Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 525.az-a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində martın 11-dən aprelin 2-dək Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə "Abşeron Agro 2020" MMC, “Aqro az”, “Qızıl Nohur”, “EKO-food” MMC, “A-K GROUP” MMC, “Botanik-2016” MMC, “Green World” MMC, “Abşeron kəndli fermer təsərrüfatı” MMC, “AZ-Roza” MMC, “Agro red” MMC-də və Taleh Eyvazov, Qönçə Salmanova, Elxan Salmanzadə, Müsbət Həsənov, Vidadi Qurbanov, Tahir Hüseyinov, Kəmalə Bayramova, Mətin Əmirov, Ələmdar Babayev, Əli Yusifov, İlqar Məşədiyev, Mirzə Məmmədov və Kəramət Rüstəmova məxsus pomidor yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda, götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.