|
|
|
|

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, görkəmli ədəbiyyatşünas alim, professor Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib. Humay Quliyeva martın 13-də dünyasını dəyişib.
Humay Quliyeva müxtəlif illərdə BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı kimi şirkətlərdə çalışıb, həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi, o, dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar göstərən missiyanın tərkibində fəaliyyət göstərib. 2015-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı humanitar missiyanın ilk nümayəndələrindən olan Humay Quliyeva daha sonra təşkilatın Mərkəzi Afrika ölkəsindəki nümayəndəliyində çalışıb. O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) fəal iştirakçılarından olub.
Humay Quliyevanın vəfatı xəbəri sosial şəbəkələrdə böyük üzüntü ilə qarşılanıb. Bu acı xəbəri eşidib övlad itkisi ilə bağlı
görkəmli ədəbiyyatşünas alim, professor Vilayət Quliyevə başsağlığı verən, kədərini bölüşən çoxsaylı insanlarla yanaşı, Humay xanımı tanıyanlar, gənc olmasına baxmayaraq, onun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olan ayrı-ayrı peşə sahibləri də bu xəbərdən sarsıldıqlarını ifadə edən bir çox postlar paylaşıb, istedadlı və savadlı bir Azərbaycan gəncinin itkisindən kədərləndiklərini bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan həmin postlardan bir neçəsini təqdim edirik.
Elxan Rəhimov:
- Allah rəhmət eləsin! Məkanı cənnət olsun Humayın. Keçmiş zamanda yazmaq ağıla sığmır... Son dəfə onunla Budapeştin "İçərişəhərində", həyat yoldaşım və Bayram Vəliyevlə birlikdə görüşdük. Uzun-uzun söhbət etdik hamımız - Azərbaycanın uğurlu inkişafından, xarici təşkilatlarda işləyən həmvətənlərimizdən və başqa maraqlı məsələlərdən. Allah doğmalarına səbr versin.
Vüsal Oruc:
- Vilayət müəllim, Humay xanımın vaxtsız vəfatından sarsıldıq. Humay xanımla şəxsi tanışlığımız olmasa da, yazılarınızda hər zaman onun haqqında qeydlərinizdən çox vətənpərvər və xalqını sevən, ictimai işlərdə çox aktiv iştirak edən bir insan olduğunu bilirdik. Bacımıza Allahdan rəhmət və sizə də səbr diləyirik.
Allah yerini cənnət etsin! Amin!
Na Al:
- Humay çox gülərüz, pozitiv insan idi. Mərkəzi Bankda bir yerdə çalışmışdı bizimlə. Bir neçə dəfə birgə layihələrdə də iştirak etmişdik. Başınız sağ olsun, Vilayət müəllim. Allah rəhmət eləsin!
Elnur Məcidli:
- Humayın vaxtsız vəfatına çox üzüldüm. Azərbaycanın parlaq gənclərindən biri idi. Onunla tanışlığımız 2000-ci illərə dayanırdı. Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biriydi. Hər zaman gülər üzü, eyni zamanda, açıq fikirləriylə diqqət çəkirdi. O, həm də Azərbaycanın keçmiş Xarici İşlər naziri, hazırda Macarıstandakı səfirimiz
Vilayət Quliyevin qızı idi. Yanlış xatırlamıramsa, 2010-cu ildə Vilayət müəllim Macarıstana yeni səfir təyin edilmişdi, mən də həmin ərəfələrdə Ramil Səfərovun məsələsiylə bağlı Budapeştdəydim. Vilayət müəllimlə görüşümüz olmuşdu və ancaq o zaman Humayın onun qızı olduğunu öyrənmişdim.
Humay pozitiv və humanist ruhlu bir insan kimi xatirəmizdə daima yaşayacaq. Başda Vilayət müəllim olmaqla, bütün ailəsinə başsağlığı verir və səbr arzulayıram.
Allah rəhmət eləsin!
Rüfət Abbasov:
- Humayla Dünya Bankının baş ofisində tanış olmuşdum. Çox parlaq, pozitiv, vətənpərvər, savadlı və mərd insan idi. Onun vaxtsız ölümü təkcə ailəsi üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük itkidir. Millətimiz çox dəyərli bir üzvünü itirdi. Allah rəhmət eləsin!
Redaksiyadan:
"525-ci qəzet"in kollektivi olaraq Humay Quliyevanın timsalında istedadlı və savadlı bir Azərbaycan gəncinin itkisindən kədərləndiyimizi bildirir, görkəmli alimimiz, professor Vilayət Quliyevə və doğmalarına başsağlığı verir, bu kiçik nekroloq-yazını isə Vilayət müəllimin ötən ilin son günü öz Feysbuk səhifəsində paylaşdığı bir statusla bitiririk: "2020-ci ili bizimlə birlikdə qarşılamaq üçün Şamil İzmirdən, Humay Medelindən (Kolumbiya) Budapeştə gəlmişdilər.
İndi son saatlarını yaşadığımız bu il ərzində bəlli səbəblərdən nə Humayı, nə də Şamili görə bildim.
Amma ili birlikdə qarşılamışdıq.
Şamildə belə bir xasiyyət var: heç vaxt öz planları barədə bir söz demir, amma bizim planlarımız barədə hər şeyi bilmək istəyir.
Həmin axşam da masa arxasında məndən bir neçə dəfə yeni ildəki niyyət və planlarımızla bağlı soruşdu.
Belə cavab vermişdim:
- Planımız 2021-ci ilə sağ çıxmaq!
Əgər son bir neçə saat ərzində fövqəladə bir hadisə baş verməsə, üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirmiş sayıla bilərik.
Biz sağ qaldıq. Amma itkilərimiz həddən artıq çox oldu. Yüzlərlə sağlam, güclü, enerjili, ürəyi həyat eşqi ilə dolu gənclərimiz torpaqlarımızın işğaldan azad olunması naminə özlərini fəda etdilər. Lənətə gəlmiş COVİD-19 doğmalarımız, yaxınlarımız, dost və tanışlarımız arasından yüzlərlə can aldı.
Amma istənilən halda həyat davam edir. Ömürləri yarıda qırılanların görmək istəkdikləri işləri onların özləri qədər olmasa da, bacardığımız şəkildə biz həyata keçirməliyik".



