İnsanları birləşdirən dəyərlərin birincisi zövqdür. Zövqün isə ən həssas nöqtəsi incəsənətdir: musiqi, ədəbiyyat, rəsm əsərləri, ümumən, obrazlı yaradıcılıq.
Bu amillər sərhəd tanımır, necə ki musiqinin dili yoxdur və ya möhtəşəm rəsm əsəri müəllifinin milli kimliyi, irqi, dili önəm daşımır. Bunların içərisində ən çətin geniş miqyas qazanan yaradıcılıq növü ədəbiyyatdır. Çünki ortada dil faktoru var. Dil müxtəlifliyi insanları ən az ərazi uzaqlığı qədər sərhədləyə bilir. Amma o müəllif xoşbəxtdir ki, onun əsərləri xarici oxucunun marağını, diqqətini cəlb edə bilsin. Təbii ki, bu göydəndüşmə, təsadüfi hadisə deyil. Təşəbbüskarların əməyi bu nöqteyi-nəzərdən çox dəyərlidir. Ömrünü-gününü dil və ədəbiyyata, onun geniş kütləyə çatdırılmasına həsr edən şəxslərdən biri də tərcüməçi, şair, yazıçı, Azərbaycan ədəbiyyatının dostu Uldis Berzinş idi. Ötən həftə Uldis Berzinşin ölüm xəbəri təkcə latviyalıları yox, həm də Vətənimizdə onu tanıyan və sevən şəxsləri dərin kədərə qərq etdi...
Uldis Berzinş əsl poliqlot idi. 10-dan çox dil bilirdi və ən əsası odur ki, bilməklə kifayətlənmir, həmin dillərdən tərcümələr edirdi. Amma ərsəyə gətirdiyi tərcümələrindən və söhbətlərindən hiss olunur ki, Uldis Berzinşin türk dilinə, xüsusən, Azərbaycan türkcəsinə daha böyük rəğbəti olub. Bu da taleyin xoş gərdişi ilə əlaqədardır. Uldis Berzinş 1968-1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq fakültəsində türk dilini öyrənib və universitetin göndərişi ilə Bakıya gəlib. Burada təcrübə keçdiyi dövrdə bir sıra ədiblərimizlə dostluq münasibəti qurub. Özü də müsahibələrində qeyd edirdi ki, Azərbaycan türkcəsini çox sevir. Elə ona görə də, Azərbaycan dilinin ən böyük və zəngin abidəsi olan "Kitabi-Dədə-Qorqud" dastanının tam mətnini 20 il ərzində latış dilinə tərcümə edib. Məhz bu tərcümədən sonra "Dəli Domrul" boyu Latviyada səhnələşdirilib. Eyni zamanda, tərcümə latviyalı oxucular tərəfindən maraqla qarşılanıb. Hadisələrin hərəkətliliyi və rəngarəngliyi əsəri xarici kütləyə sevdirib. Çünki Uldis Berzinş dilimizi tərcümə edəcək səviyyədə bilməklə yanaşı, Azərbaycan ədəbiyyatının ruhunu, ab-havasını yaxından duyurdu, həm də öz həmvətənlərinin zövqünü yaxşı bilirdi. Bu baxımdan eposun tərcümə edilməsi heç də təsadüfi deyildi.
Uldis Berzinşin Rəsul Rza yaradıcılığına müraciət etməsi də özlüyündə maraq doğuran bir hadisə idi. Rəsul Rza poeziyamızda yeni nəfəs, yeni forma və üslub deməkdir. Məhz ədəbiyyatımızda yeni poeziya mərhələsini təşkil edən Rəsul Rza yaradıcılığının latış dilinə tərcüməsi Berzinşin ədəbi əlaqələrə mühüm xidməti oldu. Rəsul Rzanın "Rənglər” silsiləsinin tərcümə edilməsinin də maraqlı tarixçəsi var. Uldis Berzinş şəxsən şairin özü ilə birlikdə bu şeirləri təhlil edir, dərindən dərk etməyə çalışırdı. Müsahibələrinin birində bunu belə xatırlayır: "Bakı Dövlət Universitetində təcrübə keçərkən mən Rəsul Rzanın "Rənglər" silsilə şeirləri üzərində işləmişəm və tez-tez evlərində Nigar Rəfibəyli ilə onun qonağı olmuşam. Biz rənglərin çalarlarını ayırd edirdik, Nigar xanım da lazım olan rəngdə paltarı dolabdan tapıb çıxararaq bizə kömək etməyə çalışırdı". Uldis Berzinşin elə ilk tərcümə işlərindən biri də Rəsul Rzanın şeirlər kitabı olub.
