|
|
|
|

Hacı Məhərrəm Əjdər oğlu Muxtarov 1956-cı il avqustun 4-ü Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dünyaya göz açıb. O, Sankt-Peterburq Mülki Aviasiya Akademiyasında "Avtonəqliyyat daşınması üzrə təşkilatçı-mühəndis" ixtisasında ali təhsil alan ilk azərbaycanlı idi. Hacı Məhərrəm texniki elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksələ bilmişdi. O, həm də tanınmış xeyriyyəçi idi.
Hacı Məhərrəm əslən Xızının Xanəgah kəndindən idi. Xanəgah kəndinin qədim adı Türkan olub və tarixi qaynaqlara əsasən bu kəndin 4000 illik yaranma tarixi vardır. Adından bəlli olduğu kimi, Türkan türklərin yaşadığı məkan deməkdir.
Türkan əhli tərəkəməçiliklə məşğul olub və Abşeronun indiki Türkan kəndi onların qışlaq yeri olub. Hələ Əfzələddin Xaqaninin (1120-1199) yaşadığı dövrdə, yəni XII əsrdə Xızıdakı Türkan kəndində irfan əhlinin dini ibadət, zikr və məxsusi ayinlər icra etmələri üçün xanəgah tikdirəndən sonra, bir müddət kəndin adına həm də Xanəgah demişlər. XV əsrdən sonra isə Türkan kəndinin adı Xanəgaha çevrilib.
Xanəgah ərəb sözüdür, bir şeyx və ya dərvişin rəhbərliyi altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer; təkyə mənalarını bildirir.
Xanəgah kəndi Azərbaycana bir çox alimlər, din xadimləri, axundlar, şəhidlər, qazilər, eləcə də incəsənət və mədəniyyət işçiləri bəxş edib. Onlardan Xalq artistləri - xanəndə Ağaxan Abdullayev (1950-2016), qarmon ifaçısı Aftandil İsrafilov, tarzən Zamiq Əliyev, eləcə də Aşıq Nurəli, Aşıq Mədət, Balakişi Xanəgah və başqalarını qeyd etmək olar. Məhərrəm Muxtarovun dünyaya gəlişi çox maraqlıdır. Belə ki, o, dünyaya göz açarkən eldə-obada böyük nüfuz sahibi olan atası Əjdər kişi 81, anası Səbahi xanım isə 57 yaşda imiş. Sonralar Hacı Məhərrəm dünyaya gəlişindən qürurlanır və müsahibə verərkən valideynlərindən fərəhlə danışardı. Dağlı ailələrində valideynlərin belə yaşda dünyaya övlad gətirmələri heç də təəccüblü deyildi.
Haşiyə. İndi çox nadir hallarda rast gəldiyimiz Səbahi adı ilə bağlı bilgi vermək istəyirəm. Xızı-Beşbarmaq mahalında Səbahi qızlara verilən, dəbdə olan adlardan biri olmuşdur. Ərəb sözü"səba" dilimizdə çox işlədilir, eyniadlı muğam da vardır. Səba sübh tezdən əsən yelin yüngül, lətif mehlə birləşməsinə deyilib. Azərbaycanın ilk xeyriyyəçi qarmonçusu (Novikov A. Qarmonist-sadovod. "Bakinskiy raboçiy" qaz., 4 avqust 1926), Opera və Balet Teatrının ştatlı solisti olmuş Ələkbər Nəzərli (1882-1951) vaxtilə"Səbahi"adlı rəqs bəstələyib. O, bu rəqsi hansısa Səbahi adlı gözəl bir qızın şəninə yazıbmış...
Haşiyəni təqdim etməkdə məqsəd odur ki, Hacı Məhərrəm 1982-ci ildə evləndikdən sonra dünyaya gələn övladlarına ənənəyə uyğun olaraq atasının və anasının adlarını qoyur. Hacı Məhərrəm bunu belə xatırlayırdı: "Qızıma ad qoyanda bəziləri mənə deyirdilər ki, bu, bir az qədimi addır, indi dəbdə olan adlar var. Dedim ki, yox, adət-ənənəmiz var və bizdən əvvəlki kişilər öz soyadlarını yaşadıblar, biz də ata-anamızın adını yaşatmalıyıq".
Məhərrəm Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı orta məktəbi əla qiymətlərlə bitirir (1963-1973) və təhsilini Leninqrad (indiki Sankt-Peterburq) Aviasiya Texniki Məktəbində davam etdirir (1973-1976). Məktəbi bitirdikdən sonra Bakı Hava Limanında yükdaşıma şöbəsində növbə rəisi vəzifəsində çalışır (1976-1980).
Sankt-Peterburq Mülki Aviasiya Akademiyasında "Avtonəqliyyat istehsalının təşkili" fakültəsində "Avtonəqliyyat daşınması üzrə təşkilatçı-mühəndis" ixtisası üzrə ali təhsil alır (1984-1989).
