Ötən ilin martında, Azərbaycan teatr gününə bir-iki gün qalmış teatrlar ağır, tozlu pərdələrini salmağa, qapılarını tamaşaçıların üzünə bağlamağa məcbur oldular.
Teatr gününə hazırlanmış təntənəli tədbirlərin dəvətnamələri qəlp pul kimi heç nəyə yaramadı. Gözəl, möhtəşəm binalar birdən-birə yetimləşdi, sahibsiz evin daşları öz-özünə tökülən kimi, teatr binaları da tamaşaçı nəfəsi olmadan, elə bil, köhnəldi, yazıqlaşdı, fağırlaşdı, əsas funksiyasını yerinə yetirə bilməyən lazımsız tikiliyə çevrildi. Teatr yaddan çıxdı. İnternet məkanında köhnə-təzə tamaşaların nümayişi də heç bir hərəkət yaratmadı. Onlayn teatrın tamaşaçısı olmadı, hətta teatrın bağlanması ilə ürəyi soyumayanlar, onlayn tamaşalara heç kimin baxmadığını fərəhlə, sevinclə qeyd etməkdən yorulmadılar.
Etiraf edim ki, əsərlərim əsasında qoyulmuş tamaşaların televiziya ilə nümayişinə məmnuniyyətlə baxıram, həmin tamaşaların onlayn nümayişi isə, hətta bir müəllif kimi mənim özümə də maraqsızdır, demək olar ki, onlayn tamaşalara baxmıram, halbuki sevdiyim tamaşalarıma canlı ifada, yəni teatr salonundan dəfələrlə baxmağı xoşlayıram, çünki hər tamaşa təkrar-təkrar oynananda mütləq yeni nələrsə görürsən, həmin anın tamaşaçı ovqatı, aktyorun əhvali-ruhiyyəsi, yeni bir intonasiyanın, jestin tapılması, yerinə düşən aktyor improvizəsi və sonu görünməyən təkmilləşmə prosesi. Bir məqamı qeyd edim: Fuad Poladovun ifasında "Şah Qacar"ın, demək olar ki, bütün nümayişlərində iştirak edirdim, inanılmazdı ki, aktyor hər dəfə oyununa yeni nəsə əlavə edirdi. Rejissorun qurduğu mizan qalır, mətn dəyişmir, məzmuna xələl yetirilmir, amma aktyor hər dəfə yeni nüanslar tapır, səsinin ahənginə təzə çalar gətirir, fərqli jestlər artırır, bir sözlə yeniləşirdi, təbiidir ki, Qacar da ona uyğun olaraq bir obraz kimi dəyişir, yeni keyfiyyətlər qazanırdı. Bunu mən aktyorun diqqətinə yetirəndə, o, xəfif bir təbəssümlə "Proses davam edir" söyləmişdi. Bax, bundadır teatrın sehri. Axı, teatr kino deyil ki, birdəfəlik lentə alıb harda istəsən fırladıb baxasan. Teatr teatrdır, onu təkrarsız, bənzərsiz sənətə çevirən, cana gətirən tamaşaçı baxışı, tamaşaçı reaksiyası, tamaşaçı nəfəsidir. Min il əvvəl də elə olub, indi də elədir.
Maraqlı və qəribə olan bir məqam da, teatr haqqında susqunluqla bağlıdır. Bilən də, bilməyən də kinonun gələcək perspektiv inkişafından, yeni kino konsepsiyasından, hansı və necə filmlərin çəkilməli olmasından danışır, müzakirələr aparır, yeni yollar axtarır... Kinonu sevən bir adam kimi, şəxsən bu, məndə də razılıq hissi oyadır, kinomuzun gələcək inkişafına ümidlərimizi artırır. Teatra gəldikdə isə, dediyim kimi, bir susqunluq var, elə bil, hamı teatrların bağlanması ilə bərabər, onu məmnuniyyətlə unutmaq istəyindədir. Halbuki ölkədə, otuza yaxın dövlət teatrı mövcuddur. Bu teatrlarda yüzlərlə sənət adamı işləyir, texniki heyət çalışır. Doğrudanmı, dünyanın ən qədim, ən gözəl sənətlərindən olan teatr Azərbaycana gərək deyil? İnanmaq istərdim ki, bu sualın cavabı müsbət olmayacaq.
Teatr bütün çətinlikləri, pandemiyanın sınağa çəkdiyi sənət adamlarının teatr dramını dəf edəcək, ağır, tozlu pərdələrini yenidən qaldıracaq, qapılarını tamaşaçıların üzünə geniş açacaq, tamaşa salonları canlanacaq, donmuş səhnələrdə həyat qaynayacaq. Hər il martın 10-da olduğu kimi, sənət adamları, teatrsevərlər Azərbaycanda peşəkar teatrın yaranması günü münasibətilə bir-birlərini sevinclə, fərəhlə təbrik edəcəklər. Teatr günümüz mübarək!