Berzinş təkcə "Kitabi-Dədə-Qorqud" eposunu, Rəsul Rzanın yaradıcılığından nümunələri deyil, həm də Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Nəsib, Məmməd İsmayıl, İsa İsmayılzadə, Ələkbər Salahzadə və Çingiz Əlioğlunun bir sıra şeirlərini latış dilinə tərcümə edib. Bu təşəbbüslər həm də Azərbaycan-Latviya mədəni əlaqələrinin daha da güclənməsinə təkan verib və ən əsası odur ki, ədəbi nümunələrimiz daha da geniş miqyasda tanınıb.
Uldis Berzinşin Bakıda olan zaman qazandığı dostlardan biri də Xalq şairi Ramiz Rövşəndir. O, Ramiz Rövşənin bir neçə hekayəsini və silsilə şeirlərini latış dilinə tərcümə edib. Ramiz Rövşənin Uldis Berzinşin vəfatı ilə bağlı yazdığı "Dost itkisi" adlı yazısı bu münasibətlərin vaxtilə dərinliyini və bu gün baş verən hadisənin qəm yükünü çox təsirli şəkildə tərənnüm edir: "Dost itkisi həmişə ağır və acı olur. Fərqi yoxdu, cavandı, ya qoca. Yaxındadı, ya uzaqda. Bu dəfə belə bir acı xəbər uzaq Latviyadan gəldi: böyük latış şairi və tərcüməçisi Uldis Berzinş vəfat edib. Uldis təkcə bizim şəxsi dostumuz deyildi. O uzun illərdən bəri ədəbiyyatımızın çox vəfalı dostu və təbliğatçısıydı. Şərqin, qərbin bir çox dillərini bilən Uldis "Quran"ı və "Dədə Qorqud"u orijinaldan latışcaya çevirmişdi. 70-ci illərin əvvəlindən başlayaraq, Rəsul Rzanın məşhur "Rənglər"indən tutmuş bizim, o vaxt hələ yazdıqları birmənalı qarşılanmayan cavan şairlərin şeirlərinəcən bir çox poetik nümunələrimiz latış oxucusuna məhz Uldisin tərcüməsində çatmışdı və bəzi şeirlərimiz hətta orda universitet dərsliklərinə salınmışdı. Uzaq 1969-cu ildən başlayan dostluğumuz boyu Uldislə Riqada, Moskvada, Bakıda çox görüşlərimiz olub. Uldis Bakını çox sevirdi, Bakıda da ən sevdiyi yer bizim Əmircandakı evimiz, həyətimiz idi. 52 il bundan əvvəl Uldis ilk dəfə Əmircana ayaq basanda bu hündürboy, saqqallı, amma bığsız adamı görüb uşaqların necə səs-səsə verib qışqırışdıqları indi də yadımdadı: "Fidel Kastro! Fidel Kastro!.. Hər üç Pribaltika respublikasının fəxri vətəndaşı olan, dünyanın bir çox məşhur universitetlərində mühazirələr oxuyan, bir neçə akademiyanın fəxri akademiki seçilən dünya miqyaslı bu şair və tərcüməçinin ürəyində Azərbaycanın xüsusi yeri var idi. Və bu uzun illər ərzində ədəbiyyatımızın təbliği üçün əvəzsiz rol oynamış bu qiymətli şəxsiyyəti bu gün kədər və hörmətlə xatırlamaq hamımızın, onu şəxsən tanıyanların da, tanımayanların da vəfa borcudu".
Uldis Berzinş üçün ədəbiyyat və dil məfhumları eyni dərəcədə əhəmiyyətli idi. O, mətnin poetik tutumunun orijinal çevirməsinə nə qədər önəm verirdisə, dil qanun-qaydalarının gözlənilməsini də bir o qədər vacib hesab edirdi. Müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"in tərcüməsi bu baxımdan çox qiymətlidir. Tərcümə zamanı ərəb dilinin sintaksisi Uldis Berzinş tərəfindən dərindən öyrənilib. Sanballı tərcümə işinin ərsəyə gəlməsi üçün hətta o, Səudiyyə Ərəbistanına, Mərakeşə, İsveçə səfər edib. 15 il ərzində ərsəyə gələn tərcümə üçün neçə-neçə alimlərlə, din mütəxəssisləri ilə görüşərək fikir mübadiləsi aparıb. Ən əsası odur ki, o, dindar olmasa da, "Quran"ı və onun insanlara vacib buyurduğu müddəaları sevir və qiymətləndirirdi. Uldis Berzinş deyirdi ki, Quranı oxuyanların sayı artsa, ədalət və sülh qaydaya çevrilər.
