Bir sıra adət-ənənələrimiz var ki, onlar tarixən xalqın ruhuna hopsa da, zaman keçdikcə başqa forma alır, öz aktuallığını itirir. Daha doğrusu, başqa forma almaqdan çox, həmin ənənəyə baxış bucağı dəyişir. Çünki cəmiyyətin düşüncəsi qeyri-sabitdir və bu baxış tərzinə təsir eləmək çox asandır. Dil, din kimi ənənələrin dəyişməsi çox ləng prosesdir, amma ictimai rəy nəinki uzun illər ərzində, hətta bir günün içində belə dəyişə bilir.
Ötən əsrə və daha əvvəllərə nəzər yetirəndə qız qaçırtmaq hadisəsi dədədən-babadan qalan bir ənənə kimi qələmə verilib. Elə bir adam tapılmaz ki, onun qohum-əqrəbasından kimsə vaxtilə qız qaçırtmasın. Müəyyən bölgələr olub ki, vaxtilə bu ənənə orada daha intensiv forma alıb. Bizim bir iş yoldaşımız deyir ki, atamgil 5 qardaşdır, toyla evlənən olmayıb, hamısı qız qaçırdıb. Bu o vaxtlar idi ki, hələ qız qaçırtmağa adam oğurluğu adı verilməmişdi.
Deyilənə görə, qız qoşulub qaçandan sonra bir-iki gün qız evində səs-küy olurmuş, sonra el ağsaqqalları yığılıb barışıq edirmiş. Bu hadisədən sonra yenidən toy edənlər də var imiş. Amma elə kişilər də olub ki, ölənə qədər barışmayıb, qəbul eləməyib.
Qız qaçırtmaq hadisəsi bir neçə səbəbdən baş verir. Əgər oğlanla qız bir-birini sevirsə, valideynlər buna razı olmursa, çıxış yolu kimi qoşulub qaçmaq qalır. Bundan başqa, oğlan imkansızdırsa, toy tədarükündən azad olmaqdan ötrü qızı götürüb qaçır. Maraqlısı odur ki, günü bu gün də, koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan bölgələrdə neçə-neçə sevgili, nişanlı qoşulub qaçıb.
Bəs niyə qız qaçırtmağa adam oğurluğu adı verildi? Məsələni qəlizləşdirən məqam isə odur ki, bəzən qarşı tərəfin iradəsinin əleyhinə bu hadisə baş verir. Belə olan təqdirdə haqqında şirin-şirin danışdığımız macəralı sevgi hekayətləri kölgədə qalır və bu hal o maraqlı tarixçələri də gözdən salır.
"Qız qaçırtmaq" ilə "Adam oğurluğu" sinonim ifadələr ola bilməz. Qız qaçırtmaq deyəndə o şirin macəralar yada düşür. Adam oğurluğu isə birbaşa zorla baş verən hadisədir. Yəni "Qız qaçırtmaq" adlandırılması şərti xarakter daşıyır, bir növ, burada məcazlıq var. Keçmişdə də nadirən olsa da, qızın iradəsi olmadan qaçırma halları baş verib, amma o vaxtın gərdişi ilə indinin gərdişi eyni deyil. Əvvəllər (bəzən indi də) kənd yerlərində qadınlar o qədər də səslərini ucalda bilmirdilər, onların hüquqları daha çox tapdanırdı. Həm də başqasının evinə gedən qızın geri qayıtması da yolverilməz idi. Eyni zamanda, el ağsaqqalının sözü qanun idi, "naçalnik" bu daxili məsələlərə qarışa bilməzdi. Amma daha elə deyil, bütün bu proseslər əksinə cərəyan edir. İndi heç kimi zorla qaçırmaq olmaz, qayda-qanuna ciddi əməl olunması hüquq-mühafizə orqanları tərəfindən tələb olunur. Eyni zamanda, əvvəlki kimi acizlik yoxdu, hamı etiraz eləməyi bacarır.
