|
|
|
|

“Şeytan” adlandırmağın, yaxud İblislə müqayisə eləməyin əbəsdi... Min illərdi isbat olunub bu: Qadın xilasdı! Şeytanlığı və İblisanə əməlləriylə belə! Təyyarədə xilasedici jilet kimi, yanındadısa, yaxındadısa rahatsan, arxayınsan, cəsursan. Dünya dağılsa da, sənə heç nə olası deyil... Əlbəttə, əgər sevirsənsə, ürəyində kiçicik yeri belə qızırğanmadan onunla doldurmusansa, içdiyin suda, yediyin yeməkdə, udduğun havada belə onu duyursansa... Təkcə gözəl simasına, ağıllı gözlərinə deyil, çeçələ barmağına da aşiqsənsə... Yalnız şirin sözlərindən, nəvazişindən yox, qəzəbindən, qısqanclığından, əzablarından da xoşlanırsansa... Yaxında da, uzaqda da eyni dərəcədə doğmadısa... Gecə yuxunda, səhər ayıqlığında firkin-zikrin yalnız odursa... Əllərini buraxan kimi darıxmağa başlayırsansa! Xəfif bir təmasından havalanırsansa... Amma! Hardadı bu cür sevgiyə “dözə” bilən Qadın? Məgər beləsi reallıqda ola bilərmi? Axı, sevilmək...belə, dəlicəsinə sevilmək özü də sadə deyil. Sevgisizlik, təklik bir dərddisə, boşluqdusa, sevib-sevilmək, o hissləri yaşamaq, həyata keçirmək minqat çətindi... Bəli-bəli, çətin! O Qadın! Hər an can atdığın, arzuladığın, sevgisindən dəli olduğun qadın hisslərinə cavab verməyi bacarmalıdı, coşquna, çırpıntılarına, ehtirasına “tab” gətirməlidi... Kiçik boşluğa belə yuvarlana bilərsən! Ani bir etinasızlıqdan qanadların qırılar! Yeganə sığortan xəyallarındı... Bəzən fantaziyalarında yaradırsan bu Qadını. Yaxud istəklərinin bir hissəsini sadəcə xəyal, arzu kimi saxlayırsan yaddaşında. Və zamanla bütün bu hadisələr, xatirələr qarışır bir-birinə. Sənin nəyin reallıqda yaşandığını, nəyin yuxu, yaxud arzu olduğunu ayırd eləmək istəmirsən də... Nəyinə lazımdı axı? Əsas odu, xoşbəxtsən!
Türk şairi Atilla İlhanın “Sən bir bəyaz qadınsan” şeiri, daha doğrusu burda təsvir olunan xanım bir az qəribə görünür adama... Sanki olmayan, yaxud varlığı ilə yoxluğunu eyni anda hiss etdiyi adamdan danışır şair. Anlamaq olmur, bu qadın aşiqin xəyallarındadı, ya reallıqda! Sanki uydurub özü üçün belə sevgilini...
Öz düşüncələrindən sərxoşdu, beyni dumanlıdı aşiqin. Bu, meyin gətirdiyi hava deyil, yox. Aşiq özü dediyi kimi – çörəyin bəyaz, zeytunun siyah olduğunu ayırd edir, reallıq hissi yerindədi... Amma bütün bu ayıqlıqda o Qadın ruh kimi, yüngül meh kimi, hava kimi görünür... Səmanın maviliyindədi Qadın, yerdə deyil... Şairin yorğunluğunu çıxaran sadəcə rüzgardı, sevdiyinin əlləri, həssas nəvazişi deyil! Özü qapısını döyməsə də, xəyalı həmişə evindədi, hər köşəsindədi yuvasının... Və bütün bunları düşündükcə məhz Bəyaz Qadın ifadəsinin nə qədər yerinə düşdüyünü, uyğun olduğunu anlayırsan... Məhz bəyazdı, ağappaqdı bu Qadın! İşıqdan zorla seçiləcək qədər işıqlı, ruhdan bir az daha real, amma bəmbəyaz...
