Aronyanı məğlub etməklə turnirin qalibi oldu. Bu, nəinki şahmatımızın, idmanımızın, ümumiyyətlə, ölkəmizin yeni ildəki ilk zəfəridir.

Təbii ki, idmanda udmaq da olar, uduzmaq da. Amma Rəcəbovun bu qələbəsi xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, döyüş meydanında olduğu kimi, intellekt meydanında da ermənilərdən üstün olduğumuzu bütün dünyaya göstərdik. Ermənistanın ən ağıllı, zəkalı şəxsi hesab olunan Levon Aronyan azərbaycanlı şahmatçı qarşısında aciz qaldı. 



40 GÜNDƏ İKİ DƏFƏ NOKAUTA DÜŞƏN ARONYAN 

Bu turnirə qədər Teymur Rəcəbov hələ ötən il noyabrın 23-də dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin 7-ci turunda da Levon Aronyan üzərində qələbə qazanmışdı. Teymurun Aronyan üzərindəki 40 gündə ardıcıl ikinci qələbəsinin xüsusi əhəmiyyət kəsb etməsinin bir göstəricisi də şahmatçımızın oyundan sonrakı göz yaşları idi. Buna qədər istər komanda şəklində, istərsə də fərdi yarışda bir çox mühüm qələbələr qazanan Rəcəbov daim soyuqqanlığı ilə seçilib. Bir çox hallarda emosiyalarını büruzə verməyib. Lakin bu dəfə Teymur Rəcəbov sevincindən göz yaşlarına hakim ola bilmədi.

"KASPAROV KUBOKU"NDAKI QƏLƏBƏ İLƏ BAŞLAYAN ZƏFƏR YOLU 

Teymur Rəcəbov 1987-ci il martın 12-də Bakı şəhərindən anadan olub. 2001-ci ildən beynəlxalq dərəcəli qrossmeysterdir. Açıqlanan son FİDE reytinqində Azərbaycan şahmatçıları arasında 2-ci, dünyada isə 10-cu şahmatçıdır.

O, karyerasında ilk uğurunu 11 yaşında qazanıb. 1998-ci ildə "Kasparov kuboku"nun qalibi olan Rəcəbov növbəti il 18 yaşa qədər gənclər arasında Yunanıstanda keçirilən Avropa çempionatının ən gənc iştirakçısı olmasına, yaşının və təcrübəsinin azlığına baxmayaraq, qitə çempionu oldu. 1 il sonra Budapeştdəki şahmat turnirində birinci yerə çıxan Teymur Rəcəbov 2002-ci ildə Yudit Polqardan sonra FİDE-nin Top 100 oyunçusu siyahısına daxil olmuş ikinci ən gənc şahmatçı kimi tarixə düşdü.

Növbəti ildə Rəcəbov öz karyerasında möhtəşəm bir uğura imza atdı. O, qara fiqurlarla 3 sabiq dünya çempionunu - Harri Kasparov, Vişvanatan Anand və Ruslan Ponomaryovu məğlub edərək bu nəticəyə bir il içində imza atan ilk şahmatçı oldu.



KASPAROVUN HEÇ VAXT UNUTMADIĞI MƏĞLUBİYYƏT 

Qeyd etdiyimiz kimi, 2003-cü il Rəcəbovun karyerasında xüsusi bir il idi. 15 yaşında İspaniyanın Linares şəhərində keçirilən beynəlxalq turnirdə qara fiqurlarla həmin dövrün 1 nömrəli şahmatçısı Harri Kasparovu məğlub etmək 15 yaşlı azərbaycanlı vunderkindin şahmat dünyasındakı vizit vərəqəsi idi.

