Qrupun ən sakit, dinməz, ilk baxışda fağır görünən tələbəsi idi. Uzun boyu, avazımış solğun bənizi, sığala gəlməyən açıq xurmayı saçı, işıqlı, mehriban, bir az da utancaq baxışları vardı.
Dərs dediyim müddətdə onda tay-tuşlarının çoxuna məxsus od-alov, temperament, dəcəllik-cığallıq görmədim. İyirmi illik təcrübəsi olan müəllim, bəlkə də həyatın çox üzünü görmüş yazıçı kimi onun bu sakitliyinin arxasında çoxunun dərhal görə bilmədiyi başqa bir cavanın, özgə bir mənin olduğunu hiss edirdim, bəlkə elə buna görə də ona xüsusi bir sayğı ilə, bəlkə də ehtiyatla yanaşır, hörmətimi, hətta rəğbətimi hiss etdirirdim.
Zaman çox gözlətmədi, ilk baxışda fağır, başıaşağı, utancaq görünən bu gəncin içində demə cəsur bir qəhrəman uyuyurmuş. Bu qəhrəman gizlindən çıxıb özünü göstərmək üçün zamanını, şəraitini gözləyirmiş. Dramaturji əsərlərdə qəhrəmanın xarakterini açmaq, əslində, onun kim olduğunu göstərmək üçün ekstremal şərait, dramatik situasiya yaratmaq lazım gəlir. Elə bir situasiya, elə bir məqam ki, kimin kim olduğu aşkara çıxsın. Həmin zaman, həmin məqam mənim qəhrəmanım üçün də gəlib yetişdi. Yeni tarixinin 30 illik məğlubiyyət acısını yaşamış Azərbaycan, nəhayət, ayağa qalxmaq üçün özündə qətiyyət, cəsarət, güc-qüvvə tapdı, hər cəhətdən mənfur düşmənin murdar ayaqları altında əzilmiş, barbarcasına tarımar edilmiş kəndlərimizi, şəhərlərimizi azad etmək üçün ayağa qalxdı. Böyük arzularla daxil olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisasını bir il əvvəl uğurla bitirmiş Fəqan Məmmədov da minlərlə azərbaycanlı gənc kimi cəbhəyə könüllü yollandı, rəşadətli igidlərimizin sırasına qoşuldu. Bəlkə də "mənəm-mənəm" deyib sinəsinə döyən tay-tuşlarının çoxundan fərqli olaraq hərbidən çağırış, dəvət gözləmədən. O sakit baxışlı, təvazökar, fağır Fəqan silaha sarıldı, qanımıza susamış vəhşi düşmənlə ön cəbhədə döş-döşə gəldi, döyüş meydanında şir kimi vuruşdu, düşmənin bağrını yardı.
Fəqanı şəhidlik zirvəsinə yüksəldən son döyüşü Ağdam istiqamətində baş verdi, o, müharibə səhnələrində görünməmiş bir igidlik nümunəsi göstərdi və Qarabağ müharibəsinin qəhrəmanlıq səlnaməsinə adını qanı ilə yazdı. Bu son döyüşü təsvir etmək, təsəvvürdə canlandırmaq çox ağırdır, ağrılıdır, amma bizim hər birimiz bu ağırlığı bütün varlığımızla hiss etməli, ağrını içimizdən keçirməliyik.
Azərbaycanlılara nifrəti ana südü ilə bəslənən ermənilərin növbəti dəstəsini mühasirəyə alan Fəqan və onun döyüş yoldaşları daha bir qələbə döyüşünü bitirmək məqamında ikən yağı düşmən ağ bayraq qaldırıb aman istəyir. Bizimkilər düşmənin erməni olduğunu unudub atəşi saxlayır, əsir düşənlərə aman verirlər. Fəqan səngərdən birinci çıxıb əsirləri tərkisilah etmək istəyəndə ağ bayraq qaldıran hiyləgər erməni milli xislətinə xas bir xainliklə qumbara atır. Fəqan bir an belə ləngimədən özünü yerdə partlamaq üçün fırlanan qumbaranın üstünə atır, öz bədəni, canı, qanı bahasına döyüş dostlarını şəksiz ölümdən xilas edir. Bu anda, bu zamanda Fəqan nə düşündü, bu ölüm qərarını necə qəbul etdi, bu şüurlu qərardı, yoxsa affekt məqamı idi... bunu heç vaxt bilməyəcəyik, amma bir şey gün kimi aydındır, Fəqan döyüş yoldaşlarını xilas etmək üçün canını qurban verdi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşdü, gəncliyini, gələcəyini, kino ilə bağlı arzularını, onu xoşbəxt edəcək sevgisini "uf" demədən qurban verdi. Onun öz canı, bədəni hesabına xilas etdiyi döyüş yoldaşları Fəqan adlı xilaskarlarını heç vaxt unutmayacaqlar, unuda bilməzlər, sağ qalanlar onun yarımçıq qalmış həyatını da yaşayacaqlar. Zaman gələcək Fəqanın bu igidlik aktı bir nağıla, rəvayətə, mifə çevriləcək.