Atilla İlhan maraqlı, qeyri-adi ifadələrlə təsvir edir fikirlərini... Mənə görə, ən təsirlisi məhz “yoxsulluq”dan danışmasıdı. Heç şübhəsiz, burada maddi kəsirlərə işarə vurmur aşiq. Və adətən maddiyyatın kasadlığına aid edilən sözün burada dəyişilməsi, təsir gücünün artması insanı düşündürür. Axı doğrudan da daxili zənginlik, mənəvi, ruhi arxayınlıq hər şeydən üstündü. Heç bir maddiyyatın gətirmədiyi toxluğu, rahatlığı gətirir məhəbbət, daha doğrusu sevdiyin adamın sənə eyni hissləri bəsləməsini, içini, varlığını duymasını dərk etmək...
Birinə aid olmaq, onun üçün yaşamaqdan üstün nə ola bilər ki?! Atilla İlhanın dediyi kimi “dənizdən üzdüyü balıq”, “göydən çaldığı quş” yalnız biri üçündüsə, Yunisin misraları da, iqtisadiyyat da, fəlsəfə də onun barəsində düşündürürsə... Özünü zəngin hiss etməkçün başqa nə lazımdı ki?! Lap bu qadın xəyal olsa belə... Amma şeirin sonuna doğru çox sadə bir priyomla şair diksindirir adamı! Bəyaz Qadının gözlərindən danışanda... Hər halda, uzaqda da olsa, var belə Qadın! Gözləri şairin xatirindən çıxmayan Qadın!
...Və Bəyaz Qadının bu cür sevilmək, özünü sevdirmək, uzaqdan yaşatmaq gücünə heyrət edirsən! İşığı ilə, bəyazlığı və parlaqlığı ilə dünyanı, bir Şairin dünyasını doldurmasına inanırsan!
...Yorğun başını soyuq yastığa qoyub təkcə uyumuş adam da gəlir gözünün önünə...
Atilla İlhan: “Boğazım kurumuş,
içim bir kalabalık...”
Asıl büyük sarhoş benim
uzaktakı...
Ben ki tek damla şarap içmedim
ekmeğin beyaz, zeytinin siyah
olduğunu biliyorum.
Asıl büyük sarhoş benim
uzaktakı
Benim kusturucu sarhoşluğum
Yoksulluğum...
Yüzüme bakmasan da,
yağmura düşürsen de gözlerini.
Gözlerime bakmasan da ne kadar,
o kadar aydınlığın gökyüzüme uzanıyor.
Uykularımda nefesinin sıcaklığı
o kadar.
Hangi akşam kapımı çalan sen değilsin,
Sen değil misin gizli bir kıvılcım gibi
gözbebeklerimde duran?!
Umutsuzlandığım her akşam,
senin rüzgarın almıyor mu
uğultulu yorgunluğumu?!
Yoksulluğun eşiğinde kapaklandığım zaman
ellerimden sımsıkı tutmuyor mu senin
iyimserliğin?!
Ben bu tezgahı kurdumsa, senin için kurdum,
senin için dokuduğum basma ve pazen,
denizin yeşilinden süzdüğüm balık,
gökün mavisinden çaldığım kuş,
Senin için!
Felsefe okudumsa,
iktisat okudumsa, gece yarıları
boğazım kurumuş, içim bir kalabalık
sıcacık mısralar okudumsa Yunus’dan,
Senin için okudum!
Geceyarıları!
Sen beyaz bir kadınsın
uzaktakı
gözlerin aklımdan çıkmıyor...
Sen beyaz bir kadınsın
karanlıkları dinleyen,
uzaktakı
Sarmaşıkları duyuyor musun rüzgarda?!
Yorgun başını
üşümüş yastığına koyuyor musun,
uyuyor musun?



