https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
https://525.az/img/pics/medium/2024-04/311917_xxohqnysa4.png Marketlərdə dəmirlə zənginləşdirilmiş un satılacaq
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qədim Tyan-Şan qarı - Ağacəfər Həsənli - 70
search
30 Aprel 2024
29 Aprel 2024

Grazie, İtaliya! - İdman

Grazie, İtaliya! - İdman

İbrahim CƏFƏROV

7 yaşıma qədər bir neçə dəfə ekran qarşısında Kiyev "Dinamo"sunun oyunlarını həyəcanla izləyən atama qoşulsam da, hələ futbol adlı "xəstəliyə yoluxmamışdım".

Daha sonra ABŞ-da Dünya çempionatı start götürdü. Argentina və Yunanıstan milli komandalarının qarşılaşması mundialda baxdığım ilk oyun idi. Bütün dövrlərin ən yaxşısı hesab etdiyim Dieqo Armando Maradona da həmin gün "meydan sulayırdı". Amma əfsanəvi Maradonanın qolu, Batistutanın het-triki, Argentinanın böyükhesablı qələbəsi də məni futbola tam bağlaya bilmədi. Nəhayət, bir neçə gün sonra ekranda göy formada gördüyüm komandanın oyununa ilk baxışdan vuruldum. Bu, Roberto Baccolu İtaliya millisi idi. İlk baxışdan məhəbbət... Məhz Bacco mənə İtaliyanı da, futbolu da sevdirən adam oldu. "Quyruqcuğ"un fantastik oyunu, qolları sıralaması "Skuadra Adzurra"nı finala daşıdı...

Avro-2020-nin startı ərəfəsində "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Feysbuk izləyicilərinə "sevimli komandasının uduzmasından sonra hönkürüb ağlayanlar"la bağlı sual ünvanlamışdı. Orada da yazmışdım, bu və ya buna bənzər sual eşidəndə həmişə yadıma məhz DÇ-1994-ün final oyunu düşür. İtaliya penalti seriyasında Braziliyaya uduzanda düz 3 gün ağlamışdım. Alınan hədiyyələr belə, göz yaşlarımı quruda bilmirdi... "Sağ olsun" İtaliya, 4 il sonra yenə eyni acını yaşatdı. Ötən 4 il heç nəyi dəyişməmişdi. Dəyişən sadəcə təqvim və rəqib idi. Yenə oyunsonrası penaltilər, yenə məğlubiyyət, yenə də göz yaşları... Amma heç bir ağrı-acı, əzab, göz yaşları, məğlubiyyət insanın sevgisini azalda bilməz. Şablon səslənsə də, İtaliyanı kuboklarına yox, məhz İtaliya olduğuna görə sevdik. Bu sevgi bizə nələr yaşatmadı ki...

2006-cı ildə Dünya çempionatının yarımfinalında İtaliya millisi mundialın meydan sahibi Almaniya ilə qarşılaşırdı. Komandalar meydana çıxarkən evdə işıqlar söndü. Həmin anda qaralan təkcə televizorun ekranı və ev olmadı. Sanki dünya qaraldı. Əsəbdən nə edəcəyimi bilmirdim. İşıq idarəsinə zəng vurmağım, telefon xəttindəki xanımı acılamağım, "İç xəbər"lə hədələməyim və s. Bunların heç birinin faydası olmadı. O vaxt mobil rabitə də indiki qədər inkişaf etməmişdi. Yekunda məcbur qalıb mənim kimi "İtaliya xəstəsi" olan dostum Adilə zəng vurdum ki, telefonu apar qoy televizorun yanına, səsini də artır. Beləcə, oyunu telefonla dinləmək məcburiyyətində qaldım. Sanki radioda oyun dinləyirdim. 90 dəqiqə ərzində qalib müəyyənləşmədi. Əlavə vaxtın ikinci hissəsinin əvvəlində yuxu məni apardı. Ayılanda isə artıq səhər saat 5 idi. Təbii ki, oyun bitdiyindən Adil də telefonun  dəstəyini yerə qoymuşdu. Az qalırdı ürəyim partlasın, görəsən, oyun necə başa çatıb? Səhər saat 5-də kimə zəng vurasan, hesabı kimdən öyrənəsən?!. Beləcə, səhəri necə açdığımı bir Allah bilir... Eh, İtaliya, İtaliya... Yaxşı ki, yarımfinalda çəkdiyim zülm hədər getmədi. Finalda, özü də penalti seriyasında Fransanı məğlub edən Marçelo Lippinin komandası tarixində 4-cü dəfə dünya çempionu oldu... 

İki gün əvvəl dünyanın diqqəti Londona yönəlmişdi. Məşhur "Uembli" stadionunda Avropa çempionu adı uğrunda İngiltərə və İtaliya milliləri üz-üzə gəlirdi. Hər iki komanda finala layiq idi. Amma oyundan öncə "İngiltərəni çempion edəcəklər" tipli söz-söhbətlər istər-istəməz adamı narahat edirdi. Əslində, bu iddianı səsləndirənlərin gətirdikləri arqumentlər inandırıcı idi. Hər şey bir kənara, təkcə yarımfinalda Danimarka millisinin qapısına təyin olunan, İngiltərəni finala daşıyan penalti epizodu ilə bağlı gecədən səhərə qədər mübahisə etmək olardı. Məhz bu cür məqamları əsas tutaraq, neytral azarkeşlər də iyulun 11-də İtaliyanı dəstəkləyirdi: "Əgər futbol tanrısı varsa, o, ən azı bu gecə ingilis ola bilməz".

Olmadı da! "Uembli"də italyanlarla müqayisədə ingilis azarkeşlərin 7,5 dəfə çox olması, finalın ən yaxşısı olan Federiko Kyezanın oyunun gedişində zədələnib meydanı tərk etməsi, İngiltərə millisinin artıq ikinci dəqiqədə hesabda önə keçməsi, Belottinin qeyri-dəqiq zərbəsindən sonra isə penalti seriyasında ingilislərin üstünlüyə yiyələnməsi belə, İtaliyanın qələbəsinə mane ola bilmədi. İtaliya çempionluğa layiq idi. Himn oxumağından əzmkarlığına, döyüşkənliyindən xarakterinə qədər hər şeyi ilə... Bu, futbolun, ədalətin, sevginin, bütün italyanların, İtaliya futbolunu sevən hər kəsin qələbəsi idi. Bu hissləri bizə yaşatdığın üçün təşəkkürlər, İtaliya!

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.