Burda bir vacib məqamı da deyim, Fəqan Məmmədov milliyyətcə saxur idi. Etiraf edim ki, onlarla millətin, xalqın dostluq-qardaşlıq şəraitində yaşadığı çoxmillətli Azərbaycanımızda bu etnik qrup haqqında heç bir məlumatım yox idi, mən saxurları Fəqanla tanıdım, onların qədim tarixini araşdırdım, öyrəndim. Həqiqətən, milləti, xalqı, ölkəni onun böyük elm-mədəniyyət xadimləri və qəhrəman oğulları tanıdır. Necə ki Zaqatalanın Suğagil kəndində 1998-ci ildə doğulub, cəmi 22 bahar yaşamış Fəqan Məmmədov heyrətamiz qəhrəmanlığı ilə məxsus olduğu xalqın başını uca tutdu, saxurların və bütövlükdə Azərbaycanın fəxr yerinə çevrildi.
Bir məqamı da deyim, Azərbaycanın ən şanlı tarixini yaradan bu Vətən müharibəsində millətindən, dilindən, dinindən, sosial vəziyyətindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Böyük Zəfərə imza atan şanlı ordumuzun, ona rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib mənfur düşmənin qafasını, türklər demiş, param-parça etdi. Böyük qələbənin qazanılmasında bu möhtəşəm birliyin həlledici rolu şəksizdir, danılmazdır.
Bu yerdə Fəqanın simasında Böyük Qələbəmizin qazanılmasında canını fəda etmiş şəhidlərimizin ruhuna, döyüş qüdrəti ilə cahanı heyrətə salan qəhrəman qazilərimizə müraciət edirəm: müdriklər demiş, hər bir kişinin yaşadığı ömür payında mütləq bir müharibə, savaş olmalıdır. Bu sarıdan sizin bəxtiniz gətirdi, sizə müqəddəs bir müharibə qismət oldu, bu müharibə müqəddəs olduğu qədər də şərəfli idi. Siz vətənimiz Azərbaycanın qiymətli incisi Qarabağın düşmən işğalından azad olunması uğrunda mərdliklə döyüşdünüz. Siz bu müharibədə qalib oldunuz. Siz bu qələbə ilə bizim əyilmiş qəddimizi dikəltdiniz, bizi düşmən həqarətindən, dost qınağından, qonşu tənəsindən qurtardınız. Cəbhədə şir kimi döyüşdünüz, ermənini rəzil etdiniz. Düşmənin ağıl əvəzinə hiylə dolu qafasını əzdiniz, məkrlə dolu qəlbini parçaladınız, çirkin niyyətlər yuvası bağrını dağıtdınız, üç rəngli müqəddəs bayrağımızı Pənahəli xanın ucaltdığı Şuşa qalasının ən yüksək zirvəsində dalğalandırdınız. Nə gözəldir qalib ordunun əsgəri olmaq! Nə böyük xoşbəxtlikdir qalib ölkənin vətəndaşı olmaq!
Siz çox xoşbəxtsiniz, çünki sizin rəşadətiniz, igidliyiniz sayəsində gələcək nəsillərə Qarabağsız Azərbaycanı deyil, Qarabağlı bütöv Azərbaycanı miras qoydunuz. Bu, gələcək nəsillərə sizdən ən böyük ərmağandır. Bəlkə də zaman keçəcək, illər dolanacaq, adlarınız yaddaşlardan silinəcək, amma əməlləriniz, böyük əməlləriniz heç vaxt unudulmayacaq.
8 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaşayacaq. O səhifəni siz yazdınız. O möhtəşəm qələbə gününü Siz yaratdınız.