Kasparov Rəcəbova uduzmamışdan öncə 5 turnir idi ki, məğlub olmurdu. Ağ fiqurlarla isə Kasparov 7 il idi yenilgi üzü görməmişdi. Bu, onun karyerasında ağ fiqurlarla son məğlubiyyət kimi tarixdə qaldı. Harri Kasparov 15 yaşlı azərbaycanlı vunderkinddən aldığı bu yenilgini heç vaxt unuda bilmədi. Təsadüfi deyil ki, 2005-ci ildə verdiyi bir müsahibədə Rəcəbov Kasparovun Linaresdəki məğlubiyyətindən sonra öz nüfuzundan istifadə edərək onun bir çox mötəbər turnirlərə dəvət olunmasının qarşısını kəsdiyini bildirdi:
 
"Karyeramın əvvəlində Kasparov mənə çox yaxşı yanaşırdı. Moskvada 16 yaşında gənc istedadlar arasında keçirilən "Kasparov kuboku"nu udanda (o zaman Rəcəbovun 11 yaşı var idi - İ.C.) o, özü kuboku mənə təqdim etdi və xoş sözlər dedi. Həmişə qeyd edirdi ki, gənc istedadlar arasında dünya çempionu adına böyük ehtimalla, məhz məni iddiaçı görür. 2003-cü ildə Linaresdə ona qalib gəldikdən sonra hər şey dəyişdi. Buna qədər Kasparov 7 il idi heç kimə uduzmurdu. Bağlanış mərasimində turnirin ən yaddaqalan partiyası mənim Kasparov üzərində qələbə qazandığım partiya seçildi. Bu zaman Harri özündən çıxdı, qalmaqal yaratdı. Bundan sonra digər turnirlərdə məni görəndə heç salam da vermirdi".

Maraqlıdır ki, Teymura bu idman növünü Harri Kasparovla eyni şahmat məktəbində təhsil alan atası Boris Şeynin öyrədib. Neft-qaz mühəndisi olan Şeyninin məşqçiliyi ilə Rəcəbov artıq 3 yaşında şahmat oynamağa başlayıb. 

DÜNYA KUBOKUNUN QALİBİ OLAN İLK AZƏRBAYCANLI 

Növbəti uğuruna qrossmeysterimiz 2006-cı ildə "Cap d'Agde" rapid turnirinin qalib olmaqla imza atdı. Həmin vaxt Teymur finalda hazırda şahmat dünyasının aparıcı simalarından olan Sergey Karyakini məğlub etdi. 20 yaşında Rəcəbov Veselin Topalov və Levon Aronyan ilə birlikdə Veyk-an-Zee turnirində 1-3-cü yerləri bölüşdü. Daha sonra müxtəlif illərdə Odessada, Elistada, Cenevrədə keçirilən mötəbər turnirlərdə qalib olan Rəcəbov 2019-cu ildə karyerasında ən böyük uğuruna imza atdı. 9 sentyabr-4 oktyabr tarixlərində Rusiyanın Xantı-Mantiysk şəhərində keçirilən Dünya kubokunda finala kimi irəliləyən Rəcəbov həlledici mərhələdə dünya reytinqində üçüncü olan çinli Dinq Lirenlə üz-üzə gəldi. Yekun nəticədə rəqibinə 6:4 hesabı ilə qalib gələn Teymur Azərbaycan şahmat tarixində ilk dəfə olaraq Dünya kubokunun sahibi oldu.



Teymur Rəcəbov həm də Azərbaycan milli komandasının heyətində 3 dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

ARONYAN ÜZƏRİNDƏ QƏLƏBƏ 

Şübhəsiz, Teymur Rəcəbov "Airthings Masters" turnirinin finalında Aronyana deyil, başqa bir qrossmeysterə qalib gəlsəydi, uğurun önəmi bu qədər böyük olmazdı. Bəzən idman siyasətdən ayrıdır deyirlər. Lakin Aronyan Teymur üçün sıradan bir rəqib deyil, ola da bilməz. Çünki 38 yaşlı erməni şahmatçı istər daha öncəki addımları, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də ondan sonrakı dövrdəki çıxışları ilə milyonlarla azərbaycanlının qəzəbinə tuş gəlib. Təsadüfi deyil ki, hələ müharibənin gedişində Azərbaycanın şahmat ictimaiyyəti - federasiya prezidenti Elman Rüstəmov, vitse-prezidentlər Mahir Məmmədov, Faiq Həsənov, Seymur Talıbov, eləcə də milli komandamızın üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abbasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyevanın imzası ilə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçə Aronyanın separatçı çıxışları ilə bağlı etiraz məktubu ünvanlanmışdı.