Məhərrəm Muxtarov müxtəlif vəzifələrdə çalışıb, Sumqayıt kompressor zavodunda AZAL-da "Yük daşınmaları" şöbəsinin rəisi, şirkət rəisinin birinci müavini (1992-1994), AZAL şirkətinin rəisi (1994-1997), Milli Aviasiya şirkətinin direktoru (1997-2000), "Şans" şirkətinin direktor müavini (2000-2006), "Naviqasiya sistemləri" elmi istehsalat müəssisəsinin direktor müavini (2006-2009) olub.
Onun haqqında qohumu, Şüvəlan kənd sakini, tanınmış xeyriyyəçi Hacı İntiqam Atayevin söylədiklərindən: "Hacı Məhərrəm aeroportda işləyirdi, tanışlığımız yox idi. Novruz bayramı ərəfəsində yanına gedib dedim: "Dağlı balası, fikrimdə bir ideya dolaşır, köməyinə ehtiyacım var. Novruz bayramı günü təyyarə reyslərinin birində, yəni uçuşdan əvvəl Kosa, yanında milli geyimdə olan qız və oğlanla, salona daxil olur, sərnişinlərə bayram hədiyyəsi (içində qoğal, paxlava, şəkərbura, qoz, fındıq və sair olan bağlamanı) təqdim edirlər". Hacı Məhərrəmin bu təklif çox xoşuna gəldi və dedi: "Əlaqə saxlayaq, mən də rəhbərliklə danışım, öhdəmizə düşən işləri həll edək". Həmin gün zurna-balaban sədaları altında faytona minib aeroporta yollandıq. Hər kəs bu mənzərəni böyük maraqla qarşılayıb alqışlayırdılar. Kosamız tanınmış sənətkar, parodiyaçı İlham Binəli idi, sovqatları sərnişinlərə milli geyimli bir oğlan və qız paylayırdılar. Xaricilər xalqımızın bu gözəl adətindən çox məmun qalmışdılar. Təyyarənin salonunu alqış sədaları bürümüşdü. İdeyamızın həyata keçməsində Hacı Məhərrəmə dərin minnətdarlığımızı bildirdik. Onunla dostluğumuzun təməli belə qoyuldu, sonradan qohum olduq".
Hacı İntiqam Hacı Məhərrəmlə bağlı başqa bir xatirə də danışdı: "Rayondan gələn bir nəfər aeroportda işləmək üçün mənə müraciət etdi. Dedim, orada işləyən yaxın adamım yoxdur. Amma bir nəfər dağlı balası var, adı Məhərrəmdir, xeyirxah adamdır, yəqin ki, köməklik edər. Sözün düzü, mən də Hacı Məhərrəmlə təzə tanış olmuşdum deyə, utandım bu işdən ötrü yanına getməyə. Nə isə, həmin adam gedib aeroportda Hacı Məhərrəmlə görüşər. Onu çox səmimiyyətlə qarşılayar. Bəlli olar ki, həmin dövrün qanunlarına görə, rayon qeydiyyatında olanlar aeroportda işləyə bilməzlər. Rayonlu qardaş da Hacıya deyib ki, çox imkansızam, Bakıya qeydiyyata düşmək üçün də xeyli xərc tələb olunur. Hacı Məhərrəm də ona: "Bağışlayın, qanun belə tələb edir, ona görə sizə kömək edə bilməyəcəyəm" - söyləyir. Qış ayı olduğundan Hacı Məhərrəm qonağının paltosunu tutur ki, geyinsin. Qonaq da Hacının bu alicənablığından lap xəcalət çəkir. Ona dua edə-edə evinə yollanır. Deyir, sərnişin avtobusunun haqqını ödəmək üçün əlimi cibimə atdıqda bildim ki, konvert var. Piyada evə yaxınlaşa-yaxınlaşa fikirləşirdim: "Bu nə konvertdir, bunu kim və haçan cibimə qoydu?" Konverti açdıqda və içində min manat pulu gördükdə dərhal Hacı Məhərrəm yadıma düşdü. O, paltomu geyinərkən utanmayım deyə konverti xəlvətcə cibimə qoymuşdu".
Hacı İntiqam deyir ki, Hacı Məhərrəm o qədər belə xeyirxahlıqlar edib ki, sayı-hesabı yoxdur. O, halal, dinli-imanlı, etiqadlı qardaşlarımızdan idi, Allah ruhunu şad eləsin.
Tanınmış rejissor Əmirhüseyn Elşən Məcidov (1937-2006) "Dünya bir pəncərə deyilmiş" kitabında Hacı Məhərrəm Muxtarov haqqında daha geniş bilgi verib.
Hacı Məhərrəm 2021-ci il, fevralın 4-də Bakı şəhərində vəfat edib. Mənalı ömür yolu ilə yaddaşlarda qalan Hacı Məhərrəm Muxtarov onu tanıyanların xatirində əbədi yaşayacaq.
Abbasqulu NƏCƏFZADƏ
Sənətşünaslıq elmləri doktoru, professor
[email protected]