Uldis Berzinşin Nizami Gəncəvi yaradıcılığına böyük rəğbəti var idi. Vaxtilə Nizaminin 870 illik yubileyi ilə əlaqədar Gəncəyə səfər etmişdi. Öz xatirələrində bu səfəri xoş təəssüratlarla anırdı. Uldis Berzinş Nizami yaradıcılığının təbliği ilə bağlı fikirlərini bölüşəndə qeyd edirdi ki, sovet dövründə Nizamini orijinaldan oxumağa icazə vermirdilər, amma indi Nizaminin əsərləri Azərbaycan dilinə edilən tərcümədən əlavə, orijinaldan da oxunmalıdı.
Uldis Berzinş 2021-ci il, martın 24-də, ömrünün 77-ci baharında vəfat etdi. Azərbaycan Yazıçılar Birliyi Uldis Berzinşin vəfatından kədərləndiyini bildirdi, yaxınlarına dərin hüznlə başsağlığı verdi. Azərbaycanlı dostları Uldis Berzinşi sevgi ilə anırlar.
AMEA-nın həqiqi üzvü, professor, filologiya elmləri doktoru Rafael Hüseynov: "Uldis Azərbaycanın bəxtinə düşmüş bir ulduz idi. Bacardığı qədər işığını saçdı. Əlbəttə ki, onun əbədi gedişi çox ağrıdır. İkinci Uldis olmayacaq - bu məlum. Amma daha artıq ağrıdan odur ki, yeni Uldislərin yaranmasına ümid azdır. Uldisi bizə nəsib edən həm də epoxa idi. Artıq ayrı bir zaman qatında, başqa şərtlər axarında yaşayırıq. Müxtəlif mədəniyyətlər içində Uldislərimizin yaranması üçün ardıcıl iş görülməlidir. Özü də dövlət səviyyəsində. Sistemli, mütəmadi, səmimiyyətlə, yaxından daha əvvəl, uzaq sabahları düşünərək! Ruh adamı Uldis Berzinşin ruhu şad olsun!"
Əməkdar İncəsənət xadimi, professor Zümrüd Dadaşzadə: "Uldis Berzinş dünyasını dəyişdi. O, "Quran"ı, "Kitabi-Dədə Qorqud"u, müasir Azərbaycan poeziyasını latış dilinə çevirib. Beləliklə, Azərbaycan bayrağında əksini tapmış bütün ideyaları - islam, türkçülük və müasirlik - ifadə edib. Bu mənəviyyatsız dünyada biz öz ən sədaqətli dostumuzu itirdik..."
Şərqşünas-alim, şair Nəriman Qasımoğlu: "Allah rəhmət eləsin. Bir neçə il əvvəl Bakıda görüşdük. Azərbaycan dilində yığıncaqda çıxış edəcəkdi, məndən xahiş etdi ki, verdiyi mətni redaktə edim. Rəsmi mərasimdəki çıxışında onu da lazım bildi ki, heç gözləmədiyim halda çıxışını redaktə edəni də ayrıca təşəkkürlə qeyd etsin. Böyük insanlara xas intellekt və mədəniyyət sahibi... Ruhu şad olsun!"
Uldis Berzinşi bizlə minlərlə kilometr ayırırdı, amma onun ürəyi həm də Azərbaycanda, öz dostlarının yanında döyünürdü. Bu gün isə öz dostları onun ruhuna rəhmət oxuyurlar. Ona oxunan rəhmətlər müxtəlif dillərdə səslənir, 10-dan çox dildə. Çünki o, bu dillərlə yanaşı, həmin dillərdə danışan bir neçə yaxın insan qazanmışdı. Bu müxtəlif dillərdə oxunan rəhmətlərin hər biri bir ədəbiyyat və dil fədaisinə ünvanlanır. Bu dostları birləşdirən ədəbiyyat idi, ədəbiyyatın insanlara bəxş elədiyi duyğular idi.
Yazıçı və ədəbiyyatşünas Pərvin vaxtilə Uldis Berzinşdən müsahibə almış və o müsahibənin sonunda belə bir qeydə yer vermişdi: "Uldis Berzinş söhbətimizin sonunda özünün Olqa Peterson tərəfindən ruscaya tərcümə olunmuş şeir kitabını avtoqraf yazıb hədiyyə edir mənə. Kitabın arxasında email adresini yazandan sonra üzümə baxıb gülümsəyir. Adresin tərkibində EBA sözü var. Mənasını anlamıram. Soruşmağa macal vermədən özü izah edir:
- Mən körpə olanda anamı öz uşaq dilimdə belə çağırmışam: Eba...
Eşitdiyim cavabdan heyrətlənirəm. 20-ə yaxın dil bilən 62 yaşlı adam öz "uşaq dili"ni hələ də qoruyur. Yəqin çox bilməyin sirri budu. Təkcə oxumaq yox, həm də qorumaq!"
Uldiz Berzinş artıq anası ilə qovuşub, o artıq "Eba"nın yanındadır. Allah sizə rəhmət eləsin, ədəbiyyatımızın sadiq dostu...