Bu separatçılığın əsası hələ 2005-ci ildə - Levon Aronyan qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən beynəlxalq şahmat turnirində iştirak edərkən qoyulmuşdu. Məhz buna görə də onun adı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısına daxil edilmişdi. Lakin 10 il sonra Bakıda keçirilən dünya kubokunda iştirak etmək üçün Azərbaycan hökuməti humanistlik nümayiş etdirərək Aronyanın adını "qara siyahı"dan çıxartmışdı. Həmin vaxt Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin bu addımı idman prinsiplərinə görə atdığını bəyan etmişdi. Nəticədə erməni şahmatçı nəinki Bakıdakı dünya kubokuna qatıldı, hətta imkan tapıb paytaxtımızın gəzməli, görməli yerlərində oldu, orada çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşdı. Lakin 44 günlük Vətən müharibəsi zamanı tutduğu mövqe göstərdi ki, Aronyan Azərbaycan hökumətinin nümayiş etdirdiyi humanistliyi unudub. Belə olmasaydı, Aronyan oktyabrın 20-də nüfuzlu "chess24" portalına müsahibəsində vətəninin Türkiyə və Azərbaycan qoşunlarının hücumuna məruz qalmasını iddia etməzdi. "Biz özümüzü qorumağa çalışırıq" deyən şahmatçı müharibədə iştirak etməyə belə hazır olduğunu bildirmişdi. Daha sonra noyabrın əvvəlində Yerevandakı xeyriyyə aksiyasına qatılan şahmatçı orada Dağlıq Qarabağ və Ermənistandan olan 20 azyaşlı şahmatçıya master-klass keçməsindən, anasının müəllifi olduğu "Levon Aronyan" kitabının imzalı satışından əldə olunan gəlirin ümumerməni fondu "Ayastan"a köçürülməsindən qürurla söz açırdı. Noyabrın 12-də isə Aronyan "Speed Chess Championship" turnirinin 1/8 finalında rusiyalı rəqibi Yan Nepomnyaşi üzərindəki qələbəsini erməni şəhidlərə həsr etdiyini bildirmiş, erməni xalqını güclü olmağa çağırmışdı.

Erməni şahmatçının bütün bu hərəkətləri, Azərbaycan xalqına qarşı tutduğu qərəzli mövqe onu deməyə əsas verir ki, Teymur Rəcəbovun qələbəsi sıradan bir qələbə deyil! Bu, Azərbaycanın Ermənistan üzərində növbəti zəfəridir.  

İLHAM ƏLİYEV VƏ MEHRİBAN ƏLİYEVADAN TEYMUR RƏCƏBOVA TƏBRİK 

Aronyanla həlledici qarşılaşmadan az sonra idmanımıza və idmançılarımıza daim böyük diqqət və qayğı nümayiş etdirən ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Teymur Rəcəbovu qələbə münasibətilə təbrik etdilər.




Təbrikdə deyilir:

"Əziz Teymur,

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".

Qələbə münasibətilə səmimi təbriklərinə görə dövlətimizin başçısına və Birinci xanıma minnətdarlıq edən Teymur Rəcəbov deyib:

"Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizin təbrikiniz mənə böyük şərəf verdi. "Airthings Masters" turnirində qazanılan qələbəni Azərbaycan şahmatının, ümumilikdə ölkə idmanının uğuru hesab edirəm".

Şahmatçıların Azərbaycan dövlətinin diqqətini daim hiss etdiklərini vurğulayan qrossmeyster bildirib ki, yaradılan şərait çıxış etdiyimiz bütün yarışlarda qələbə uğrunda mübarizə aparmağa kömək edir:
 
"Peşəkar şahmatçı kimi, hər yarışda Vətənimin idman nüfuzunu layiqincə qorumağa çalışıram. Çox gərgin oyunlar keçirdim və sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı. Cənab Prezident, ölkəmiz tarixində ən böyük qələbəni 2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu qazanıb. İşğal altındakı torpaqlarımız otuz ildən sonra Sizin - Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə ordumuz tərəfindən düşmən tapdağından azad etdi. Bu tarixi Qələbə Sizin qətiyyətiniz, müdrik rəhbərliyiniz və milli birliyimiz sayəsində əldə olundu. Cənab Prezident, Sizə və qalib Azərbaycan Ordusuna xalqımıza və mənə yaşatdığınız Zəfər sevincinə görə dərindən minnətdarlıq və təşəkkür bildirmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, bu Qələbə biz şahmatçılara gələcək yarışlarda güc və ruh yüksəkliyi verəcək".

