Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın.
Məhz vətən sevgisini, vətənpərvərlik dəyərlərini şagirdlərə aşılamaq məqsədilə Bakı şəhəri 220 N məktəb-liseyin ibtidai sinif müəllimi Fidan Əliyeva və Türkiyə Cümhuriyyəti Bandırma ilkokul müəllimi Raziye Güneş Etwinning "Sönməyən ulduzlar" adlı layihədə birləşdilər. "Bir millət, iki dövlət" deyib iki qardaş ölkənin 19 müəlliminin iştirak etdiyi bu layihəni başladılar. Layihənin əsas məqsədi "Sönməyən ulduzlar"ımızı - vətən üçün, xalq üçün yaşayan şəxsiyyətlərimizi, qəhrəmanlarımızı, ziyalılarımızı tanıyıb-tanıtmaq, onların xatirələrini əbədiləşdirmək oldu.
İlk öncə "Tarihe iz bırakanlar" adlı başlıqla şagirdlərə iki böyük liderin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin vətənpərvərlik düşüncələri aşılandı. Bu zaman dahi liderlərin vətənpərvərlik örnəyi olan həyat və fəaliyyətləri, vətən sevgiləri, xalq üçün gördükləri işlər öyrənildi.
Tarixdə iz qoyan, xalqı üçün yaşayıb-yaradan digər şəxsiyyətlərin də vətənsevər davranışları şagirdlərə aşılandı.
Bənna öz külüngü, alim öz elmi, tarixçi üzə çıxartdığı gerçəklər, analar böyütdükləri nəcabətli övladları ilə, oğullarımız mərdliyi, qeyrəti, şair, yazıçı da qələmi ilə əsl vətəndaşdır. "Qələmləri ilə dillərə dastan olanlar" adlı başlıqla şagirdlərə vətən sevgisini öz əsərlərində əks etdirən, öz yaradıcılığı ilə aşılayan şəxsiyyətləri öyrədildi.
İlk növbədə iki ölkənin müstəqillik rəmzləri olan himnlərinin müəllifləri Əhməd Cavad və Mehmet Akif diqqət mərkəzinə gətirildi. Onların həyat və yaradıcılıqları tarix və müasirlük yönündən təqdim olundu.
Mövzuya uyğun olaraq iki ölkənin tanınmış yazıçı və şairi ilə görüş təşkil edildi. Türkiyənin tanınmış yazıçısı Metin Özdamarlar yazdığı əsərlərdə əks olunan "Vətən nədir?", "Vətən sevgisi haradan başlanır?" mövzusunu şagirdlərə çatdırdı. Azərbaycanın ünlü şairi Baba Vəziroğlu ilə "Vətən bir günəşdir, biz də zərrəsi" adlı görüş təşkil olundu. Görüşdə sevimli şair vətən sevgisini tərənnüm edən şeirlərini səsləndirdi. İki qardaş ölkənin birliyindən, şanlı qələbəmizdən, müzəffər ordumuzdan danışdı, şagirdlərin suallarını cavablandırdı.
Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu təkcə sözdə deyil, əməldə olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Mübariz, Fərid, Polad, Xudayar, Cəbrayıl kimi neçə-neçə igid oğullar canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Onlar ən uca zirvəyə yüksələrək qəlbimizdə əbədi yanan "Sönməyən ulduzlar"ımız oldular.
Layihə çərçivəsində Qarabağ və Çanaqqala şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin ən gözəl güşələrinin birində "Sönməyən ulduzlar" bağçası salındı. Layihədə iştirak edən şagirdlər ağacəkmə aksiyasında 40-a yaxın ağac əkdilər. Həm Qarabağ, həm də Çanaqqala şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edildi, onların adları yazılmış vərəqlər nümayiş olundu, hər iki dildə şəhidlik zirvəsini təcəssüm etdirən şeirlər səsləndi.
18 Mart Çanaqqala zəfərinin anım günü münasibətilə Türkiyədən göndərilən torpaqlar ağacların dibinə töküldü. Bağçanın qarşısına anım lövhəsi qoyuldu. "Sönməyən ulduzlar" bağçasının açılışına məktəbin direktoru Lətifə xanım başda olmaqla, bütün rəhbər heyət və layihə iştirakçıları qatılmışdılar.
Eyni zamanda Türkiyədə də Qarabağ şəhidlərinin xatirələrinə ağaclar əkilib, şəhidlərin qəhrəmanlıqlarından danışılıb, anım lövhəsi qoyulub.
Vətənpərvərlik özü üçün deyil, eli üçün yaşamaqdır. Yalnız bu gün üçün deyil, gələcək üçün çalışmaqdır. Bu layihədə hələ görülməli çox işlərimiz var. Öyrənməli olduğumuz çox "sönməyən ulduz"umuz var. Ancaq hər nə qədər çalışsaq da, onların etdiklərini bir layihəyə sığdırmaq mümkün deyil.
İki qardaş ölkənin iki dost məktəbinin yeni layihələrdə bir yerdə olması sevinci və arzusu ilə...
Fidan ƏLİYEVA
Bakı şəhəri 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub