Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Gəncədə səfərdə olub.
525.az xəbər verir ki, o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirib.
Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixi, mədəni, iqtisadi və turizm potensialı haqda məlumat verib. Qeyd olunub ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı, 2019-cu ildə Avropanın İdman Şəhəri titulları daşıyıb, həmçinin 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Yaşıl Şəhərlər Proqramına qoşulub, qarşıdakı 2025-ci il üçün isə MDB-nin idman paytaxtı seçilib.
Görüşdə o da vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də bu şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir.
Xanım Mariya Viktoriya Romero Kabalyero səmimi görüş üçün Gəncə rəhbərinə təşəkkür edib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığa töhfə verilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Meksika səfiri Gəncənin bir sıra sənaye müəssisələrində və ədəniyyət ocaqlarında olub.
Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Gəncə Meksikanı kəşf edir!” adlı foto və rəsm sərgisi də təşkil olunub.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Meksika səfirliyinin nümayəndələri, yerli rəssamlar iştirak ediblər.
Sərgidə meksikalı illustrator Teresa Castello Yturbidenin bu ölkənin milli geyimlərinə aid kolleksiyası, həmçinin azərbaycanlı fotoqraf Aydın Sadıqovun Meksika Birləşmiş Ştatlarında lentə aldığı, Meksikanın tarixini və mədəniyyətini özündə əks etdirən fotoşəkilləri, həmçinin digər rəssam və fotoqrafların əl işləri nümayiş olunub.
Sərgi ziyrətçilərin böyük marağına səbəb olub.
Zakir Muradov, Gəncə