Azərbaycanın dünyada intellektual və idman, o cümlədən aparıcı şahmat ölkəsi kimi tanındığını vurğulayan qrossmeyster qeyd edib:

"Sizin şahmata və şahmatçılara göstərdiyiniz diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanır, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alır. Sizi və Azərbaycan xalqını sevindirdiyim üçün çox xoşbəxtəm".

Onu da əlavə edək ki, bu, Prezident və Birinci vitse-prezidentin Teymur Rəcəbova ünvanladıqları ilk təbrik məktubu deyil. 2019-cu ildə şahmatçımız dünya kubokunda qalib olduqdan sonra da İlham Əliyev və Mehriban Əliyevə qrossmeysteri təbrik etmişdilər.

QƏLƏBƏ ŞƏRHİ: "QIZIM MƏNƏ MESAJ GÖNDƏRDİ" 

Onlayn blits şahmat üzrə "Airthings Masters" turnirinin qalibi olan Teymur Rəcəbov çempionluq sevincini bölüşüb. O bildirib ki, qarşılaşmalar kifayət qədər gərgin alınıb:

"Bu, məndən çox böyük enerji aldı və çox yorğunam. Çalışdım ki, Levonu əsas matçlarda - blitsdə məğlub edim. Deyə bilərəm ki, "quru oyun" nümayiş etdirirdim. Səmimi olsam, məqsədim öz oyunumla kiminsə xoşuna gəlmək yox, yarışın qalibi adını qazanmaq idi. Çünki peşəkar şahmatçıyam. Həyəcanlı idim, ya yox, mənim üçün fərqi yoxdur. Çalışırdım ki, turnirin qalibi olam".



Həmişə sakitliyi ilə diqqət çəkən Rəcəbov görüşün sonundakı emosiyalarına da aydınlıq gətirib:
 
"Bəli, bəzən mən də emosional oluram. Bu, doğurdan çətin idi və mən çox xoşbəxtəm. Sakit təbiətli insanlar tanıyıram ki, onlar əslində, çox emosionaldır. Mən sadəcə, emosiyalarımı göstərməməyə çalışıram. Sonda isə bunu bacarmadım. Çünki çox gərgin oyun idi və mən sonda qarşılaşmanı xilas edə bildim. Düşünürəm ki, yeni ilə bundan yaxşı başlamaq olmazdı".

Qrossmeyster finalın ilk qarşılaşmasında Aronyanı 2,5:1,5 hesabı ilə məğlub etdikdən sonra xüsusi enerji aldığını da qeyd edib:
 
"Ötən gün qızım mənə mesaj göndərdi. Yazmışdı ki, ata, təbrik edirəm, yaxşı oyun idi, növbəti matçda da sənə uğurlar arzulayıram. Bu gün Levonun mənə xüsusilə ağ fiqurlarla çox təzyiq göstərəcəyinə əmin idim. İlk oyun mənim üçün xoş olmadı. Bir müddət tamamilə matçı uduzmuşdum. Öz sakitliyimi qorumağa çalışırdım. Oyunda məğlub olmaq istəmirdim və rəqibin şahını "tələyə" salmağın yolunu tapdım. Çox çətin idi, Levon yüksək səviyyəli şahmatçılar kimi təzyiqi davam etdirirdi. Əlbəttə, yeni ilə bundan yaxşı başlamaq olmazdı, lakin bu, mənim bütün enerjimi apardı, özümü çox yorğun hiss edirəm".

Şahmatçı qarşıdakı planlarından da danışıb. Qalib olmaqla, ABŞ-da keçiriləcək Çempionlar turunun final mərhələsinə vəsiqə əldə edən Rəcəbov bildirib ki, əsas məqsədi təqvimdə olan digər 8 yarışda da uğurlu iştirakdır.