Qarşı tərəfin iradəsi əleyhinə qız qaçıranların aqibəti isə heç də yaxşı olmur. Onları 5 ildən 10 ilədək həbs gözləyir, bəzən daha çox. Hətta qaçırdıqları qız evlənir, oğul-uşaq sahibi olur, amma onlar hələ də qazamatda olurlar. Təkcə qızı zorla qaçıran şəxs yox, ona bu işdə kömək edən hər kəs həbs edilir. Əslində, cinayət məcəlləsinə əsasən zorla qız qaçırtmaq özündə iki məsuliyyəti ehtiva edir: adam oğurluğu və qanunsuz azadlıqdan məhrumetmə. Bəs bu böyük təhlükəni, bu hadisəni ört-basdır etməyin mümkünsüzlüyünü bilə-bilə niyə bu əmələ əl atırlar? İki cavabı var: ya divanəlik səviyyəsinə çatmış sevgi, ya da manyaklıq. Manyaklarla işim yoxdur, nə olursa, haqq olur. Amma sevgisinin ucbatından "əqlindən cüda düşənlər"in işi qəlizdir. Füzuli demiş, "Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?"
Elə zənn eləməyin ki, insan iradəsinin əleyhinə qız qaçırdanları müdafiə edirəm. Qətiyyən! Amma gəlin məsələnin dərinliyinə gedək. Ağlı kəsib nağıllarla, dastanlarla tanış olan hər kəs eşidir ki, Koroğlu Nigarı qaçırır, Qaçaq Nəbi Həcəri qaçırır, "Abbas və Gülgəz"də də qoşulub qaçma əhvalatı var. Digər tərəfdən, yenə də baxırlar ki, Məcnun eşq dərdindən dəli olur, axırda ölür, yəni sevdiyini qaçırmayanlar, vüsala çatmayanlar da belə olur. Bu hal artıq alt şüurumuza yeriyib. Həm də, sevgi Ümumdünya Səhiyyə Təşkilatında "psixi xəstəliklər siyahısı"na əlavə edilib. Təbii ki, bunu bütün bu tip hadisələrə aid eləmək olmaz. Çox yaxşı olar ki, hər bir məsələyə xüsusi yanaşılsın və əgər mümkündürsə humanist addımlar atılsın. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək, həqiqətən, sevginin törətdiyi "fəsadlar"ın cəzasını bir az yüngülləşdirmək və bir müddət sonra əfv etmək olar. Gərək bu məsələdə qarşı tərəf də insaflı davransın. Əgər qızın sağlamlığına, şərəf və ləyaqətinə zidd bir əməl törədilməyibsə, bağışlamaq mümkündür, hər halda.
Bu məsələləri həll etmək, bu tip problemlərin səbəblərini araşdırıb aradan qaldırmaq bir başa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşür. Təkcə mərkəzdə deyil, ucqar dağ kəndlərindən tutmuş, rayonlara qədər bütün təhsil ocaqlarında uşaqlarla bu barədə mütəmadi seminarlar təşkil olunmalıdır. Bu seminarlar dərs qədər zəruri və məcburi olmalıdır. Nəinki uşaqlarla, hətta valideynlərlə də tez-tez görüşlər təşkil olunmalıdır. Bu məsələyə Təhsil Nazirliyinin də nəzarəti mütləqdir. Müəllimlərin həm də əsl psixoloq kimi formalaşması vacibdir. Azyaşlılar gününün çox hissəsini təhsil müəssisəsində keçirir. Müəllimlərdən əlavə, hər bir təhsil ocağında psixoloq fəaliyyət göstərir. Müşahidələr göstərir ki, təhsil ocaqlarının bəzilərində psixoloqlar öz vəzifələrini düzgün icra etmir, vəzifə öhdəliklərindən yayınır. Bunun qarşısı alınmalı, hər bir şagirdə xüsusi yanaşılmalıdır. Kapitalizm cəmiyyətin düşüncə, yaşam tərzinə mənfi təsir göstərir, çünki hamı yaşamaq üçün tələbatlarını qarşılamağa çalışır. Digər məsələlər - ideoloji saflaşma kölgədə qalır. Bu məsələlərdə məsuliyyət daşıyan qurumlar lazımi tədbirlər həyata keçirsə, cəmiyyəti narahat edən bir çox məsələ həll oluna bilər.
Amma hər iki tərəf bir-birini sevirsə və qarşılarında maneələr varsa, onlar bu maneələri dəf edəcək qədər cəsur olmalıdılar. Çünki insan ömrü o qədər də uzun deyil.