Rəcəbov son mərhələlərdə qazandığı qələbələrin sirrini də açıqlayıb. O vurğulayıb ki, hər şey turnirə uğurlu hazırlıqdan başlayıb:
 
"Müəyyən dərəcədə ümid edirdim ki, Maqnus Karlsenə (1/4 finalda uduzub - İ.C.) qarşı oynamayacam. Yan Nepomnyaşi ilə mübarizədə blitsdə uduzdum və özümə dedim ki, Karlsen burda yoxdur, lakin yenə uduzuram. Buna görə də oyunumda bəzi dəyişikliklər etdim və bu qərarı vermək də müəyyən zaman aldı. Bu, yarışda özümdən əminliyim üçün çox vacib an idi. Daha sonra düşünürəm ki, necəsə mənə ikinci bir şans və ya buna oxşar bir şey verildi. Nepomnyaşi ilə ikinci blits oyunundan əvvəl fasilə götürdüm. Bilmirəm, siz elmə, enerjiyə və s. inanırsınız, ya yox. Sona qədər mübarizə aparmalı idim".

"HƏR KƏSƏ ELƏ GƏLİRDİ Kİ, ŞAHMATDAN AYRILMIŞAM" 

Rəcəbov son illərdə az yarışda iştirak etməsinin səbəblərini də açıqlayıb. O bildirib ki, şahmatdan ayrılmayıb:
 
"Hər kəsə elə gəlirdi ki, ayrılmışam. Sadəcə oynamırdım, lakin çox məşq edirdim. 2013-cü ildə İddiaçılar turnirində top şahmatçılara bütün oyunlarda məğlub olmuşdum. Özümə sual vermişdim ki, oynamağı dayandırmalıyammı? Mən sadəcə oynamağı saxlamışdım. Bu, yeganə yol idi. Çünki super turnirlərə çıxırdım və İddiaçılar turnirindən sonra özümə əminliyi itirmişdim. Buna görə də bir növ karyeramda fasilə vermək qərarına gəldim. Oyun üsulumu dəyişərək, rəsmi oyunlara qatıldım".



O, qalibi olduğu Dünya kubokundan da danışıb. Rəcəbov qeyd edib ki, həmin yarış onun üçün tamamilə bir sürpriz olub:
 
"Mən bununla özümə əminliyimi daha yüksək səviyyəyə çatdırdım. Bundan əvvəl uzun illər, 2013-2014-cü illərdən sonra top səviyyəli bir şahmatçı hesab edilmirdim. Bu hamısı özümə əminliklə əlaqəli idi. Böyük yarışmalarda iştirak edərək, bunu bir növ geri qaytardım. Bunun üzərində çox işlədim, hələ də öz oyunum üzərində çalışıram. İlkin mərhələdəki 12, həmçinin, nokaut mərhələsindəki şahmatçılardan hər biri turnirin qalibi ola bilərdi. Bu, yarışa həyəcan qatırdı. Mən də bu turnirin bir hissəsi olduğum və yekunda qalib gəldiyim üçün məmnunam".

MAHİR MƏMMƏDOV: "TEYMUR RƏCƏBOVUN BU UĞURU SİYASİ QƏLƏBƏDİR" 

"Hamını təbrik edirəm. Bu, çox gözəl, hətta deyərdim ki, siyasi qələbədir". Bu fikirləri isə "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib. O, 33 yaşlı qrossmeysterin turnirdə çox gözəl çıxış etdiyini bildirib: "Daniil Dubovu necə məhv etdiyini gördünüz. Final görüşünün hər iki günündə özünü yüksək səviyyədə göstərdi. 7 partiyanın heç birində, demək olar ki, şəbhəli mövqe almamışdı, vəziyyətə nəzarət edirdi. Dünən də çox gözəl oynadı. Birinci partiya taktika ilə zəngin idi. Sonuncuda Teymur Aronyanı səhvə məcbur etdi. Nəticədə "daimi şah" alındı. İkinci partiyada müxtəlif rəngli fillərlə çox gözəl, klassik üslubda qələbə qazandı. Halbuki adətən belə hallarda heç-heçə qeydə alınır".

AŞF-nin vitse-prezidenti təcrübəli qrossmeysterə hər zaman dövlət tərəfindən dəstək olduğunu söyləyib: "İstər vaxtilə Ümummilli liderimiz Heydər Əliyev, istərsə də Ali Baş Komandan, Prezident İlham Əliyev Teymurun uğurlarını heç vaxt diqqətsiz qoymayıb, hər zaman ona kömək olublar. 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə Dünya kubokuna sahib çıxdı. Yaxşı idman forması xətti davam edir. Ona uğurlar arzulayıram. Teymurun bu uğuru siyasi qələbədir".

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.